“Putinin dilindən üçtərəfli görüş təşəbbüsünü eşidə bilərik” - Politoloq

Son zamanlar Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələrin intensivləşməsi müşahidə olunur. ATƏT-in Minsk Qrupu da məsələ ilə bağlı daha aktiv olmağa başlayıb.

Noyabrın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfəri çərçivəsində Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Noyabrın 19-20-də isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfəri çərçivəsində Dağlıq Qarabağ məsələsinin müzakirə edib. Ötən gün Azərbaycan və Rusiya xarici işlər nazirləri görüşdən sonra mətbuat konfransında Dağlıq Qarabağla bağlı müzakirə barədə açıqlama veriblər.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlamasında deyib: “İlk növbədə həm dünən, həm də bugün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzvü kimi Rusiyanın rolunu müzakirə etdik. Mən Azərbaycanın mövqeyi və həmsədrlərlə Moskvada keçirilmiş müzakirələrin nəticələrinə dair hörmətli qonağa məlumat verdim. Mənim həmsədrlərlə çox intensiv və substantiv danışıqlarım baş tutub. Biz bugün üçün həllinin tapılması mümkünsüz olan problemlər üzrə konkret məsələləri müzakirə etdik. Mən S.Lavrova Yerevana səfəri öncəsi hazırda olduğumuz vəziyyəti irəliyə apara biləcək həll variantlarına dair məlumat verdim. Aydındır ki, həmsədr ölkələrin də ən yüksək səviyyədə bəyan etdiyi kimi münaqişə zonasında mövcud vəziyyət heç kimi qane etmir. Mövcud status-kvo həm qəbuledilməz, həm də qeyri-sabitdir. Bu kontekstdə əlbəttə ki, prosesi irəliyə aparacaq həll yollarının tapılmasına ehtiyac var”.

Rusiya XİN rəhbəri Sergey Lavrov da açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək”.

Politoloq Mübariz Əhmədoğlu məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı yeni siyasəti nəticəsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti aktivləşib: “Rusiya hazırda Dağlıq Qarabağ məsələsini həll etməyə məcburdur. Dağlıq Qarabağ problemi indi Rusiyanın özü üçün də təhlükə yaradır. Çünki bildiyiniz kimi, ABŞ-la Rusiya arasında gedən danışıqlar zamanı Dağlıq Qarabağ məsələsini bir dövr Suriya məsələsi ilə əlaqələndirdilər. ABŞ əvvəl dedi ki, “Rusiya Suriya məsələsində güzəştə getsə, biz də Qarabağ məsələsində Rusiya kimi güzəştə gedə bilərik”. ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ortalığa belə bir ideya qoymuşdu. İndi də Suriya məsələsində Rusiyanın vəziyyəti pisdir. Yəni, bir tərəfdən ABŞ-la müqavilə bağlanır ki, İranı Suriyadan çıxaracaq, digər tərəfdən İranla görüşüb, əməkdaşlıq edir ki, Suriyadakı mövqelərimizi necə möhkəmləndirək. Rusiyanın Yaxın Şərqdə belə çətin vəziyyətə düşməsinin səbəbi kürd faktorudur. Müstəqillik referendumundan sonra heç kim kürdlərin belə zəif olacağını düşünmürdü. İndi Rusiyada başa düşürlər ki, belə vəziyyətdə Dağlıq Qarabağ məsələsi də həll olunmamış qalsa, ermənilər xəyanətkar olduğu üçün, ABŞ-ın, Qərbin sözü ilə ya Azərbaycan, ya da Türkiyə ilə sərhəddə hərbi təxribat törədib, müharibəyə çevirə bilərlər. Ona görə Rusiya nəyin hesabına olursa-olsun çalışır ki, Dağlıq Qarabağ məsələsində Ermənistana təzyiq eləsin ki, müqavilə imzalansın. Rusiyanın təzyiq etdiyini erməni rəhbərinin dilindən də artıq başa düşmək olur. Ermənilər rusların təzyiqinə görə məsələni tənzimləməyə razılaşıblar. Ermənilər istəyir ki, Kazan sənədi olsun, Rusiyanın ortalığa qoyduğu variant isə Sankt-Peterburq razılaşmasıdır. Lavrov Azərbaycandan sonra Ermənistana, oradan isə Soçiyə dönəcək. Düşünürəm ki, bir həftə ərzində artıq cənab Putinin dilindən Azərbaycan və Ermənistan prezidetləri ilə üçtərəfli görüşün təşəbbüsünü eşidəcəyik”.

Günay Elşadqızı / METBUAT.AZ

"Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır” - Əli Həsənov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı