Bakı. 18 oktyabr. REPORT.AZ/ Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərov barələrində olan hökmdən kassasiya şikayəti veriblər.
"Report"un məlumatına görə, iş Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun icraatına verilib.
Məhkəmənin başlanma vaxtı isə hələlilk bəlli deyil.
Qeyd edək ki, 2015-ci il yanvarın 5-də saat 09:00 radələrində hüquq mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.