"Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”

“Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir”.

Metbuat.az-ın məlumatına görə, bunu Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov deyib: “Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km² ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşahidə olunur. Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir. “Soyuq müharibə”nin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır”.

Əli Həsənov bildirib ki, bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər: “Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır”.

PA rəsmisi qeyd edib ki, hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir: “Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma, “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquqi prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir: “Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdarlıq edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”.

Prezidentin köməkçisi bildirib ki, millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir: “Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı