“BMT beynəlxalq hüquq normalarının qorunması üçün ciddi addımlar atmalıdır” - Fəzail İbrahimli

Xəbər verdiyimiz kimi, bu gün BMT-nin yaradılmasından 72 il ötür. Azərbaycan 1992-ci ildən bu nüfuzlu təşkilatın üzvüdür.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət edib və 1992-ci ilin martında BMT-yə üzv qəbul edilib. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş edib. BMT-nin Dağlıq Qarabağla bağlı 4 Qətnaməsi var – 822, 853, 874, 884.

Qeyd edək ki, Ermənistan artıq illərdir ki, bu Qətnamələrə məhəl qoymadan, işğalçılıq siyasətini davam etdirir və beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana heç bir təzyiq göstərmir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, BMT yarananda dünyada sülhü, əmin-amanlığı, qayda-qanunu, beynəlxalq hüquq normalarını qorumaq üçün yaradılmış bir təşkilat olub:

“Ancaq zaman keçdikcə, xüsusilə də soyuq müharibə zamanında, dünyada sosializm və kapitalizm dövrünün mübahisəsi olan vaxtlarda kifayət qədər uğurlu addımlar ata bilib. Dünya ictimaiyyətinin də həmişə umduğu bir təşkilat olub. Sovetlər imperiyası çökdükdən sonra BMT-nin də iş xarakterində ciddi dəyişikliklər baş verib. Bəzən dünyada baş verən proseslərə BMT-dən çox Amerikanın özünün şəxsi müdaxiləsi müstəvisində yanaşılır. Məsələn, İraqa hücum zamanı BMT-nin qərarı olmadı, NATO qüvvələri İraqa girdi və s. Yəni, BMT-ni yaradan, kifayət qədər maliyyə dəstəyi verən bir dövlət BMT-nin səlahiyyətlərini pozmaqla bağlı addım atdı. Get-gedə BMT nüfuzdan düşən təşkilata bənzəyir”.

Millət vəkili bildirib ki, qürurla Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu deyə bilərik: “BMT-nin qeyri-daimi üzvü olmağımızdan fəxarət duyduğumuz məsələ budur ki, bizə 150 ölkə səs verir. Yəni, ölkəmizin apardığı xarici və daxili siyasəti bəyənən ölkələrin sayı bu qədərdir. BMT-nin özünün Dağlıq Qarabağın sözsüz-söhbətsiz boşaldılması ilə bağlı qərarı var. O qərarın imzalanması dövründə də müəyyən qədər qərəzli münasibətlər olub. Məsələn, orada qeyri-qanuni silahlı qüvvələr tərəfindən işğal olunduğu ifadəsi var, amma bu qüvvələrin arxasında duran, qeyri-qanuni silahlı qüvvələri dəstəkləyən və yaradan Ermənistan dövləti olub. BMT, öz qərarlarına hörmətlə yanaşmayanda təbii ki, öz nüfuzunu saxlaya bilməz. Böyük islahatlar tələb olunur, BMT Amerikanın himayəsindən çıxmalıdır, götürdüyü öhdəliyi beynəlxalq hüquq normalarının dünyada qorunub, saxlanması ilə bağlı ciddi addımlar atılmalıdır”.

BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi Qətnamələr bunlardır:

Qətnamə 822- 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı. - 3205 saylı iclasda yekdilliklə qəbul edilib.

Qətnamə 853- 1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almayıb - 3259 saylı iclasda yekdilliklə qəbul edilib.

Qətnamə 874- 1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı idi ki, 874 saylı qətnamədə Azərbaycanın son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı. 1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi - 3292 saylı iclasda yekdilliklə qəbul edilib.

Qətnamə 884 - 1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu. Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Məsələ burasındadır ki, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş imkanlara malik idi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünü təsdiqləyən onlarla fakt var və bu faktlar sözügedən ölkənin respublikamıza qarşı həyata keçirdiyi hərbi əməliyyatların bütün kriteriyalar üzrə məhz təcavüz aktı olduğunu söyləməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, BMT Təhlükəsizlik Şurası təcavüzkarı cəzalandırmaq və onu öz qanunsuz hərəkətlərindən çəkindirmək üçün lazımi qərarlar qəbul etmək istəmədi - 3313 saylı iclasda yek­dilliklə qəbul edildi.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI