Bu gün Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə "BİTKol+OM" MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqaviləni BİTKol-un direktoru Varis Allahverdiyev və "BİTKol+OM" MMC-nin direktoru Oqtay İmaməliyev imzalayıblar. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.

Kollecdən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə bəzi orta ixtisas təhsil müəssisələrinin direktorları, təhsil nazirliyinin nümayəndəsi və kollecin kollektivi iştirak edib.

BİTKol-un direktoru Varis Allahverdiyev bildirib ki, mövcud qanunvericilik çərçivəsində, Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarından çıxış edərək, birgə fəaliyyət formatı seçilib: "İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq, tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, tələbələrimizə bu müddət ərzində təcrübəni də yerindəcə öyrətməyi, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı da emalatxanamız var. Bu il kollecə verilən "Poliqrafiya istehsalının texnologiyası" sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisna olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür mükəmməl baza yaratmaqdır. Yəni, tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir".

"BİTKol+OM" MMC-nin direktoru Oqtay İmaməliyev göstərilən etimada görə Təhsil Nazirliyinə, kollecin rəhbərliyinə minnətdarlığını bildirərək qeyd edib ki, birgə müəssisənin müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görüləcək. Direktor qeyd edib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların iş yerləri ilə təmin olunmasına, nəhayət, vətəndaşların bir qisminin sosial rifahının yaxşılaşmasına xidmət edəcək.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov isə mümkün normativ hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılması ilə bağlı mühüm işlər getdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu işlərin miqyası çox geniş olduğundan, gələcəkdə təkcə birgə fəaliyyətin deyil, orta ixtisas məktəbləri ilə sənaye müəssisələrinin birgə müəssisəsinin yaradılmasının da şahidi olacağıq.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucov da çıxış edərək öz fikirlərini bildiriblər.

Mərasimdən sonra qonaqlar kollecdəki şəraitlə, həmçinin birgə fəaliyyət üçün yaradılan poliqrafiya bazası ilə yaxından tanış olublar.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində