81 yaşlı atasını amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında İ.Mehdiyevə 20 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Növbəti məhkəmə iclası noyabrın 21-nə təyin edilib.
İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib.
Ata ilə oğul arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmasını tələb edib. Uzun müddət ata ilə oğul arasında söz-söhbətlər sonda dəhşətli cinayətlə nəticələnib. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.
Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyərkən içəridən bağlı olduğunu bilib. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası qapını açıb. Eyni mövzu üstündə tərəflər arasında mübahisə başlayıb. İlyas şüşədə olan benzini atasının üstünə tökərək onu yandırıb. Daha sonra İlyas benzinin qalanını evə tökərək od vurub. Bundan sonra o, evi tərk edib.
Mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyevdir. O, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədridir.
İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsullaadam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqsirli bilinir.