“Bu iki dövlətin qarşı-qarşıya olması bütün dünya üçün təhlükədir"

ABŞ və Şimali Koreya arasında böyük gərginlik davam edir.

Bir-birlərini təhdid edən ölkələr arasında demək olar hər gün yeni bir gərginlik yaşanır. Son günlər isə Şimali Koreyanın “ABŞ bizə müharibə elan edib”, Pentaqonun da “müharibəyə hazırıq” deməsi yeni savaş təhlükəsi yaradıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, hazırda ABŞ-la Şimali Koreya arasında psixoloji müharibə mərhələsi yaşanır:


“Amerika iqtisadi sanksiyalarla, psixoloji-hərbi təzyiqlərlə Şimali Koreyanı nüvə raketlərinin hazırlanması layihəsindən tamamilə imtina etməyə məcbur etdirmək istəyir. Ancaq Şimali Koreya bu layihədən imtina edəcək kimi görünmür. Artıq hidrogen bombasının hazırlanması və bunun sınaqdan keçirilməsi də göstərdi ki, vəziyyət daha təhlükəli bir mərhələyə çatıb. Ancaq ABŞ bu gün Koreyaya hərbi müdaxilə etməkdən də müəyyən mənada çəkinir. Əvvəla ona görə ki, ABŞ-ın müttəfiqləri olan Cənubi Koreya və Yaponiya kimi ölkələr Şimali Koreyaya yaxın bölgədə yerləşirlər. Əgər müharibə başlasa, həmin ölkələrin də çox ciddi itkilərə məruz qalacağı təhlükəsi var. Və təbii ki, bu təhlükə qarşısında həm Cənubi Koreya, həm də Yaponiya belə müharibənin başlamağını istəmirlər. ABŞ-ı çəkindirən digər məqam artıq nüvə başlıqlarının Şimali Koreyada varlığı və bunun raketlər vasitəsilə istifsadə edilə biləcəyi təhlükəsidir. Çünki artıq sübut olunub ki, Şimali Koreya istənilən zaman ABŞ-ın müəyyən şəhərlərini çox asanlıqla vura bilər.

Üçüncü məqam isə budur - ABŞ əmindir ki, bütün bu məsələlərin arxasında Şimali Koreya durmur. Şimali Koreyanı bu addımları atmağa qızışdıran Rusiya və Çin kimi regional dünya gücləri var. Belə müharibənin başlayacağı təqdirdə bu ölkələrin necə addım atacağı da ABŞ üçün çəkindirici məqamdır. Çox ciddi psixoloji savaş gedir və bunun sonunda hansı addımların atılacağını proqnozlaşdırmaq çox çətindir. Demək olar ki, regionda hər an böyük savaş çıxa bilər ki, bu da nəinki region üçün, ümumilikdə qlobal təhlükə törədə bilər.

Buna baxmayaraq, Şimali Koreyaya arxa pərdədən dəstək verən dünya gücləri bu prosesin arxasından çəkilmirlər. Dəstək verməklə ABŞ-ı geri çəkdirmək və bütövlükdə dünya gücü iddiasından vaz keçirmək istəyirlər. Hələ ki, ABŞ-ın bu siyasətdən geri çəkiləcəyi hiss olunmur. Tramp administrasiyanın müdafiə naziri Ceyms Mettis çox radikal xarakterli generaldır. Şimali Koreyaya hərbi müdaxiləni hər an masa üzərində saxlayır. Bütün bu kritik vəziyyətə rəğmən, çox təəssüf ki, nədənsə tərəflər arasında ciddi mənada hər hansı dialoq getmir. Yalnız müəyyən beynəlxalq tribunalardan istifadə etməklə bir-birlərini təhdid edirlər ki, bu da sözün həqiqi mənasında böyük savaşın yaranmağına gətirib çıxara bilər. Bu cür dövlətlərin qarşı-qarşıya olması bütün dünyanı təhlükə altına qoyur.

Günay Elşadqızı \ METBUAT.AZ

Baş Prokurorluq baş redaktora xəbərdarlıq etdi - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı