CNN "Azadlıq" radiosunun əsl məqsədi haqqında məqalə dərc edib

CNN "Azadlıq" radiosunun əsl məqsədi haqqında məqalə dərc edib
13:38 9 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Öz mənbəyini 1949-cu ildə yaradılan Azad Avropa Radiosundan götürən Azad Avropa/Azadlıq Radiosu vaxtilə Sovet İttifaqının nəzarətində olan Şərqi Avropa ölkələrinə təsir etmək, kommunizmi dağıtmaq və bu ölkələrdə Sovet təsirinə son qoymaq məqsədilə yaradılmışdı. Trend-in məlumatına görə, bu barədə CNN-in “iReport” adlı saytında nəşr olunan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrətin “Azadlıq” radiosunun yaranma tarixi və məqsədləri barədə məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Azad Avropa Radiosunun yaranmasından 4 il sonra, yəni 1953-cü ildə “Azadlıq” radiosu fəaliyyətə başladı. Məqsəd eyni idi, lakin coğrafi baxımdan müəyyən fərq var idi. Yeni radio kanalının məqsədi Sovet İttifaqının özünü dağıtmaq idi. Bu baxımdan da radio kanalı rus dilindən əlavə, Azərbaycan və digər dillərdə yayımlanmağa başladı.

Məqalədə vurğulanır ki, hər iki radio kanalı ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) tərəfindən yaradılıb, 1972-ci ilə qədər radioya elə həmin agentlik tərəfindən nəzarət olunub və maliyyələşdirilib. 1972-ci ildən isə maliyyə ABŞ Konqresindən gəlməyə başlayıb. Buradan aydın görünür ki, bu radio kanalları yalnız ABŞ maraqlarına deyil, ABŞ-ın kəşfiyyat maraqlarına da xidmət edirdi.

Məqalədə daha sonra qeyd olunur ki, hər iki radio 1976-cı ildə RFE/RL (Azad Avropa/Azadlıq Radiosu) adı altında birləşdirildi.

Sovet İttifaqının 1991-ci ildə dağıldığını xatırladan müəllif qeyd edir ki, bununla da Azad Avropa/Azadlıq Radiosunun yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olundu. Məntiqi baxımdan radio öz fəaliyyətini dayandırmalı idi, lakin Azərbaycan dili də daxil olmaqla, keçmiş Sovet ölkələrinin milli dillərində yayımını davam etdirdi.

CNN-in saytında nəşr edilən məqalədə müəllif sual edir: “Əgər ABŞ Azad Avropa/Azadlıq Radiosunu yaradarkən Sovet İttifaqını dağıtmağı qarşısına məqsəd qoymuşdusa, buna artıq 24 il bundan əvvəl nail olub. Bəs radionun fəaliyyətini davam etdirməsinin mənası nə idi?”

Məqalədə bildirilir ki, görünür ABŞ-ın Azərbaycan kimi ölkələrdə öz maraqları var və Birləşmiş Ştatlar hələ də bu radionu yeni müstəqillik qazanmış ölkələrdə hökumətlər əleyhinə təbliğat aləti kimi istifadə edir: “Nə üçün Azərbaycan hökuməti öz ərazisində ona qarşı təbliğat aparan bir radio kanalının mövcudluğuna dözməlidir? Məgər ABŞ öz ərazisində onun maraqlarına qarşı təbliğat aparan belə bir radio kanalının mövcud olmasına imkan verərdi? Əlbəttə ki, yox”.

Müəllif qeyd edir ki, beləliklə, reallıqda Azad Avropa/Azadlıq Radiosu demokratiya maraqlarına deyil, xarici ölkə maraqlarına xidmət edir. Təbii ki, Azərbaycan bu xarici təbliğat alətini dayandırmalı idi və baxımdan hüquq-mühafizə orqanlarının Azad Avropa/Azadlıq Radiosunun Bakı bürosunun fəaliyyətini araşdırmasında qeyri-qanuni heç nə yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2351373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR