ABŞ Federal Ehtiyat Sistemi (FED) yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək?

Metbuat.az bildirir ki, bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirir ki, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün dolların ucuzlaşmasında maraqlıdır:

“Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq, bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər”.

Dollar Manat Valyuta Avro İqtisadi xəbər