Bu gün səhər saatlarından Şimali İraqda müstəqillik referendumu başlayıb.
Metbuat.az-ın məlumatına görə, referendum 12 saat davam edəcək. 5,2 milyon seçicinin iştirak edəcəyi səsvermədə dörd dildən istifadə olunur – kürtçə, türkcə, ərəb və süryanicə. Süleymaniyə 1 milyon 280 min seçici ilə ilk sırada yer alır. Ərbildə 1 milyon 200 min, Kərkükdə təxminən 750 min seçici var.
Səsvermə davam etdiyi zamanda mətbuat konfransı keçirən Şimali Kürdüstanın baş naziri Neçirvan Bərzani deyib: “Bu gün referendum keçirməyimiz sabah müstəqillik elan edəcəyimiz mənasına gəlmir. Bu, Türkiyə üçün əsla təhdid deyil. Refendum sərhədləri müəyyən etmək üçün deyil. Türkiyənin bizi anlamağını gözləyirik”.
“Reuters”in xəbərinə görə, referendum nəticələrinin 72 saatda açıqlanacağı gözlənilir.
Bütün təhdid və tələblərə baxmayaraq, Şimali Kürdüstan lideri referendumda israrlı oldu və səhər saatlarından da seçkilər davam edir. Maraqlıdır hadisələrin gedişatı bundan sonra necə olacaq?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, Türkiyə bu məsələdə axıra qədər səbrli davranıb: “Türkiyə axıra qədər çalışır ki, beynəlxalq hüquq normalarına əməl etsin. Referendum Türkiyənin başı üzərində qurulan oyundur. Türkiyə də başı üzərində qurulan oyunların qarşısını almaq üçün cəhd etdi. Hər halda bu günlərdə hadisələrin gedişi Türkiyənin hansı addım atacağından asılıdır. Ola bilsin ki, kifayət qədər ciddi proseslər başlansın. Hansı addımın atılacağını zaman göstərəcək. Bəri başdan, elə olacaq, belə olacaq demək sadəlövhlükdür”.
Millət vəkilinin sözlərinə görə, bu məsələdə İraqla Türkiyənin mövqeyi eyni olacaq: “İraq özünün parçalanmasını istəməz. Onsuz da kifayət qədər problemli dövlətdir. Bunlar da ölkə daxilində bir vətəndaş müharibəsinə rəvac verir. Çox çətin durumdur, onsuz da od-alov içərisində olan Yaxın Şərqə yenə də mənfur caynaqlar uzanıb. Bu prosesi gücləndirməklə oradakı hadisələrin yeni mərhələsinin başlanmasına rəvac verirlər. Təbii ki, bu, Bərzaninin fikri ilə qurulan proseslər deyil, arxasında duran siyasi qüvvələr var. Nəticədə buna regionu yenidən od-alova çevirməyin yeni forması, mərhələsi kimi görürlər. Güman edirəm ki, Türkiyənin bu prosesə cəlb olunması üçün kifayət qədər cəhdlər olundu. İndi Türkiyə təbii ki, özünün bir dövlət, xalq, millət kimi siyasi-mənəvi mənafelərinə sadiq olacaq”.
Günay Elşadqızı \ METBUAT.AZ
Bərzanidən son dəqiqə açıqlaması - "Bu, sabah müstəqillik edəcəyimiz..." - OXUMAQ ÜÇÜN TIKLA |