Fəlsəfənin 5 sualı - Dünyanı necə dərk edirik?

Dünya fəlsəfəsinin insana yanaşma meyarları həmişə tədqiqatın əsas istiqamətlərindən olub. Fəlsəfə ilə bağlı klassik baxışları inkar edən məntiqçi pozitivizmin nümayəndələri yeni dünya münasibətlərinin inkişafı ilə fəlsəfənin beş başlıca sualını müəyyənləşdirdilər və ilk dəfə fəlsəfə tarixi dövrləşdirilərək suallar qoyulması ilə yekunlaşdı. Rudolf Karnap fəlsəfəni öyrənmək üçün hansısa cərəyana diqqət ayırmadan öncə onu dövrləşdirmənin vacibliyindən bəhs edirdi. Beləliklə, fəlsəfə 5 sual dövrünə ayrılaraq özünün fəaliyyət meyarlarını yəqin etdi: 1) İlkin dünyagörüşün və mifik təsəvvürlərin idealı nə idi? 2) Yaradılışda və tərəqqidə qaynaq və səbəb nədir? 3) İnsanı digər canlılardan fərqləndirən ancaq şüurdurmu? 4) Dünyanı necə dərk edirik? 5) Nəticəni formalaşdıran təsadüf, yoxsa zərurətdir?

İllər boyu şüur insanın ən başlıca keyfiyyəti hesab olunurdu. Pisixoanalitikaya qədər bütün psixoqlar və filosoflar insanda şüur halını ən önəmli keyfiyyət hesab edirdi. İnsanın şüurdan kənar beyin yönəlmələrini qəbul edən Freyd və bütün neofreydistlər bu baxışları sarsıtmağa nail olsa da, fəlsəfədə insan və azadlıq problematikası çoxdan qaldırılmış və müzakirəyə çıxarılmışdı. Antik Yunan fəlsəfəsində Sokratdan tutmuş, sxolastika dövrünə qədər azadlıq anlayışının fəlsəfi mahiyyəti müzakirələr yaradırdı. Nəticədə fəlsəfədə ekzistensializm yarandı və ədəbiyyata, texniki elmlərə, sənaye dirçəlişinə kimi geniş sahələrə yayıldı. Latın dilindən “ekzistensiya”- “varlıq” kimi tərcümə olunur. 20-ci əsrdə bütün fəlsəfə tarixi külliyatının dəqiq bir mövqe qoya bilməməsi qənaəti nəticəsində yarandı ekzistensializm.

Ekzistensiya ifadəsini ilk dəfə istifadə edən Kierkeqor varlıq deyəndə bizim düşündüyümüz adi insanı deyil, bütün real həyat şəraitinin diqtələrindən arınmış müstəqil insanı nəzərdə tuturdu. Azadlıq insana başqaları tərəfindən verilmir, o, insanın öz meylidir, buna görə, kiminsə başqasının azadlığının sərhədləri ilə bağlı nəsə diqtə etməyə mənəvi haqqı yoxdur. Bu gün bizim çox sevdiyimiz anlayış olan “azadlığın sərhədləri” ilə bağlı ekzsitensialistlər dəqiq bir istinad qoymasa da, sərbəstliyin ruhi vəziyyətini də onlardan daha aktual izah edənlər olmayıb təəsüf ki.

Beləliklə, eksitensializm insanın azadlıq haqqında baxışlara olan təbii ehtiyacından formalaşaraq “insan azadlıqdan başqa bir şey deyildir”, və ya “azadlığın ali nöqtəsi insandır” tezislərini qlobal şüura bəxş etdi.

Alman ekzistensializminin görkəmli nümayəndəsi Martin Haydegger Badenli idi. Frayburq Universitetində “Katolisizm və Xristianlıq fəlsəfəsi” ixtisası üzrə təhsil alsa da, doktorluq işi “psixologiyada məhkum etmə”dən bəhs edirdi. “Varlıq və Zaman” əsəri dərc olunduqdan sonra bütün dünyada səs-küyə səbəb oldu. Haydegger bütün Qərb fəlsəfəsini metafizik olduğu üçün tənqid edirdi. Amma burada bir incə məqama diqqət edək, Haydeggerin dediyi Qərb filosoflarının metafizikadan asılı olmağı deyildi, o, ümumiyyətlə fəlsəfənin ancaq metafizik təsdiq və inkarla məşğul olmasını, Allahın varlığı və yoxluğu diskussiyalarının aparılmağının əleyhinə idi. Onun bu tezisləri sonradan postmodernizmin ortaya çıxmağı ilə başqa bir görüntü aldı. Haydeggerin ən böyük yanlışlığı 1933-cü ildə nasistlərin partiyasına qatılmağı oldu, sonralar siyasi seçimləri onun fəlsəfi tezislərinə qeyri-ciddi yanaşmağa səbəb oldu.

Haydeggerdən fərqli olaraq, Yaspers Kantın fəlsəfəsini sevirdi və Kantçı düşüncəni varlığın öyrənilməsinə uyğunlaşdırmağa çalışırdı. Vicdan və insafın azadlıqla harmoniyasını Kant etikasına söykənərək izah edirdi.

Yaspersdə ədalət heç də bərabərlik demək deyildi. O, hətta digər həmkarlarından fərqli olaraq kilsəni heç vaxt ayrı-seçkiliyə görə tənqid etməyib. Əksinə, Yaspers inanırdı ki, kilsə bütün orta əsrlər boyunca Avropada insanları bərabər görməyə çalışırdı, halbuki, insanlar bərabər yox, azad olmalı idilər, bu baxış özlüyündə əvəzsizdir, çünki nə Yaspersə qədər, nə də Yaspersdən sonra azadlıq və bərabərlik fərqli, antonim anlayışlar kimi qəbul edilmirdi. Yaspers idealist olduğuna görə, azad fərdin cism və azad ruhdan ibarət olduğuna inanır və insanın son nöqtə olaraq Tanrıya qovuşmağa can atdığına inanırdı. Burada Qərb Panteizmi və Şərq Hürufi ənənələrinin Yaspersə təsir göstərdiyini də qeyd etmək yerinə düşər.

P.S. Ekzistensializmin mahiyyətini Sartr bir cümlə izah edir: “İnsan azadlığa məhkumdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı