Beynəlxalq təşkilatların siyasi, regional məsələlər, eləcə də münaqişələrlə bağlı qəbul etdiyi saysız-hesabsız bəyannamə, qətnamə, xartiya və s. sənədlərdə daha çox rast gəlinən ifadələr arasında "xalqların öz müqəddəratını təyin etməsi" və "ərazi bütövlüyünün dəstəklənməsi" də var. Aydın ifadə olunan "ərazi bütövlüyünün dəstəklənməsi"ndən fərqli olaraq "öz müqəddəratını təyinetmə" bir çox hallarda birmənalı qarşılanmır. Sirr deyil ki, bir çox Avropa qurumları, o cümlədən Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT və s. zaman-zaman "öz müqəddəratını təyinetmə" prinsipini əsas tutaraq məqsədli şəkildə ikibaşlı siyasət yürüdüblər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində də beynəlxalq qurumların "ikili standartlar" deyilən bu ikibaşlı siyasəti ilə dəfələrlə üzləşib və üzləşir. Lakin noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən bəyannamə bəlkə də Avropanın siyasi tarixində münaqişələrin nizamlanması ilə bağlı aydın, konkret mövqenin yer aldığı ilk sənəddir.
Nəhayət ki, Avropa İttifaqı "öz müqəddəratını təyinetmə" prinsipinin heç də həmişə keçərli olmadığını, indiki şəraitdə isə hətta təhlükəli olduğunu, dövlətlərin ərazi bütövlüyünə təhdid yaratdığını, bununla da yeni münaqişələrə yol aça biləcəyini, dolayısilə "xalqların öz müqəddəratını təyin etməsi" prinsipinin bəzən və ya bir çox hallarda ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etdiyini qəbul etdi: necə deyərlər, cin ayrı, şeytan ayrı. Şərq Tərəfdaşlığı Sammitinin 24 noyabr tarixli bəyannaməsində Avropa İttifaqının ölkələrin ərazi bütövlüyünü dəstəklədiyi xüsusilə vurğulandı, "öz müqəddəratını təyinetmə" ifadəsinə isə, ümumiyyətlə, yer verilmədi.
Bəyannamədə sammit iştirakçıları regionun bir çox hissələrində beynəlxalq hüququn pozulması ilə bağlı narahatlıqlarını bildirdilər, münaqişələrin həlli üçün səyləri artırmağa, beynəlxalq norma və prinsipləri əsas götürməyə çağırdılar.
Qeyd olundu ki, münaqişələrin həlli etimadın gücləndirilməsinə, yaxşı qonşuluq əlaqələrinə, iqtisadi və sosial inkişafa və əməkdaşlığa əsas verir.
Sənəddə deyilir ki, Aİ bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir. BMT Xartiyası, Helsinki Yekun Aktı və Paris Xartiyası sabit və vahid Avropa üçün əsasdır.
Aİ indiki şəraitdə belə bir sənəd qəbul etməyə bilməzdi. Başqa sözlə, bundan əvvəl Böyük Britaniya kimi aparıcı bir ölkənin Avropa İttifaqı sıralarını tərk etməsi, Şotlandiyanın Birləşmiş Krallıqdan, Bavariya əyalətinin Almaniyadan ayrılması cəhdləri, İtaliyanın şimalında Lombardiya və Veneto vilayətlərinin geniş muxtariyyət tələb etməsi, ən əsası isə İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik meyillərinin artması, qanunsuz referendum keçirilməsi Aİ-ni belə bir bəyannamə qəbul etməyə məcbur etdi.
Bəxtiyar Hacıyev
Trend