Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"

Qurban Qurbanov: "Bu gün Əfan komandaya faydalı oyunçudur"
22:52 19 Avqust 2017
320 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 avqust. REPORT.AZ/ "Bizim üçün vacib oyun idi. Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odur ki, 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiniz?
- Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərləri isə oyunun gedişinə uyğun olaraq etdim.
- Sizcə, bu oyun daha çətin idi, yoxsa “Kopenhagen”lə?
- Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə yaxşı oynadıq. Düzdür, daha yaxşı ola bilərdi.
- Yakub Jezniçakın ilk “23”-lükdə olmamasının səbəbi nə idi?
- Ansi Aqolli ilə Yakub Jezniçaka tam istirahət vermişdim.
- Komanda oyunun gedişində üçlü müdafiəyə keçmişdi...
- Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.
- Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?
- Qapıçıların təcrübə toplamaları əsasdır. Çalışacağam ki, ikisinə də şans verim.
- Düşünmürsünüz ki, Əfran İsmayılov bugünkü qolla özünə gəldi?
- Bilmirəm, Əfranı kim tənqid edir. Onlar nədən narazıdılar? Bizdə bu, dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üzərinə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bundan sonra iki-üç ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalıdır deyə burdadır. Açığı, mən sosial şəbəkələrə girmirəm. Yəqin ki, bu sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudur. Keçən mövsümdə bizim üçün bir neçə faydalı qollar vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.
- Mahir Mədətov son vaxtlar formadadır. Onun mətbuatın gündəmində olması sizi narahat etmir?
- Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədir ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə oyunda qol vurduqdan sonra həminkinin 50 faizini oynamadı. Buna görə, gənc oyunçularımızın bu cür reklam olunmasına qarşıyam. Bu cür şeylərin həddi var. Elə ola bilər ki, mən də onlarla fərdi söhbətlərdən yorulum.
- Ola bilər ki, vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadə qadağa edilsin?
- Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağan etmişəm. Ancaq buna nəzarət etmək çox çətindir. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.
- “Kopenhagen”in stadionu “Parken”dəki atmosfer sizi qorxutmur?
- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. İlk dəfə deyil ki, belə stadionda oynayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələ ilə bağlı futbolçularla danışacağam.
- İlk dəfədir ki, Azərbaycan klubu ÇL-in bir addımlığındadır. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
- Psixoloji amil əsasdır. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR