Əhməd Mirzə Həsən oğlu Ağayev (1869-1939) - Əhməd bəy Ağaoğlu Azərbaycan ictimai-siyasi fikir tarixində dərin iz buraxmış, XX əsrin əvvəllərində xalqımızın bir tərəfdən çarizm əsarəti ilə, digər tərəfdən isə xurafat və savadsızlıqla ölüm-qalım mübarizəsi apardığı bir dövrdə milli şüurun oyanışına və siyasi maarifçilik ənənələrinin intişar tapmasına mühüm töhfə vermiş maarifçi ziyalılarımızın sırasında mühüm yer tutur desək, qətiyyən mübaliğəyə yol vermiş olmarıq. Onun Cümhuriyyət Türkiyəsinin ictimai-siyasi fikir tarixindəki rolu və mövqeyi də bir o qədər əhəmiyyətli və nəzərəçarpandır. Əhməd bəy Ağaoğlunu sözün həqiqi mənasında bir əlində silah, digərində isə qələm Azərbaycanın və Türkiyənin mənəvi, siyasi və ideoloji oyanışı uğrunda mübarizə aparan yorulmaz fədai də adlandırmaq olar. Hər kəsi 70 illik ömründə müxtəlif siyasi quruluşların süqutunu və formalaşmasını öz gözləri ilə görən, mürəkkəb ictimai-siyasi proseslərin burulğanında fəaliyyət göstərmək məcburiyyətində qalan, sürgün və həbsxana həyatının ağrıları ilə üzləşən Əhməd bəy Ağaoğlunun şəxsiyyətinə, həmçinin elmi-publisistik irsinə hörmətlə yanaşmağa vadar edən amillərin ən birincisi onun öz əqidəsindən dönməzliyi, həqiqiliyinə inandığı dəyərlər uğrunda ölüm təhlükəsi yüksək olan amansız mübarizədən belə çəkinməməsidir.

Gənc yaşlarından fəal şəkildə siyasətə atılan Əhməd bəy, artıq qeyd etdiyimiz kimi, təhlükə anında əlindəki qələmi bir kənara ataraq silaha sarılmağı bacardığını doğma xalqına və onun düşmənlərinə ilk dəfə 1906-cı ildə əyani şəkildə nümayiş etdirmişdi. Həmin il o, xalqımıza müsibətlər gətirmiş erməni terroruna qarşı silahlı mübarizə aparmaq məqsədilə milli qüvvələr tərəfindən yaradılmış “Difai” təşkilatına rəhbərliyi öz üzərinə götürərək öz mübarizəsində yeni bir cəbhə açmış olur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına qədər keçən dövrdə bir an belə olsun, xalqının ictimai-siyasi həyatı üçün əhəmiyyətə malik mühüm proseslərin heç birindən kənarda qalmamağa çalışan Əhməd Ağaoğlu 1918-ci ildə Şərqin ilk demokratik respublikasının yaradılmasında da yaxından iştirak edir. 1920-ci ildən etibarən Əhməd bəy Türkiyəyə köçür. Ömrünün sonlarına qədər Türkiyədə yaşayıb fəaliyyət göstərən Ağaoğlu demokratik və dünyəvi türk siyasi fikrinin inkişafında, xurafatla, geriliklə mübarizədə, milli məfkurənin elmi-tarixi əsaslarının hazırlanmasında öz sözünün deməyi bacarır. Dövrün aparıcı maarifçiləri kimi, o da milli şüurun dirçəlişini xalqın oyanışında mühüm amil hesab edir, lakin bildirir ki, bu oyanış fanatik ruhda deyil, Avropa mədəniyyətinin və elminin nailiyyətləri işığında cərəyan etməlidir. Onun şəxsiyyətini və fikirlərini müasir tədqiqatçılar üçün də cəlbedici edən başlıca amillərdən biri də müasirliyə, tərəqqiyə söykənən düşüncə tərzidir.

Osmanlı imperiyasının süqutundan və Türkiyədə Respublikanın qurulmasından sonra Ağaoğlu Böyük Millət Məclisinin deputatı seçilmiş, eyni zamanda müstəqil türk mətbuatının tərəqqisində də əlindən gələni əsirgəməmişdir. Təbii ki, özündən sonra orijinal elmi-publisistik irs qoyub gedən Əhməd Ağaoğlunun həyat yolunu və düşüncə dünyasını bir yazı çərçivəsində müfəssəl şəkildə işıqlandırmaq mümkün deyil. Bununla belə, Ağaoğlu şəxsiyyəti və irsi ilə bağlı bir sıra maraqlı və dəyərli epizodları yada salmaq, onların üzərində düşünmək, fikrimcə, hər bir həmvətənimiz üçün maraqlı olardı.

Əhməd bəy 1869-cu ildə Azərbaycanın dilbər guşələrindən olan və mədəniyyətimizə onlarla ziyalı bəxş etmiş Şuşa şəhərində dünyaya göz açmışdır. Onun ata-babası həm Şuşada, həm də bütün Qarabağ mahalında dövrünün ən mütərəqqi fikirli və maarifpərvər insanları kimi tanınırdılar. Belə ki, Əhməd bəyin babası Mirzə İbrahim hər kəsin böyük ehtiramla yanaşdığı ilahiyyatçı olmaqla yanaşı, xəttat, həmçinin azərbaycanca və farsca gözəl şeirlər yazan istedadlı şair idi. Mirzə İbrahimin oğlu, yəni Əhməd bəyin atası Mirzə Həsən də mükəmməl dini təhsil almış, ərəb, fars və rus dillərinin incəliklərini gözəl bilən, dövrünün nadir intellektuallarından olmuşdur. Ağayevlərin evi Şuşada dini mövzularda müxtəlif növ polemikalara girişən ilahiyyatçıların tez-tez yığışdıqları məkan idi. Doğrudur, Vilayət Quliyevin Əhməd Ağaoğlunun seçilmiş əsərlərinin Bakı nəşrinə yazdığı ön sözdə qeyd etdiyi kimi, sonralar Əhməd bəy bu polemikaları mənasız adlandıraraq, onları belə xarakterizə edirdi: “Həlli imkan xaricində olan və mahiyyət etibarilə əslində bir çürük qoza belə dəyməyən incəliklər ətrafında günlərlə, həftələrlə, aylarla, illərlə davam edən münaqişələrə qoşulurdular. Beləcə, mən də uzun illər boyu davam edən bu münaqişə və mübadilələr içərisinə düşdüm”.

Lakin yəqin elə bu mübahisələr kiçik Əhmədin dini nöqteyi-nəzərdən kifayət qədər məlumatlı biri kimi yetişməsində müstəsna rol oynadı. Onun 1892-ci ildə Londonda keçirilən şərqşünasların beynəlxalq konqresində “Şiə məzhəbinin mənbələri” adlı çıxışı bütün Avropaya səs salmışdı və bu uğurun arxasında heç şübhəsiz ki, Ağaoğlunun savadı ilə yanaşı, onun uşaq yaşlarından eşitdiyi dini söhbətlərin də əhəmiyyəti danılmazdır.

Əhməd Ağaoğlu ilk təhsilini Şuşadakı rus gimnaziyasında alır. Daha sonra Tiflisdə liseydə orta təhsilini başa vuran Ağaoğlu sənədlərini Peterburq Texnologiya Universitetinə verir, lakin sonuncu imtahandan lazımi bal toplaya bilmədiyinə görə onun Rusiyada ali təhsil almaq istəyi baş tutmur. Həvəsdən düşməyən gənc cibində 60 manatla Avropaya, dövrün elm və mədəniyyət mərkəzlərindən olan Parisə yollanır. Fransız dilini mükəmməl öyrəndikdən sonra o, Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinə daxil olur. Universitet illərində Əhməd Ağaoğlu Fransa elminin qaymaqlarından – Ernest Renandan, C.Darmstaterdən, Şefer Meynardan dərs alır, dövrün Cülyetta Adam, Oppert kimi ziyalıları ilə tanış olmaq imkanı qazanır. Paris Ağaoğlunu Fransa ziyalıları ilə yanaşı, həm də türk dünyasının bir sıra görkəmli maarifçiləri ilə tanış edir. Belə ki, sonralar bütün Osmanlı imperiyasını bürümüş “Gənc türklər” hərəkatının liderlərindən olan Əhməd Rza bəy, Esat Paşa, həmçinin dövrünün görkəmli filosofu Cəmaləddin Əfqani məhz Parisdə Ağaoğlu ilə yaxın dostluq münasibətləri yaradırlar. 1888-1894-cü illər arasında Parisdə ali təhsil alan Ağaoğlu yaradıcılığa da məhz Fransada başlayır. “La Nouvelle Revue” adlı məcmuədə məqalələrlə çıxış edən Ağaoğlu az keçmir ki, Tiflisdəki “Qafqaz” və Bakıdakı “Kaspi” qəzetləri ilə əməkdaşlıq yaradır.

1894-cü ildə Azərbaycana qayıdan Ağaoğlu Tiflisdə, Bakıda və Şuşada pedaqoji fəaliyyətə başlayır. Paralel olaraq Azərbaycanda nəşr edilən “Şərqi-Rus”, “İrşad” və “Həyat” qəzetləri ilə əməkdaşlığını davam etdirən Ağaoğlu 1905-ci ildən etibarən siyasi fəaliyyətə başlayır. Həmin il o, digər fəallarla birgə Rusiyada yaşayan müsəlmanların haqlarını qorumağı, həmçinin xalqımıza qarşı yönəlmiş erməni terroruna adekvat vasitələrlə cavab verməyi qarşısına məqsəd qoymuş “Difai” partiyasını yaradır. Bir il sonra isə yaxın dostu və əqidə yoldaşı Əli bəy Hüseynzadə ilə birlikdə Tiflisdə “Füyuzat” adlı ictimai-siyasi məcmuənin nəşrinə nail olur. Ağaoğlunun xalqımızın maariflənməsinə və mətbuatımızın inkişafına istiqamətlənmiş yorulmaz fəaliyyətinə 1905-ci ildə Bakıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar da az rol oynamadı. Sözügedən hadisələr zamanı Rusiya mətbuatının azərbaycanlılara, müsəlman əhaliyə qarşı tutduğu qərəzli və riyakar münasibətdən dəhşətə gələn Ağaoğlu bir yandan erməni təəssübkeşliyi çəkən rus jurnalistlərini tənqid edən yazılarla çıxış edir, digər tərəfdən isə azərbaycanlıları oyadacaq milli mətbuatın qaçılmaz olduğu fikrini bir daha özü üçün yəqin edirdi. Əhməd bəy “Kaspi” qəzetinin 18-23 mart 1905-ci il, 48-52 saylarında dərc etdirdiyi “Qafqazı bəlaya salanlar kimlərdir?” adlı yazısında hiddətlə yazırdı: “İndi o qanlı hadisələrdən bir ay keçəndən sonra sakitləşmiş və ayılmış hər bir müsəlman və hər bir erməni o günləri qarışıq bir yuxu kimi xatırlayır, Bakıda baş vermiş hadisələrdən məhz şeytan vəsvəsələri nəticəsində hər iki xalqın eyni dərəcədə əziyyət çəkdiyini düşünürlər. Biz indiyə qədər Tiflis mətbuatının bir qismi, eləcə də teleqraf agentliklərinin yerli müxbirlərinin rəva gördükləri şişirtmələri və bəzən açıq-aşkar vicdansız yazıları hər hansı şəkildə qiymətləndirməkdən çəkinmişik. Məsələn, “Qafqaz” qəzetinin müxbiri cənab Pavlovun ağzı o qədər qızışıb ki, öz yazılarının birində bütün bu hadisələrdə Erməni İnqilabi Komitəsini günahlandırdığı halda, başqa bir yazısında sübut etməyə çalışırdı ki, müsəlmanlar bu qırğına əvvəlcədən hazırlaşırmış və bu məqsədlə onlar hətta ermənilərin evlərinə xüsusi nişanlarla işarələr qoyurlarmış! Peterburq teleqraf agentliyinin yerli agentinə gəldikdə isə, o da özünü çox da nəzakətli aparmamışdır. O, özünün bütün teleqramlarında məsələni elə şəkildə qələmə verirdi ki, guya bu qırğını, bu talanları törədən yalnız müsəlmanlar olmuşdur. Lakin sonradan həmin teleqraf agentliyi əks mənalı və əvvəlkindən heç də az vicdansız xarakter daşımayan teleqramlar yayanda elə həmin cənablar rus mətbuatına müraciətlə xahiş etdilər ki, Bakıdan verilən xəbərlərə bir qədər ehtiyatla yanaşsınlar. Bir daha təkrar edirik, biz yuxarıda şərh edilən baxışları əsas götürərək indiyə qədər Bakı hadisələrinə açıq-aşkar qərəzli münasibətlərin bütün bu cür təzahürlərinə və yalnız müsəlmanların qatil talançılar kimi qələmə verilməsi cəhdlərinə laqeyd qalmışıq. İndi isə vəziyyət tam dəyişir: bütün Rusiya mətbuatında bu cür şişirdilmiş məlumatlar, ən vicdansız şəkildə şərhlər baş alıb gedir. Paytaxt və əyalət mətbuatında dərc olunan bütün yazılarda müsəlmanlar şüurlu və ya şüursuz qatillər, araqızışdıranlar kimi qələmə verilir. Bəlkə də başqa bir vaxtda biz bu halda da öz əsas baxışlarımıza sadiq qalar və Məhəmməd peyğəmbərin bələ bir vəsiyyətini rəhbər tutardıq ki, vaxt gələcək, yalan həqiqətin qarşısında puç olacaqdır, belə böhtanlara və insinuasiyalara əhəmiyyət verməzdik. Lakin indiki məqamda həqiqətin yalan üzərində təntənəsini gözləmək olmaz”.

