Xırdalan, 30 mart, AZƏRTAC
Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının peşə bayramı günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Əvvəlcə MTN Abşeron rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələrə baxış olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə MTN Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov məruzə ilə çıxış edib. Qeyd olunub ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçib, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş terror-təxribat və kəşfiyyat-pozuculuq cəhdlərinin qarşısını qətiyyətlə alınıb, bu gün regionun lider dövləti olan müstəqil respublikamızın mühüm dövlət strukturuna çevrilib. Keçmiş kommunist rejiminin ilk dövrlərində cəza maşını funksiyasını yerinə yetirən komitədə milli ruhlu, Vətən qeyrətli oğulların da çalışdığına diqqət çəkən şöbə rəisi, 1956-1965-ci illərdə ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi zamanı həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və maraqları mühafizə edən struktura çevrildiyini, burada çalışan milli kadrların sayının qısa müddətdə əhəmiyyətli dərəcədə artırıldığını xüsusi qeyd etdi.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin diqqət və qayğısı nəticəsində nazirlik müstəqil dövlətçiliyimizi qoruyan mühüm struktura çevrilib.
Qeyd olunub ki, bu gün MTN Abşeron rayon şöbəsinin əməkdaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlətçiliyimizin mühafizəsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışırlar.
Tədbirdə çıxış edən xüsusi xidmət orqanlarının veteranları, rayon ictimaiyyətinin nümayəndələri nazirliyin əməkdaşlarını MTN-nin 96 illiyi və Novruz bayramı münasibətilə təbrik edərək şərəfli işlərində uğurlar arzulayıblar.
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 96 illiyi Abşeron rayonunda qeyd olunub