Azərbaycan Prezidenti İlham Əliyev bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam edir. Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksanın İsrail tərəfindən ibadətə bağlanılmasına Türkiyədə sərt reaksiya verilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo ölkəsinin Rusiya ilə bağlı hədəfinin açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bunu jurnalistlərə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Prezident Donald Tramp ABŞ-ın Ankaradakı səfiri Con Bassı Əfqanıstanın Kabil şəhərindəki səfirliyinə göndərmək üçün Türkiyədən geri çağırıb. Konqresində prezidentin təyin etdiyi yeni səfirlərin siyahısı açıqlanıb.
Açıqlamada hələ də Ankarada vəzifədə olan səfir Con Bassın Kabilə göndərilməsi üçün sadəcə Senatın təsdiqinin lazım olduğu bildirilib. Lakin Ankaraya da yeni ABŞ səfirinin kimliyi açıqlanmayıb.
Digər tərəfdən Xarici İşləri Nazirliyinin əvvəlki spikeri Con Kirbay Trampın bu qərarını tənqid edərək, Con Bassın Əfqanıstana göndərilməsinə etiraz edib.
Almaniya Türkiyəyə qarşı silah və ehtiyyat hissələrinin ixracının dayandırılması ilə bağlı sanksiya tətbiq edib. Almaniya ilk növbədə hərbi iş birliklərini dondurub, silah və hərbi avadanlıqların satışını təxirə salıb.
NATO Rusiyanın “Qərb-2017” təlimini diqqətlə izləyəcək. Bunu “Röyter” agentliyinə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri general-leytenant Ben Xoces söyləyib.
“Əsas qorxu bu təlim sayəsində Belarusda “Troya atı”nın yaradılmasıdır. Biz qorxuruq ki, Rusiya Belarusda digər əməliyyatlar üçün ordu saxlasın. Rusiya deyir ki, bu, sadəcə təlimdir. Təlimdən sonra isə bütün qüvvələr başqa istiqamətə yerləşdiriləcək”, – deyə o bildirib.
ABŞ və Rusiyanın Suriyada maraqları ortaq deyil. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.
“Hər şey çox çətindir. Biz rusların böyük nüvə arsenalının olduğu və Suriyada möhkəmləndiyi dünyada yaşayırıq. Amerikaya elə xoş olmayan şeylər yaşatmaq çox xoşlarına gəlir. Məncə onlar elə yerlər axtarır ki, bizim həyatımızı çətinləşdirsinlər. ABŞ-ın birinci məqsədi Rusiya ekspansiyasına mane olmaqdır”, - deyə o bildirib.
“Əgər İraqda şiələr və sünnilərin arasında parçalanma qalarsa, bu, yeni İŞİD-in yaranmasına gətirib çıxaracaq”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində İraqın vitse-prezidenti Nuri əl-Maliki deyib.
“Sünnilər və şiələrin arasında parçalanma qalır. Sünnilər və şiələr özləri üçün dövlət yaratmağı planlaşdırırlar. Əgər indiki vəziyyət qalarsa, nəticədə yeni ideyalar və bayraqlarla yeni İŞİD-in yaranmasına gətirib çıxaracaq. Kürdüstanda və ölkənin qərbində ölkənin bölünməsi ilə bağlı çağırışlar səslənir”, - o bildirib.
Nuri əl-Maliki həmçinin Türkiyəyə qarşı ittihamlar səsləndirib.
“Mosulu və digər İraq şəhərlərini idarə etmək Ankaranın arzusudur. Bu, Türkiyənin arzusu, ambisiyalarıdır. Lakin onlar arzularını həyata keçirmək üçün çox zəifdir. Rəcəb Tayyib Ərdoğanın İraqa ziyarəti zamanı ona bildirdim ki, Türkiyə səfiri özünü Osmanlı elçisi kimi aparır. Onlar yeni səfir göndərdilər. Yeni səfir də özünü eyni şəkildə apardı. Türklər özlərini elə aparırlar ki, elə bil İraq hələ də Osmanlı imperiyasının idarəsi altındadır”.
Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam edir. İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.