Bu gün metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində “Metro Gallery” layihəsi çərçivəsində köhnə Bakının müxtəlif guşələrini özündə əks etdirən tarixi şəkillərdən ibarət sərgi açılıb.

Bu barədə Publika.az-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində təşkil olunmuş bu layihənin əsas məqsədi son illərdə siması xeyli dəyişmiş paytaxtımızın tarixini, həmin dövrün ab-havasını, ruhunu metropoliten sərnişinlərinin, eləcə də şəhər sakinlərinin və qonaqların təxəyyülündə canlandırmaqdır. Bu kadrlar hər bir sərgi izləyicisinə bir əsrdən artıq dövr ərzində şəhərimizin necə dəyişdiyini təsəvvür etməyə kömək edəcək.

Bakı Metropoliteni”QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva köhnə Bakıya həsr olunan layihədəki şəkillərin seçilməsində və mətninin tərtib edilməsində Bakının tarixinə yaxşı bələd olan mütəxəssis Fuad Axundovla birgə çalışdıqlarını bildirib. O, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən 90-dan artıq fotoşəkillərin yer aldığı sərginin ictimaiyyət arasında maraq doğuracağını nəzərə alaraq, mətnlərin üç dildə (Azərbaycan, ingilis və rus) hazırlandığını qeyd edib.

Daha sonra Fuad Axundov Bakının qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə, Şərqin qocaman və ən böyük şəhərlərindən biri olduğundan bəhs edib: “Köhnə Bakı haqqında danışarkən, ilk növbədə, şəhərin tarixi hissəsini nəzərdə tuturuq. Lakin köhnə Bakı həm də dəniz, neft mədənləri, təkrarsız memarlıq nümunələri və həyatın özünəməxsusluğudur. Xoşbəxtlikdən, Azərbaycan paytaxtının tarixinin mərhələləri fotoxronikalarda əks olunub”, – dəyərək, belə bir sərginin “Bakı Metropoliteni” QSC-nin təşəbbüsü ilə təşkil olunmasının təqdirəlayiq hadisə olduğunu qeyd edib.
Köhnə Bakıya həsr olunan sərgi 6 ay davam edəcək. Sərgi izləyicilərinin nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.