Bakıda gecə klubunda müştərini qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, Vüsal İbrahimovun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Hadisənin barda mahnı üstündə baş verdiyi qeyd edilib. Belə ki, qətlə yetirilən şəxs Nurlan Atakişiyev spirtli içkinin təsiri altında olub və “oğru aləmi”nə məxsus mahnının çalınmasını tələb edib. Lakin “DJ” işləyən şəxs bu cür mahnıların çalınmasının bar rərbərliyi tərəfindən qadağan edildiyini deyib. Bundan sonra Nurlan Atakişiyev barda çalışan Vüsal İbrahimovla mübahisə edib. Mübahisənin sonu qanlı hadisə ilə nəticələnib.

Vüsal İbrahimov Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs və vəkili apellyasiya şikayəti verib.