Oktyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU), oktyabr ayının 25-də isə Bakı Ali Neft Məktəbində (BANM) “İnkişaf zamanı” proqramının iştirakçıları Leyla Kərimli və Ruslan Həşimzadə, Orxan Salmanovun birgə təşəbbüsü ilə həyata keçirilən “EcoChange” layihəsi çərçivəsində tələbələr ilə görüş keçirilib.
Metbuat.az bildirir ki, tədbirlərdə “İnkişaf zamanı” proqramının koordinasiya komitəsinin üzvü, fasilitator Namaz Kərimov və fasilitator Elmurad Məmmədov da iştirak ediblər. “Camping Azerbaijan” şirkətinin təsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Cavid Qara təbiət, insan və turizm anlayışları, onların qarşılıqlı təsirlərindən, bu əlaqələrin yaratdığı ekoloji fəsadlardan danışıb. “Yaşıl Tikinti” şirkətinin direktoru Fuad Bağırov və həmin şirkətin əməkdaşı Rövşanə Babayeva binalardakı havasızlıqdan, həddindən artıq istifadə olunan plastiklərdən danışıblar.
Tədbirin davamında “Bir cümlə atışı” adlı müsabiqə keçirilib. İştirakçılar bir cümlədən ibarət maraqlı fikirləri təşkilatçıların poçt ünvanlarına göndərdikdən sonra qaliblər müəyyənləşdirilərək sertifikat və hədiyyələr təqdim olunacaq.
Görüşdə, həmçinin ekoloji məsələlər və insanların ekologiya ilə bağlı fikirləri nümayiş olunan videoçarx göstərilib.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, “EcoChange” layihəsi “İnkişaf zamanı” proqramı, “Camping Azerbaijan” şirkəti, Azərbaycan Dillər Universiteti və Bakı Ali Neft Məktəbinin (BANM) tərəfdaşlığı əsasında həyata keçirilib.