“Kataloniyadakı hadisələr, 1990-cı illərdəki Qarabağ hadisələrini xatırladır” - Millət vəkili

Oktyabrın 1-də İspaniyanın şimal-şərqində yerləşən Kataloniya Muxtar Vilayətinin keçirdiyi mübahisəli referendumdan sonra gərginlik davam edir.

Metbuat.az-ın məlumatına görə, mərkəzi hökumətə bağlı polis qüvvələri Kataloniyada müstəqillik tərəfdarı olan insanlara qarşı sərt davranmağına baxmayaraq, bölgənin lideri Karles Puçdemon müstəqilliklərini elan edəcəklərini açıqladı. Ancaq yerli Parlamentdə müstəqillik elanının ediləcəyi gözlənilən zamanda Puçdemon “təxirə salınan müstəqillik elanı” ifadəsini işlətdi. Belə olan zaman, İspaniya hökuməti Kataloniya Muxtar Vilayətindən müstəqillik elanı edib-etməyəcəyi ilə bağlı açıqlama üçün vaxt verib. Həmin vaxt ötən gün səhər saat 10:00-da başa çatıb. Bundan sonra, Muxtar Vilayətin prezidenti Karles Puçdemon, İspaniya Baş naziri Mariano Rahoya məktubunda bildirib ki, yerli parlamentarilər 10 oktyabrda müstəqillik elanı etməyib. Ancaq Puçdemon qeyd edib ki, əgər İspaniya hökuməti dialoqa razı olmasa və Konstitusiyanın 155-ci maddəsini tətbiq etsə, Kalatoniya Parlamentində müstəqillik üçün səsvermə keçiriləcək.

Puçdemonun məktubundan sonra, Rahoyun ofisindən açıqlama verilərək bildirilib ki, İspaniya hökuməti Kataloniyanın muxtariyyətini ləğv edən Konstitusiyanın 155-ci maddəsinin tətbiq edilməsi üçün şənbə günü iclas keçirəcək.

Sabah Kataloniyanın muxtar vilayətinin ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətiriləcək. Maraqlıdır, əgər muxtar vilayət ləğv olunarsa, hadisələrin sonrakı gedişi necə olacaq?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Oruc deyir ki, həqiqətən də İspaniya daxilində həm dövlətçilik, həm də siyasi böhran yaşanır. Çünki ölkə parçalanma təhlükəsi qarşısındadır və bir vilayətdə baş verən hərəkatlar, etirazlar artıq səviyyəyə çatıb ki, orada qarşıdurmalar real hərbi və silahlı müstəviyə də keçə bilər:

“Artıq katalon millətçiləri gerçək şəkildə onların azadlığa gedən yollarının məhz qanlı mübarizədən keçdiyini bəyan edirlər. Bunu nəzərə alan və bu prosesdən Avropa Birliyindəki parçalanmaların da sürətlənəcəyini və mərkəzləşmə prosesinin dərinləşəcəyini görən əsas aparıcı dövlətlər, xüsusilə də Fransa və Almaniyadan vasitəçilik üçün missiya təşəbbüsləri meydana çıxıb. Angela Merkel və Emmanuel Makron bəyənatla çıxış ediblər ki, onlar, mərkəzi hökumətlə muxtar vilayət arasındakı danışıqlarda əsas təminatçı və vasitəsi kimi çıxış etməyə hazırdılar. Bu, o anlama gəlir ki, proseslər dərinləşəcək”.

Deputatın sözlərinə görə, hökumət bu məsələyə çox kəskin köklənib, hər hansı güzəşt mövqeyində deyil: “Onların guya ölkə iqtisadiyyatının əsas hissəsi Kataloniyadadır, əsas təminatları bölgələrdəndir kimi məlumat yaymaları problemin sosial xarakterini bir qədər dərinləşdirmək, onu xüsusi tünd boyalarla rəngləməkdir. Əsl reallıq budur ki, büdcədəki təminat mənbələri tamam fərqlidir. Məlumata görə, 1 oktyabrdan indiyə qədər 500-dən çox mühüm şirkət, firma, qurumlar baş ofislərini Kataloniyadan çıxarıblar. Bu özü də bir qədər vahimə doğurur, çünki iqtisadi qaçış öz-özlüyündə həm də bəlkə də qarşıdurmalardan, təhlükələrdən özünü sığortalamaq niyyətidir ki, sabah burada ciddi atışmalar və s. ola bilər. Bu halda ümumiyyətlə, Kataloniyanın muxtariyyətini ləğv etmək və prosesi daha artıq dərəcədə danışıqlardan, siyasi diskussiyalardan, görüşlərdən çıxarmaq özü yaxşı hadisə olmayacaq”.

Millət vəkili deyir ki, bu proseslərlə sanki 1990-cı illərdəki Qarabağ hadisələrində müəyyən oxşarlıqlar var: “Doğrudur, katalon xalqı ayrıca dil, mədəni varlıq və s. kimi xüsusi özünəməxsusluqlara malikdir və o torpağın titullu xalqıdır. Yəni gerçək yerli əhalisidir. Ancaq bununla bərabər mübarizənin xarakteri, müəyyən ultimatumlar, Qarabağ guya Azərbaycanın digər bölgələrindən geri qalır kimi kütlələrin beyninə yeridilən zəhərli fikirlər və s. xeyli oxşardır. Bundan sonra artıq, 2-3 nəfərin, 4 nəfərin qətlə yetirilməsi, onları müqəddəsləşdirmək, əzabkeş obrazında onları mübarizənin önünə çıxarmaq və bu simvollar əsasında savaş açıla bilər. Hökumət çox kəskin formada yanaşır bu söhbətə, ancaq bu məsələni sülh vasitələri ilə çözmək və xalqı mərkəzi hakimiyyət çevrəsində qoruyub, saxlamaq daha düzgün yoldur. Ən azı bunu tarixi təcrübəmizdən təklif edirik”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI