İbad Hüseynov: Vətənpərvərlik hissi atom silahından da güclüdür - Qəhrəmanla MÜSAHİBƏ

“Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!” - bu sözləri öz yaşam şüarına çevirmiş bir insanla həmsöhbətik...

İbad Hüseynov Qarabağ müharibəsinin iştirakçısıdı. O, cəbhədə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan bayrağı” ordeninə də layiq görülüb. Qarabağ uğrundakı döyüşlərdə İbad Hüseynov kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Qəhrəmanın döyüş yoluna qədərki xidməti Sovet ordusunda olub.


- İbad bəy, Sovet ordusunda idiniz, necə oldu ki, Qarabağa – döyüşməyə gəldiniz?

- Qarabağdakı münaqişə barədə əsgərlikdə eşitdim. Onda Rusiyanın Amur vilayətində hərbi xidmətdəydim. Eşitdik burda olanları. Yanımda olan vətənimin igid oğlanları ilə birgə komandirə müraciət etdik ki, bizi buraxsın, gələk Azərbaycanımıza. Amma icazə vermədilər. Başladıq ac qalmağa. Hardasa, beş-altı gün ac qaldıq. Axırda bizi buraxdılar. Mənimlə birgə orda Emin adlı bir oğlan da vardı. Naxçıvanlı idi. İkimizi də tanımadığımız bir şəhərə gətirib atdılar. Dörd ay orda qaldıq. Cibimizdə qəpik də yox idi. Naəlac düşündük ki, şəhər bazarına gedək. Bazarda naxçıvanlılarla rastlaşdıq. Göyərti satırdılar. Onlara yaxınlaşıb dedik: “Bizi buraxıblar. Üstümüzdə pul yoxdu vətənə getməyə. Bizə kömək edin gedək.”

Bizimçün 70 manat pul yığdılar. O pulla biz ancaq köhnə hərbi hissəmizə gələ bilərdik. Gəldik hərbi hissəyə. Orda məni hamı idmançı kimi tanıyırdı. Gecə ilə çatmışdıq. Orda yemək yedik. Dedik, bizə pul lazımdı evimizə dönməyə. Pul yığdılar. Bilet aldıq, gəldik Moskvaya. Ordan da Bakıya. Bakıdan da gəlib düşdüm Ağdama. Yollar bağlı idi.


- Bəs, kəndinizə necə getdiz?

- Bizim kəndimizə heç bir maşın getmirdi. 1990-cı ilin sentyabrı idi. Təsadüfən, bizim kəndə yük maşını gedirdi. Yük maşınının üstündə kəndimizə gəldim. Kəndimizdə hamı pərən-pərən düşmüşdü. Qardaşım kənd sovetinin sədri idi.

- Döyüşə necə başladız, o zaman ümumi vəziyyət necə idi?

- Ermənilər Şuşadan gələn avtobusu saxlayıb sərnişinləri qırmışdılar. Şüşələr dağılmışdı. Kəndə hazır döyüşçü kimi qayıtmışdım. Kəndimizdə könüllülər dəstəsi yaranmışdı. Könüllülərin kəşfiyyat qrupunun rəhbəri oldum. Gizir idim. Silahımız adi tüfəng idi. Bir dəfə bir ermənini öldürdüm, “5-45” markalı avtomat götürdüm. Bundan sonra, dəfələrlə erməni tərəfə keçdik. Onları öldürürdük, silah-sursatlarını ələ keçirirdik. Kəndimiz ətrafında gedən döyüş əməliyyatları mənim rəhbərliyimlə olub. Döyüşlər vaxtı elə bil ki, nəsə məni qoruyurdu.

Bütün hadisələrdə ani qərar vermişəm. Kəşfiyyata gedəndə öncədən döyüşmək nəzərdə tutulmurdu. Amma anidən elə məqam yaranıb ki, demişəm, bu post dağıdılmalıdır. Qərargah partladılmalıdır. Ani qərarlarım uğurla nəticələnib.

- Ən çox erməni terrorçusu Melkonyanın başını kəsməyinizlə məşhursuz, amma sizin döyüş çox uzun olub...

- O, mənim axırıncı böyük əməliyyatım olub. Eşitmişdim "Avo" haqqında. Bilirdim ki, Xocalıdakı qətliamı, Qaradağlıdakı qırğını törədənlərə başçılıq edib. Onun əlindən dəmir çeynəyirdim. Uşaqlara tapşırdım ki, “harda Avonu görsəniz, atəş açmayın, mənə xəbər edin”.

1993-cü ilin iyun ayı idi. Kəşfiyyat qrupum üçün qərargahımızı Ağdamda, İydəlik adlanan yerdə qurmuşdum. Səhər-səhər uşaqlara təlim keçirdim. Rabitəçim Lənkərandan Fərzi adlı bir oğlan idi. Gəldi, məlumat verdi ki, bəs, ermənilər Ağcabədinin Qiyaməddinli kəndində hücuma keçiblər. Üstündən beş dəqiqə keçmədi ki, komandir Barat Quliyev mənə zəng vurdu. Təcili hərbi hissəyə çağırdı. Qərargaha getdim ki, Ağdamın MTN rəisi də ordadı, müavini də. Başqa komandirlər də vardı. Hamısı mənə baxırdılar. Mənim günüm kəşfiyyatda, ermənilərin arxasında keçirdi. Tanklarını, postlarını partladırdım. Barat Quliyev mənə dedi ki, ümid sənədir. Bir hadisə törətməlisən ki, hücum müvəqqəti dayansın. Biz özümüzü toparlayaq.


Oturdum maşına, gəldim kəşfiyyatçılarımın yanına. Məni gözləyirdilər ki, nə xəbər gətirmişəm. Dedim ki, uşaqlar, bu gedişimiz sonuncu gediş ola bilər. Yəni, o biri ucunda ölüm var. Kim istəyir, könüllü qabağa gəlsin.

Otuz altı kəşfiyyatçıdan cəmi on ikisi irəli çıxdı. Onlara yatıb, dincəlməyi əmr elədim. Günorta vaxtı idi. Uşaqları yatmağa göndərdim, özüm oturub plan cızmağa başladım. Parçadan düzəlmiş şəxsi xəritəm var idi. Hardan gedək, hardan getməyək, düşünürdüm. Axşamçağı, saat yeddidə uşaqları oyatdım. Hərəsinə bir vərəq verdim. Dedim, gediş planı cızın. Əlbəttə ki, onların plan cızmağı mənə lazım deyildi. Sadəcə, istəyirdim onlar ürəklənsin ki, komandir bizə etibar edir. Dedim, vərəqlərə hərə öz planını cızsın ki, hansı yolla gedəcəyik. Özüm bəribaşdan gedəcəyimiz planı hazırlamışdım. Hərəsi bir şey cızdı. Heç baxmadım da. Bir saat sonra yola düşdük.

"Avo"nu bir aydan çox idi ki, izləyirdim. Hardan gəlir, hara gedir, hansı maşınla gəlir, artıq bilirdim. Fikrimdə onunla rastlaşmağı nəzərimdə tutmamışdım həmin gün kəşfiyyata gedəndə. Çayı keçib öz kəndimizə, Muğanlıya getdik. Orda da dörd nəfəri ayırdım - Elçin, Qamət, Fikrət, bir də bir oğlan vardı, Seyid deyirdik, ona. Dörd nəfərlə erməni mövqelərinin içinə doğru getdim. İyunun 12-də günorta Seyid qaça-qaça gəldi ki, bəs, çoxdandı izlədiyimiz "UAZ" Xocavənd səmtdən kəndə tərəf gəlir. “Avo”nun qərargahı elə bizim kəndin yaxınlığında, dağın arasındaydı.

Kənardan baxanda, deməzdin ki, orda qərargah var. "UAZ" əvvəlcə ermənilərin səngərinə tərəf getdi. Səngərlə aramızdakı məsafə 15 km olardı. Bir az da gözlədik pusquda. Gördük, "UAZ" geri qayıdır. Maşın gəldi-gəldi, çaydan keçəndə ilişdi.

Gördük bir cüssəli erməni düşdü maşından. “Avo”nu üzdən belə yaxından görməmişdik deyə tanımırdıq. O, arxasınca gələn iki əsgərə çığırıb nəsə əmr elədi, əsgərlər maşının yanına qayıtdı. Həmin cüssəli hərbçi üzü biz tərəfə gəlirdi. Arada 500 metr məsafə vardı. Binoklla dəqiq sifətinə baxırdım. Məndə səssiz silah vardı. Uşaqlara dedim ki, mən onunla qarşılaşacağam. Uşaqlar dedi ki, arxadan səssiz silahla vur. Mən də gənc, idmançı, döyüşdə... Özümə inam vardı. Kəndin içiylə dönəcəyə qədər qaçdıq. Uşaqları döngədə gizlədib, tək yola çıxdım. Üzü “Avo”ya tərəf getməyə başladım. Silahı qoluma taxmışdım. “Avo” da əlində çantası, xəritəsi, komandir geyimində aşağıdan gəlirdi.

Məktəbin həyətində qəfil qarşılaşdıq. Dayandıq ikimiz də. Rusca çığırdı ki: “Silahı tulla!” Mən də ona çığırdım rusca ki, “At silahını!” Elə bildi, öz ermənilərindənəm. Başladı ermənicə nəsə danışmağa. Sonra mən azərbaycanlı olduğumu dedim. Başladı ermənicə bağıra-bağıra düz üstümə yeriməyə. Karıxdım. Aramız 20-25 m idi. Bir də gördüm silahı mənə tuşlayıb. Barmağını qoydu tətiyə, amma mən cəld tərpənib atəş açdım.

Balaca kol quşunu gözündən vururdum, yaxşı nişançı idim. “5-45” markalı avtomatla “Avo”nun qarnından vurdum. İkinci gülləni atanda arxaya əyilib, səndirlədi. Avtomat da 5 m qırağa düşdü. Cəld özünü düzəldib qalxdı, cumdu avtomata. Götürdü silahı. Yuxarı qalxmaq istəyəndə çatdım yanına. Təpiklə sifətindən vurdum. Arxası üstə düşdü. Üstünə atılıb, xirtdəyindən tutdum. Bıçağı çıxartdım, başladı yalvarmağa. Türkcə təmiz danışırdı. Mənə təklif elədi ki, ölkədən xaricə çıx, sənə kömək edərəm. Qolunun birini qanırıb dizimin altına qoydum. Başını da, qolunu da kəsdim. Sonra dedilər ki, qolunu niyə kəsdin. Dedim: “Komandir, mən onun düşünən başını kəsdim, bir də bizim uşaqları vuran əlini”.

Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək.


- Bəs, ordan necə qayıda bildiz? Axı Melkonyanı öldürəndən sonra sizi axtaracaqdılar...

- Axşam düşürdü yavaş-yavaş, saat 6-7 olardı. Elə bil zəlzələ oldu. Ermənilər hamısı kəndə doluşdu. Sən demə, bizi dağdan görüblər. Uşaqlara demişdim ki, kəndin içində sərbəst gəzin, ermənilər elə bilsin, onlardansınız. Hamımız rus hərbi geyimində idik. Ermənilər “Avo”- deyib qışqıranda anladım ki, öldüyünü bilirlər. Kəndə atəş aça-aça doldu ermənilər. Hamımız qorxuya düşdük. Nə irəli, nə geri qaça bilirdik. Elə bil Allah məni yönəltdi ki, öz səngərimizə tərəf qaçmayaq. O tərəfə qaçsaydıq, indi çoxdan ölmüşdük. Ermənilərin səngərinə tərəf qaçdıq. Uşaqları üzüm bağında gizlətdim. Erməni postunun 50 metrliyindəydik. Artıq hava qaralmışdı. Ermənilər qaranlıqda bizi axtarırdı. Gecə saat 3-4 olardı, axtarmağı dayandırdılar. Uşaqları oyatdım ki, durun, indi biz çıxaq aradan. Uşaqları yolla aşağı düşürtməyə başladım. Ratsiyanı açdım. Çığır-bağır vardı. Komandirlə əlaqə saxladım ki, artıq içəridəyik. Ratsiyanı tez söndürdüm ki, dalğa ilə tutarlar birdən. Bir də ratsiyanı açanda komandirə dedim ki, Ağdamın Mərzili kəndi yaxınlığından çıxırıq, tapşırın, bizimkilərdi, vurmasınlar. Gəldik hərbi hissəyə. Bizi qarşıladılar. Ermənilər susmuşdu. Biz tərəfə bir güllə də atılmırdı. Mən “Avo”nun başını kəsib, əlimdə gətirmişəm. Başı əlimdə görənlərin hamısı da sağdı. Komandir başı atdı əsgərlərin ayağının altına. Təpiklədilər. İyunun 12-i “Avo”nun başını kəsmişəm. 19-da basdırıblar onu.

- Öldürdüyünüz ermənilərin sayı təxminən neçə nəfərdir?

- Qarabağ müharibəsi başlayandan sonunadək döyüşmüşəm. Bütün döyüşlərim də qələbə olub. Öldürdüyüm erməniləri saymamışam. Çox vaxt öldürdüklərimi, hətta diri erməni də gətirmişəm hərbi hissəyə. Öldürdüyüm ermənilərin silahlarını gətirib öz hərbi hissəmizə vermişəm. Kiçik bir dəstə mənim gətirdiyim silahlarla silahlanmışdı.

- İbad bəy, sizcə düşmənin başını kəsmək doğrudurmu?

- Biz heç vaxt dinc adama güllə atmadıq. Bir qoca erməni tutmuşduq əli silahlı. Onun silahını aldım, dedim, buraxın getsin. Getdi, ermənilər özləri öldürdülər onu. Elə bildilər ki, satqındı, silahını özü bizə verib. Bir dəfə də sahədə erməni qadınlarıla rastlaşdıq. Başladılar qışqırmağa. Dedim: “Qışqırmayın. Susun, gedirik, sizə heç nə eləmərik”. Bir dəfə də çayın qırağında iki qadına rast gəldik. Biri qucağı uşaqlı idi. Toxunmadıq.

- Ermənilər bizim uşaqları, qadınları amasızcasına öldürür. Biz isə onların qocasına, qadınına, uşağına toxunmamışıq...

- Bilirsənmi, erməni niyə bizim torpaqlarımızı ala bildi? Onlar qırdılar, kəsdilər, hamısını da bizə göstərdilər ki, gözümüz qorxsun. Məncə, kiminsə günahsız yerə başını kəsmək düz deyil. Döyüş başqa şeydi. Döyüşdə sən öldürməsən, səni öldürərlər. Sən kəsməsən, səni kəsərlər. Kəşfiyyata gedən vaxt ermənilər bizi tutsaydı, diri-diri yeyərdilər. Mən “Avo”nun başını gətirəndə də uşaqlardan mənə deyən oldu ki, başı ataq. Deyirdilər ki, ermənilər bizi tutsa, yeyəcəklər. Dedim, yox, baş sübut kimi getməlidir. Düşmənin başı kəsilməlidir. "Avo"nun qərargahının koordinatlarını verdim bizimkilərə. O qərargahı mən dağıtdım. Bizim toplar dağıtdı oranı. Kənardan baxsa, kimsə bilməzdi orda qərargah var. Görünməz yerdəydi. Yəni, döyüşdə asmalısan da, kəsməlisən də... Qana-qan olmalıdı.

- İndi münaqişənin sülh yolu ilə həllinin mümkün ola biləcəyi də çox danışılır. Siz necə fikirləşirsiniz bu barədə?

- Tutaq ki, nə vaxtsa sülh oldu, bəs qisas? Tökülən qanların qisasını kim alacaq? Məncə, torpaqlar müharibə ilə geri alınmalıdır. Ermənilərin dərsi verilməlidir. Həmişə ermənilərə güzəştə getmişik, bu da bizi məhv edib. Düşmənin cavabı verilməlidir. Qisasa qisas! 25 ilə çatır ki, Ana Torpaq əsarətdədir, erməni deyir, bunu bizə bağışla. Mən buna razı olmaram. Biz onlara zərbə vurmalıyıq. Erməni bizdən qorxur. Onlar dəqiq bilsə ki, biz ayağa qalxmışıq, torpağı qoyub qaçarlar. Gücümüz olsa da, millət kimi ayağa durmağa hazır deyilik. Mən həmişə deyirəm ki, top-topxanadan ötədi canlı qüvvənin döyüşü. Hamı bilməlidir ki, vətənçün atılan addımlar əbədiliyə gedir. Vətənçün öldürməyə hazır olmalıyıq. Mən görmüşəm ki, təlimsiz döyüşə çıxmaq məğlubiyyət gətirir. Döyüşdə düşmənə zərbə vurmasan, o nə döyüşdür?! Bəs niyə deyilir: “Oğul düşmən çəpəridir”. Burda anlam bu olmalı ki, oğul vətənin düşmən çəpəridir. Oğul əsl vətənpərvər kimi yetişdirilməlidir. Lazım olan anda vətəni qorumağa hazır olmalıdır. Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!

- İbad bəy, sizin gənc əsgərlərə məsləhətiniz nə olardı?


- Müharibədə hamı bir-birinə qardaş idi. Zəifi də, güclüsü də... “Ay ondan mən güclüyəm, ya nə”- söhbəti yox idi. Müharibədə güc yerimir, ürək yeriyir. Müharibədə hamı bir-birinin təəssübünü çəkir. Təbii, gücün qarşısında çox şey acizdir. Hazırda müharibə şəraitində olan ölkənin vətəndaşıyıq. Mülki həyatda da bir-birimizə qardaş olmalıyıq. Müharibə olarsa, bir-birimizə arxa olmağa hazır olmalıyıq. Bu gün bizə lazım olan ən vacib şey birlikdi. Tək-tək bizi qırmaq asan olar. Bizə mehribançılıq lazımdır. Çünki Qarabağı almağımız hələ qarşıdadır. Qarabağa girib, sağ qayıtmaq oğulda hünər istəyir. Əgər bir-birimizə arxa durmasaq, biz bunu bacarmarıq. İstərdim ki, əsgərlikdə də gənclər qardaşlığı, kürək-kürəyə söykənməyi bacarsınlar. Əsgərlərə xüsusilə vətənpərvərlik hislərini aşılamaq lazımdır. Vətənpərvərlik hissi atom silahından da qüvvətlidir.

“Atilla” jurnalının baş redaktoru, İbad Hüseynovun mətbuat xidmətinin rəhbəri Gülşən Behbudun dediklərindən...

İbad bəyin toyunu ulu öndər Heydər Əliyev xəbərlər verilişi vastəsi ilə təbrik etmişdi və ona hədiyyə göndərmişi:


- "Atilla” jurnalı əfsanəvi qəhrəman İbad Hüseynovun şərəfinə yaradılıb. Jurnal Türkiyənin paytaxtı Ankara şəhərində işiq üzü görür. Hər il mayın 10-da Ulu öndərimiz Heydər Əliyevin doğum gününün şərəfinə Bakıda xü­susi buraxılış olaraq yayımlayırıq.

Bizim tarixən qəhrəmanlarımız çox olub. Babəkimiz, Koroğlumuz, Nəbimiz... Bu gün, XXI əsrin qəhrəmanı İbad Hüseynov kimi olmalıdır. İnsanın özünün bir abu-havası olur. İnsanları ətrafında toplamaq kimi... İbad müəllim heç vaxt heç kimə söz deməyib. Onun bir baxışından, davranışından biliblər ki, nə demək istəyir.

Bu yaxınlarda bir nəfərin yazısını oxudum internetdə. Sən demə, İbad müəllimin əsgəri olub. O vaxt Azərbaycan Texniki Universitetində (o vaxtki Politexnik İnstitutunda) oxuyurmuş, I kursda. Döyüşlər başlayanda könüllü əsgər gedib. Həmin oğlan danışır ki:

- Mən könüllü gəlmişdim. İbad müəllim mənə deyirdi ki, addımımı qoyduğum yerə addımını qoy. Məni belə qoruyurdu.

O vaxt əsgərlərə lazımi təlimlər keçmək imkanı da məhdudiyyətlərlə dolu olub. Oğlan deyirdi ki:

- İbad Hüseynov əsgərlərə təlimi qəddarlıqla keçirdi, amma kəşfiyyatda, döyüşdə əsgərləri qoruyurdu. Heç kəs ondan qabağa çıxa bilmirdi. Bir gün üzümlük ərazidən keçirdik. Qəfil İbad müəllim dedi ki, dayanın. Dayandıq. İbad müəllim özü qabağa yeridi. Yol açdı... Çünki, sap kimi nazik minalar vardı ki, toxunsaq ölərdik. Bu gün yaşayırıqsa, İbad müəllimin sayəsində yaşayırıq .

İbad müəllimlə müxtəlif ölkələrdə - Türkiyədə, İsraildə, Ukraynada, Rusiyada görüşlər olur. Hər görüşdə mütləq bir tarixçi iştirak edir. 2015-ci ilin martında Ankarada, Yeni Türk Strateji Araşdırmalar Mərkəzinin yerləşdiyi küçəyə İbad müəllimin adını veriblər. Bu küçənin açılışı Azərbaycan və Türkiyə KİV-ləri tərəfindən işıqlandırıldı. İbad müəllimi Türkiyənin bir çox şəhərlərinə konfransa dəvət ediblər. O konfransda fəxrlə deyirdilər ki, “biz Qarabağın şahidi kimi İbad müəllimlə görüşmək istəyirik. O, Qarabağı gözəl anladır”.

Türkiyənin bir şəhəri var. Qaziantep şəhəri. Orda qəhrəmana dedilər ki, sizin adınıza burda park açmaq istəyirik. Burdan yenə bir nümayəndə heyəti ilə getdik. Orda da Türkiyənin maliyyə naziri iştirak edirdi - Məhmət Şimşək. Önəmli bir çox insanlar iştirak edirdi. İbad müəllimin adını daşıyan parkın açılışı oldu, qəhrəmanın abidəsi qoyuldu. Bu da tarixi hadisədir.


Bu ilin may ayında Kırşehirdə də bir küçəyə İbad müəllimin adı verildi. Açılışda yenə də rəsmi adamlar iştirak edirdi. Ağcabədi rayonunda, Xırdalanda da İbad müəllimin adına küçə var.

İbad Hüseynov haqqında çox adamlar fikir söyləyiblər. Yaşar Aydəmir var. General, korpus komandiri olub İbad müəllim döyüşən vaxtlarda. Mən dörd il əvvəl ondan müsahibə alırdım. İbad müəllimin adı çəkiləndə heyrətləndi və dedi:

-İbadı kəşfiyyata göndərirdim, İbad gedirdi, ermənilərə “jest” edib gəlirdi. Yəni xəbər edirdi ki, mən gəlirəm. İbad kimi döyüşçü 5-10 nəfər olsaydı, Qarabağ getməzdi.

General Rövşən Əkbərov da qəhrəman haqda fikir söyləyib.

Qəhrəmanın qardaşı Xocavənd rayonunun icra başçısıdı. O, kimisə vəzifədən uzaqlaşdırırsa, kimin hansı problemi varsa - hamısı heyfini İbad müəllimdən alır. Çünki İbad müəllim tanınır. Bir nəfər etiraf etdi ki, "Eyvaz müəllim məni vəzifədən çıxarmışdı, amma səhv etdim, özümə də neçə nəfəri qoşdum. İbad müəllimin əleyhinə danışdım". Məəttəl qaldım. İbad müəllim vətən yolunda sağlamlığını qoyub, illərini, gəncliyini qoyub. O, zamanında deyirdi, "mən, Heydər Əliyevin əsgəriyəm". Bu gün də deyir, "mən, İlham Əliyevin əsgəriyəm". Təmənnasız vətəni sevən bir insandı. Özü deyir ki, "vətənçün atılan addımlar heç vaxt ölmür"...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı