“Dünyada bu siyasətin alternativi yoxdur” - Əli Həsənov / MÜSAHİBƏ

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan “Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb.

Metbuat.az-ın məlumatına görə, PA rəsmisi bildirib ki, son bir həftədə Azərbaycan prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib:

“Bu görüşlərin əksəriyyəti gələcəkdə Xəzər Qara dəniz hövzəsi və Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bilirsiz ki, bu layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu, ondan əvvəl reallaşdırılmasına başlanılan Şimal-Cənub nəqliyyat kommunikasiya dəhlizi, ondan əvvəl TRASEKA-dan başlamış 1993-cü ildən başlayaraq həyata keçirilən İpək yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat kommunikasiya dəhlizlərinin yaradılması, bütün bu layihələrin mərkəzində bildiyiniz kimi, Azərbaycan Respublikası dayanır. Azərbaycan Respublikası ərazi cəhətdən Cənubi Qafqazın kontinental ərazisində yerləşir və onun əraziləri bağlayıcı bir geosiyasi mahiyyət kəsb edir. Avropa ilə Asiya arasında, o cümlədən, Şimalla Cənub arasında nəqliyyat kommunikasiya dəhlizlərinin keçdiyi əsas yollardan, nəqliyyat arteriyalarından biri məhz Azərbaycandan keçəcək. Bunu nəzərə alaraq, Azərbaycan prezidentinin son bir həftə ərzində həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat kommunikasiya məsələləri, enerji layihələri, Xəzər Qaradəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik məsələləri, iqtisadi ticarət və s. məsələlər hamısı onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib, onun maraqları bölgə ölkələrinin və bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir. Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. Bütün bu məsələlərdə ən əsası Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşməsində Azərbaycan həlledici rola malikdir, çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvvəl region ölkələrinin iradəsinə, sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərir və layihələr reallaşır. Bütün bunlar da Azərbaycanın gələcəkdə bölgədə siyasi, iqtisadi, sosial, təhlükəsizlik və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqelərinin qorunmasına işarədir”.

BTQ-nin Azərbaycana qazandırdığı üstünlüklərdən danışan Əli Həsənov bildirib ki, siyasi əhəmiyyət ilk növbədə onunla ölçülür ki, bu ölkə sonrakı proseslərdə, regional və beynəlxalq proseslərdə hansı rola malik olacaq və onun maraqları hansı dərəcədə nəzərə alınacaq:

"Bütün bunları, keçilmiş yolu və bundan sonra Azərbaycanı, bölgə ölkələrini, dünyanı gözləyən perspektivləri nəzərə alanda, hətta Azərbaycan bu məsələlərdə sözün həqiqi mənasında liderliyini ortaya qoydu. Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək, bütün bu layihələrin reallaşmasına lazımi həm maliyyə dəstəyini, həm beynəlxalq dəstəyi, həm də digər dəstəkləri qazana bildi. Əvvəla ona görə qazana bildi ki, prezident İlham Əliyevin ortada möhkəm iradəsi var idi. Bu iradə ardıcıl olaraq reallaşdırılırdı və reallaşdırılması da gördüyünüz kimi, öz nəticələrini verdi.

İkinci, bu layihə təkcə Azərbaycanın maraqlarını deyil, bütövlükdə bölgənin maraqlarını ifadə edirdi. Azərbaycan bu nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır. Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Birbaşa əlaqə, Çindən başlayaraq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi. Təsəvvür edin, Orta Asiya ilə Avropanı bağlayan, tək Orta Asiya yox, Cənub-Şərqi Asiya ilə, Ön Asiya ilə Avropanı, Qərbi bağlayan, bütün Aralıq dənizi hövzəsini bağlayan belə bir dəmir yolu layihəsi yox idi. Olanlar da əsasən, ya müddətinə, ya daşıma xərclərinə görə müasir tələblərə cavab vermirdi. Odur ki, Azərbaycanın bu layihədə iştirakı onu qətiyyətlə, bütün maneələrə baxmayaraq, reallaşdırması təkcə Azərbaycanın deyil, bütövlükdə bölgə ölkələrinin, dünya ölkələrinin maraqlarını ifadə edirdi. Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani bu xüsusda ciddi danışıqlar apardılar və ciddi işbirliyi yaradıldı.

Son zamanlar Azərbaycanın bölgədə reallaşdırdığı həm enerji layihələri, həm nəqliyyat və kommunikasiya layihələri, təkcə Azərbaycanın maraqlarını deyil, bölgə ölkələrinin də maraqlarını ifadə edir. Bu platforma üzərindən Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, İran, Rusiya üçtərəfli əlaqələri və tərəfdaşlıq kursu reallaşmaqdadır. Və artıq demək olar ki, öz nəticələrini verməkdədir. Tehranda keçirilən sammit üç ölkə başçısının ortaya qoyduğu iradə, nümayəndə heyətlərinin müzakirə elədiyi məsələlər göstərdi ki, artıq Azərbaycan təkcə ayrı-ayrılıqdı İranla və Rusiya ilə, yaxud digər bölgə dövlətləri ilə özünün tərəfaşlıq münasibətlərinin yaratmayıb. Eyni zamanda Azərbaycan bu dövlətlər arasında tərəfdaşlıq mühitinin yaranmasına da öz töhvəsini verib. Onun təşəbbüsü ilə reallaşan üçtərəfli tərəfdaşlıq kursu özünün konkret nəticələrini verdi. Bilirsiniz ki, Cənubi Qafqazda enerji sahəsində artıq xüsusi bir tərəfdaşlıq mühiti formalaşıb. Azərbaycan, Rusiya və İran özlərinin elektrik təminatını birləşdirir və vahid dairə üzrə bir-birinə elektrik enerjisi ötürə bilirlər, ala bilirlər və bir-birinin elektrik təminatında yaxından iştirak edə bilirlər. Eyni iradə neft-qaz sahəsində əməkdaşlığa da tətbiq olunacaq və bununla bağlı hər üç ölkə öz iradəsini ortaya qoydu. Həm Rusiyanın, həm İranın maraqları onu ifadə edir ki, Cənubi Qafqaz üzərindən qurulan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat kommunikasiyaları mal və xidmətlərin sürətlənməsinə, inkişafına xidmət göstərsin. Bu istiqamətdə çox ortaq nöqtələr tapıldı və biz əminik ki, açılışında iştirak elədiyimiz və az qala Bakı-Tbilisi-Ceyhan, “Əsrin müqaviləsi”nə bərabər nəqliyyat kommunikasiya sahəsində dünyaya dividentlər gətirən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycanın maraqlarına deyil, eyni zamanda və eyni dərəcədə Rusiyanın və İranın maraqlarına xidmət edəcək. Biz bunu qətiyyən nə mövcud Rusiya dəhlizinə, nə Trans-Sibir dəhlizinə, nə də ki, mövcud Fars körfəzi dəhlizinə alternativ görürük. Əksinə, İran bu dəhlizdən öz maraqları, ticarət, iqtisadi əlaqələrinin inkişafı üçün yaxşılaşdırılması üçün istifadə edəcək, Rusiya da bu dəhlizdən istifadə edəcək. Azərbaycan da öz növbəsində İranın və Rusiyanın mövcud nəqliyyat infrastrukturundan istifadə edəcək. Bu layihələr bir-birini tamamlayır və üç ölkə başçısının Tehranda nümayiş etdirdiyi bu iradə, əzm bu yöndə aparılan müzakirələr onu göstərdi ki, təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusilə də bu layihədən kənarda qalmış Ermənistan dövlətinin, onun himayədarlarının neçə müddətdir beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur, bu, Ermənistanı bilərəkdən izolyasiyaya alır və s. kimi tezislər keçərli deyil. Ermənistan özü-özünü bu dəhlizdən kənarda qoyub, o Cənubi Qafqazda işğalçılıq siyasəti yürütməklə özü bu bölgədə həyata keçirilən regional və transmilli layihələrdən kənarda qalıb. Amma gələcəkdə Ermənistan əgər işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların, millətlərin birgə yaşayış normalarının tənzimlənməsinə öz töhvəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da bu yolun imkanlarından istifadə edə bilər və bizim həm tərəfdaş, həm qonşu dövlətlər”.

Əli Həsənovun sözlərinə görə, Cənubi Qafqazda, Xəzər Qara dəniz hövzəsində bir neçə ölkə var ki, onlardan biri İran, biri Rusiya, biri Azərbaycan, biri Türkiyə, biri Gürcüstan və digər dövlətlər tək öz milli maraqları deyil, o cümlədən özlərinin regional maraqlarını və beynəlxalq, nəqliyyat, daşıma, enerji, ticarət, iqtisadi maraqlarını bir-biri ilə uyğunlaşdırma kursu yürüdür:

“Azərbaycan bu siyasətin mərkəzində dayanan ölkələrdən biridir. Azərbaycanın son zamanlar təşəbbüsü ilə reallaşan üçtərəfli əməkdaşlıq platforması Azərbaycan-Rusiya-İran, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstanın indi artıq reallaşmasına başlanılan Azərbaycan-İran-Türkmənistan, Azərbaycan-Türkiyə-Türkmənistan və digər dövlətlərlə üçtərəfli, dördtərəfli, çoxtərəfli platformalar sözün həqiqi mənasında Cənubi Qafqazda bu tipli əsassız iddiaların aradan qalxmasının bariz nümunəsidir. Azərbaycan bölgədə heç zaman özünün milli maraqlarını regional və beynəlxalq maraqlardan üstün tutmayıb. Çalışıb uyğunlaşdırıb və bu uyğunlaşmada da Azərbaycanın maraqları təmsil olunur. Bu məsələdə əvvəlcədən bəlli idi ki, BTQ layihəsinə qarşı aparılan təbliğatın heç bir əsası yoxdur. Düzdür, Avropa Birliyi bu layihəni maliyyələşdirməkdən imtina elədi, ABŞ-ın böyük bankları bu layihəyə maliyyə yardımı göstərmədilər. Amma onlar bu layihənin əleyhinə də getmədilər. Onlar bu layihənin Şərq-Qərb kommunikasiya bağlayıcılığında rolunu bilirdilər. Bu gün də hər iki mərkəz – həm AB, həm ABŞ BTQ layihəsini dəstəklədilər və bunun bölgədə sülhə, təhlükəsizliyə, dövlətlər arasında ticarət iqtisadi əlaqələrinə xidmət edəcəyini birmənalı şəkildə qeyd elədilər. Azərbaycan da o fikirdə idi, bu gün də o fikirdədir, gələcəkdə də o fikirdə olacaq. Azərbaycan prezidentinin yürütdütü siyasət təkcə Azərbaycan xalqının milli maraqlarına xidmət etmir, o cümlədən bölgədə sülhə, təhlükəsizliyə, xalqların firavanlığına, birgə yaşayış normalarının getdikcə təkmilləşməsinə xidmət göstərir və düşünürük ki, dünyada bu siyasətin alternativi yoxdur”.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı