2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.
Metbuat.az-ın məıumatına görə, Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistan, “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşfiyyat kompleksləri, TOC – 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq.
Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir.
Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür.
Son zamanlar bir sıra digər məsələlərdə də Rusiyanın (ÜAK-ın fəaliyyətinin dayandırılması, XİN-in bəyanatları və s.) nümayiş etdirdiyi mövqe anlaşılmazdır və Azərbaycanla olan münasibətlərin ruhuna ziddir. Rusiyanın Ermənistanı silahlandırması işğalçılıq siyasətinin həvəsləndirilməsinə xidmət edir və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur.
Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır.
Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT-in Minqsk qrupunun həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, Rusiyanın Ermənistana silah almaq üçün kredit vermək öhdəliyini götürməsi, müxtəlif vaxtlarda ona silah satması, ümumiyyətlə, Ermənistanın silahlanmasında maraqlı olması məsələsi sağlam siyasi düşüncəyə sığmayan bir məsələdir:
“Çünki, Rusiya Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bu statusda olan bir dövlətin bu cür qeyri-obyektiv mövqe tutması, münaqişə tərəflərindən birini açıq dəstəkləməsi, ona silah satması siyasi riyakarlığı qabarıq şəkildə nümayiş etdirir. Hamı üçün aydın bir məsələdir ki, Qarabağ probleminin həlli Rusiyadan asılıdır və Rusiya da bu problemin həllində maraqlı deyil. Ümumiyyətlə, dünyada mövcud olan bütün munaqişə ocaqları ya süni şəkildə yaradılıb, ya da bu münaqişələrin yaranmasına şüurlu şəkildə yol verilib. Fövqəldövlətlər və beynəlxalq transmilli güc mərkəzləri bu münaqişələrin saxlanılmasında maraqlıdırlar. Münaqişə ocaqlarının saxlanılması silah-sursat ticarətindən tutmuş həmin regiona təsir etmək, sonda nüfuz dairəsinə çevirməyə qədər geniş spektrli vasitədir”.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq hüququn artıq güc hüququna çevrildiyini və fövqəldövlətlərin geosiyasi maraqlarına xidmət etdiyini nəzərə alsaq, Rusiyanın bu hərəkəti anlaşılandır. Rusiyanın bu regionda geosiyasi maraqlarını, habelə regionun Rusiya üçün müstəsna əhəmiyyətini nəzərdən qaçırmasaq, məsələ çox aydın şəkil alar. Bu məsələyə dar çərçivədən baxmaq lazım deyil. Azərbaycan da Rusiyadan silah-sursat alır. Bundan başqa, Rusiyanın Türkiyəyə “S-400” raket komplekslərini satmaq barədə razılığı da yuxarıda dediklərimi bir daha təstiqləyir.
Belə bir şəraitdə Azərbaycanın nə etməli olduğunu soruşsanız deyərdim ki, Azərbaycan yenə də soyuqqanlı, təmkinli, balanslaşdırılmış, uzaqgörən, Rusiya ilə mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasətini davam etdirməlidir. Xarici siyasətdə tələskənlik, emosiyalara əsaslanan, habelə mövcud reallıq nəzərə alınmadan atılan hər bir addım uğursuzluğa gətirib çıxara bilir. Buna görə də Rusiyanın bu hərəkətini dramatikləşdirmək lazım deyil”.
Günay Elşadqızı \ METBUAT.AZ