"Qız yükü, duz yükü" dür deyə-deyə...

Onu da qoruya bilmədik... Birinin arzusu olmadan dünyaya gəldiyi üçün onu da itirdik, həm də işgəncəylə.. Bədəninə iynə doldurularaq.. Dərin quyuya atılaraq... Aman Allahım, təsəvvür etmək belə öldürür insanı, o iynələr balaca bədəninə batarkən hansı ağrıları keçirib körpə.. o quyuya atılarkən hansı əzabları çəkib mələyimiz... O an heçmi olmadı insanlıq duyğusu ki, mane ola, qıymaya mələyə...

9 ay etibarlı əllərdə, anasının bətnində yaşadı. İlk ürək döyüntüləri, balaca barmaqları, ayaqları, kiçicik ürəyi yarandı, hiss etməyə başladı anasının sevgisini... Bəlkə də elə o vaxtdan duymuşdu "nənə"sinin onu istəmədiyini.. Özündən əvvəl soyuq alətlərlə doğranan bacılarından fərqli olaraq dünyaya gəlmişdi, yaşamağı bacarmışdı, anasının, atasının ürəyini ələ ala bilmişdi, o dünyaya gəlmişdi, yaşamaq üçün, böyümək üçün, məktəbə getmək üçün və..

Allahım, o balaca mələyi öldürərkən niyə sındırmadın o caninin barmaqlarını.. Axı dünyada heç bir canlıya vermədiyin ağıl, dərrakəni insanlara verdin, niyə insanlar getdikcə nankorlaşır, vəhşiləşir.. Öz nəvəsinə, günahsız mələyə qıyarkən sonunda nəyi qazanıb nəyi itirəcəyini heçmi düşünmədi bu zalım məxluq!

Biz hələ illər öncə erməni dığalarının vəhşiliklə öldürdüyü körpələrin acısıyla yaşayarkən, ötən il yanğında ölən mələklərimizin acısıyla yanarkən, Zəhramızın ağrısını bağrımızda daşıyarkən, zorlanmış körpə balaların taleyinin dəhşəti içindəykən, 6 günlük bir körpənin qarşılaşdığı faciəylə də sarsılırıq. Axı nə baş verir?! Niyə?! Biz dünyaya car çəkərkən ki, Zəhramıza düşmənlər qıydı, sapı özümüzdən olan baltalarla niyə vuruluruq?!. Axı ölən hər körpə bizim körpəmizdir. Onlar günahsız mələklərdir, köməyə, qayğıya möhtacdır. Nə olacaq bundan sonra Allah bilir. Qızlarımız ərə gedib ana olarkən qızlarının dünyaya gəlməsini istəməyən qaynanalardan qorxacaq, analar körpələrini küçəyə, məktəbə göndərməyə qorxacaq. Bunlar dəhşətdir....

Bu ölkədə qanun sərtləşməlidir, lap ölüm hökmü olsun deyərdim. Elə bir ölüm ki, onu görənlər başqalarının canına qıymağın nə olduğunu anlasın. Müəyyən cərimələrlə, cəzayla canını qurtaranlar o günahı bir də edəcək, o vəhşiliyi bir də törədəcək..

Keçən dəfə iti maşına bağlayıb sürüyən gəncləri gördükcə içim yandı. Azərbaycan gəncləri niyə belə etsin ki.. Hər şey bundan başlamırmı, canlını qəddarlıqla sürüyən insan sabah kim bilir nələr edəcək.. Və bunun cəzası müəyyən pul məbləğidirsə...

Psixi xəstəliyi olduğu üçün bir dəfə uşaq zorlayan birini bir neçə gün saxlayıb azadlığa buraxanda sabah başqa uşağın da həyatıyla oynamayacağından əminiydikmi.. Yoxmu bir aidiyyatı orqan ki, nəzarət etsin bu cür "manyak"lara.

Qanundakı boşluğu doldurmalıyıq, cərimələr hələ çıxış yolu deyil, maarifləndirmə işləri aparılmalıdır. Yeri gəlsə illərdir beyinləri qurd kimi yeyən adət-ənələrimizi, atalar sözlərimizi də dəyişməliyik..

Ailə kiçik cəmiyyətdir. Ailənin təməli qurulduğu gün yenicə addımlarını atan gənclərin qulaqlarından sırğa kimi asılan "anam, bacım qız gəlin, əl ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin" misalı, sonradan eşitdikləri, "qız yükü duz yükü", qızları olduqdan sonra da "qızın oldu qırmızı donunu çıxart" misalı, hətta , birinin qızı olanda sanki başsağlığı verirmiş kimi, canın sağ olsun, eybi yox, oğlu da olar kimi təsəlliverici sözlər korlamırmı beyinləri.Və abortlar və sonrakı cinayətlər...

Məyər qız olmaq günahmı.. Axı valideynlərin canı yanarkən ona qaçan ilk qız övladı olur, oğlanı da dünyaya qadınlar gətirir. Qız olmağın pis tərəfi nədir ki, evin şirinliyidir uşaqkən, gözəllikdir, sonra oxuyub gözəl sənət sahibi olmaqdır, ağ gəlinlik geyib bir evin xoşbəxtliyi olmaqdır, sonra anadır, həyat yoldaşıdır. Sevginin, inamın olduğu yerdə gözəl də peşə sahibidir. Qadın kişilərin əksəriyyətinin bacarmadıqlarını bacaran zərif və güclüdür, cənnətin qapılarının açarıdır, ömrünün sonunadək of demədən, qarşılıq gözləmədən çalışandır, ailəsi üçün, uşaqları üçün..

 Heyf ki onlar böyümədi, qoruya bilmədik.. Onların ruhu narahatdır, çünki hər gün onlara yoldaşlar gedir, kimisi zorakılığın qurbanı olur, kimisi yol terrorrunun, kimisi düşmən gülləsinin, kimisi siyasət oyunlarının, kimisi də doğmalarının iynələrinin..

Vüsalə Qələndərli



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR