Qətər, Şimali İraq Kürd muxtariyyətinin keçirdiyi müstəqillik referendumu ilə bağlı açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, Qətər Xarici İşlər Nazirliyinin səlahiyyətlisi ölkənin rəsmi xəbər agentliyi QNA-ya açıqlamasında narahatlığını dilə gətirib: “Bağdad hökumətinin razılığı olmadan Şimali İraq Kürd muxtariyyətinin keçirdiyi referendumdan böyük narahatlıq keçiririk. Referendum İraqda mənfi hadisələrə, xalq arasında anlaşılmazlığa və ölkənin bölünməsinə səbəb olmamalıdır”.
XİN rəsmisi referendumun İraqın birlik və təhlükəsizliyi üçün terrora qarşı mübarizə aparmağa çalışdığı bir vaxtda keçirilməsinə diqqət çəkib: “Qətər, İraq xalqının və ərazi bütövlüyünün tərəfində olduğunu bir daha vurğulayır”.
İraqın bütövlüyünə qarşı yaranan təhdidin bütün bölgə üçün təhlükəli olduğunu deyən XİN rəsmisi, tərəfləri konstruktiv dialoq və anlaşılmazlıq olan bütün məsələlərin həll edilməsinə çağırıb.
Günay Elşadqızı \ METBUAT.AZ
Ukraynada güclü partlayış - 20 min əhali evakuasiya edildi - OXUMAQ ÜÇÜN TIKLA |