Gəncə Şəhəri Baş Polis İdarəsindən "Report"a verilən xəbərə görə, bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılmışdır. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada öz dini ayinlərini icra etmişlər.
Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstərmişlər. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşmiş, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranmışdır.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət etmişlər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranmışdır. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınmış, asayiş tam bərpa edilmiş, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra etmişlər.
Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.