Bakı Dəmiryol Vağzalının müəmmalı aqibəti... - FOTO

Bakı Dəmiryol Vağzalının müəmmalı aqibəti... - FOTO
19:37 7 Aprel 2015
279 Sosial
Ölkə mətbuatı
A- A+

Uzun illərdir ki, təmirə bağlanan Bakı Dəmiryol Vağzalının aqibəti hələ də bəlli deyil. Vağzalda təmir işləri bir müddət davam edir, sonra isə dayanır. Bəzən isə təmir görüntüsü verilir. Vağzalın ətrafı üzərində "Müvəqqəti narahatçılığa görə üzr istəyirik" yazılmış lövhələrlə qapadılıb. Bu lövhələrin orada qalma müddəti o qədər çoxdur ki, artıq onun üzəri reklam yerinə çevrilib. Ev elanları, alqı-satqı ofislərinin məlumatları, iş elanları yazılmış kağızlar bu lövhələrə yapışdırılır. "Kirayə ev var", "Limon", Valyuta mübadiləsi" və bu kimi yazıları həmin lövhələrin üzərində görmək mümkündür.

Vağzalda gedən, daha doğrusu, gedirmiş kimi görünən təmir işlərinin tez-tez dayanmasına səbəb olaraq, maddi çətinliklər göstərilirdi. Belə ki, yanvar ayının sonlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov mətbuata açıqlamasında vağzalda təmir işlərinin maddi çətinliklər səbəbindən dayandırıldığını, amma qısa müddət ərzində yenidən təmirə davam edəcəklərini demişdi. Və elə də oldu. Bir müddət əvvəl tikinti və təmir işləri yenidən başladı. Təmir işləri zamanı vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Təmir işlərinin yenidən bərpa edilməsinin səbəbi Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunması ilə də əlaqələndirilir. Yeni sədrin təmirin sürətlənməsi ilə bağlı tapşırıq verdiyi deyilir. Amma deyəsən, bu tapşırıq təmirin sürətlənməsi yox, təmir gedirmiş kimi görüntünün yaradılması üçün verilib.

Biz də təmir və tikinti işləri ilə yaxından tanış olmaq üçün musavat.com-un əməkdaşı Bakı Dəmiryol Vağzalına baş çəkib. Təmir işləri çox da sürətli şəkildə getmirdi. İş maşınları səhər saatları olmasına baxmayaraq, dayanmışdı. 5-6 nəfər fəhlədən başqa tikinti yerində heç kəs gözə dəymirdi. Təmir işləri barəsində məlumat ala bilməsək də, ataların dediyi kimi "Görünən dağa bələdçi lazım deyil"di. Binanın fasadını təmir etmək üçün metal konstruksiyalar quraşdırılmışdı. Pilləkənlər yarısökülmüş durumda idi. Burada sürətli təmir işindən söhbət belə, gedə bilməzdi. Ümumiyyətlə, son zamanlar bəzi tikinti və söküntü işlərinin dayandırılmasını müşahidə edirik. Misal üçün, "Sovetski"də söküntü işləri artıq dayandırılıb.

Birinci Avropa Oyunları üçün nəzərdə tutulmayan və gözdən uzaqda olan bəzi tikintilərdə də fasilələr müşahidə edilir. Yəqin ki, Bakı Dəmiryol Vağzalının təmir işlərinin də yaxın müddət ərzində davam etdirilməsi düşünülmür. Çünki 5-6 nəfər fəhlə ilə bu qədər böyük bir binanın qısa müddət ərzində təmir edilməsi mümkün deyil. Təmir işləri bu gedişlə davam edərsə, yaxın bir neçə il ərzində vağzalda heç bir dəyişiklik olmayacaq. “Azərbaycan Dəmir Yolları” QSC-ində çalışanlardan aldığımız məlumata görə, C.Qurbanov dəmiryol stansiyalarında və onların yaxınlığında sonradan tikilən bütün obyektlərin bağlanması və əlavə tikililərin sökülməsi haqqında göstəriş verib. Təmir işləri davam edərkən həmin tikililərin sökülməsi prosesinə də başlanılacaq.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR