Bu gün Topaz Premyer Liqasında VII tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 duel reallaşacaq.

Açılış matçında Bakı təmsilçiləri münasibətlərinə aydınlıq gətirəcək. Ardıcıl 3 görüşdə yenilgi acısı dadan "Neftçi" ötən mövsümdən qalan 8 oyunluq qələbəsizlik seriyasına "İnter Arena"da son qoymağa çalışacaq. Təbii, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Zaur Svanadzenin yetirmələri "ağ-qaralar"a boyun əymək haqda düşünmür. Heyətindəki futbolçu çatışmazlığına və məlum maddi problemlərə rəğmən, "ağ-göylər" derbidə sevinən tərəf olmağı hədəfləyib.



Digər görüş Qəbələdə baş tutacaq. “Kəpəz”in stadionunda təmir getdiyindən gəncəlilər bu dəfə “Qəbələ”nin qonağı olacaq. Ardıcıl 3 dəfə məğlubiyyətə üzülən Şahin Diniyevin yetirmələri "qara zolaq"dan çıxmaq naminə bacardığını edəcək. Bu başqa məsələ ki, "qırmızı-qaralar" mövsümə gözləniləndən zəif başlayan qərblilərə xal verməyi ağlından keçirmir. Mümkün qələbənin "Qəbələ"ni turnir cədvəlinin azı 1 günlük liderinə çevirəcəyi də bəlli məqamdı.

Topaz Premyer Liqası

VII tur

29 sentyabr


16:00. “İnter” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əli Hüseynov

“İnter Arena”

18:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu



Fanat.Az