Bu gün Bakının işğaldan azad edildiyi gündür.

Metbuat.az-ın məlumatına görə, 1918-ci ilin məhz bu günü, 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya gələrək şəhəri erməni-bolşevik işğalından azad edib. 99 il əvvəl baş verən bu hadisə nəticəsində həm ölkəmizin müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bu, Azərbaycan tarixinin ən şərəfli, qürurverici günlərindən biridir. Çünki Azərbaycanın müstəqilliyi 1918-ci ilin 28 mayında elan olunsa da, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Bu isə ərazi bütövlüyümüzü təmin etmək üçün yetərli deyildi. Belə çətin bir zamanda qardaş Türkiyə Nuru Paşanın komandanlığı ilə ordusunu Azərbaycana göndərib. Qafqaz İslam Ordusu möhtəşəm qələbə ilə Bakını işğaldan azad edib.

Bununla da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edib. Bu hadisədən iki gün sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb. Bakımızın işğaldan azad edilməsi böyük təntənə ilə qeyd edilib. Bu, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının daha da dərinləşməsinə zəmin yaradıb.

Bakının azad olunması üçün aparılan hərbi əməliyyatlar zamanı Osmanlı ordusu 1130 şəhid verib. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin önündə anma mərasimi keçirilir.

Günay Elşadqızı \ METBUAT.AZ

Şimali Koreya raket atdı, yaponlar sığınacaqlardadır... - Müharibə başlaya bilər... - OXUMAQ ÜÇÜN TIKLA