Müəllif erməni vəhşiliyi və qərəzli rus təbliğatı üz-üzə qalmış xalqımızın yeganə nicatını maariflənməkdə və milli məfkurə ətrafında birləşməkdə görür və haqlı olaraq bu vəhdəti təmin edəcək ən qısa yolu anadilli mətbuatın sistemli inkişafında axtarırdı: “Xeyr, cənab Doluxanov, günahkar nə mollalardır, nə də baş molla - günahkar siz özünüzsünüz. Qafqazın əsl bəlası sizin axtardığınız yerdə deyil, bizim özümüzdədir. Nə qədər ki, qəzet səhifələrini sizin fikirləriniz və hissləriniz “bəzəyəcək”, nə qədər ki, siz cənab ilovayskilərdən oxuduğunuz zəhərləri bizim orqanizmimizə yeritməkdə davam edəcəksiniz, bizə nicat yolu olmayacaq. Bizim nicatımız özümüzün ayılmağımızdadır, qərəzli ideyalar və hisslərdən əl çəkməyimizdədir – vəssalam! Doğrudan da ayılmağın vaxtıdır”.

Milli mətbuatın inkişafı istiqamətində səylərini səfərbər edən Ağaoğlu 1908-ci ildən etibarən Bakıda “Tərəqqi” qəzetinin çapına nail olur. Ümumiyyətlə, 1905-ci il hadisələri haqqında danışarkən Əhməd bəy Ağaoğlunun bu zaman tutduğu prinsipial və cəsarətli mövqeyini qeyd etməmək düzgün olmazdı. O, müsəlman qırğınları ilə bağlı dərc etdiyi yazıların hamısında senzura və repressiyalardan çəkinməyərək, Çar hökumətini baş verənlərin başlıca günahkarı adlandırırdı. Əhməd bəyin fikrincə, erməni terroru və millətçiliyi çarizmin əlində Qafqazı nəzarətdə saxlamaq üçün, sadəcə, bir alətdir və zərurət yarandıqda, bu alət həmişə işə salınır.

1909-cu ildə Türkiyədə baş qaldıran “Gənc türklər” hərəkatına qoşulan Ağaoğlu Türkiyəyə yollanır. Burada fəal siyasi fəaliyyətini davam etdirən maarifçi öz kəskinliyi ilə seçilən türkçü təşkilatların sıralarına qoşulur. Ağaoğlunun bu mənada 1911-ci ildə təsis edilən “Türk yurdu” adlı türkçü məcmuənin nəşrində yaxından iştirak etməsi xüsusi əks-səda doğurur. Həmyerlimiz siyasi fəaliyyətlə yanaşı, Türkiyədə rus dilindən müəllimlik də edirdi. Güman ki, Ağaoğlu Türkiyədə daha uzun müddət qalacaqdı, əgər 1918-ci ildə Azərbaycandakı milli-zadlıq hərəkatı öz kulminasiya nöqtəsinə çatmasa idi. Belə ki, həmin vaxt Azərbaycana geri dönən Ağaoğlu ilk vaxtlar ölkəmizə erməni-rus qətliamının qarşısını almaq üçün göndərilmiş Osmanlı qoşunlarının tərkibində komandan müşaviri qismində fəaliyyət göstərir. Azərbaycan parlamentinə keçirilən seçkilərdə uğur qazanan Ağaoğlu müstəqil parlamentimizin ilk deputatlarından biri kimi tarixə düşür. Deputat kimi fəaliyyətə başlar-başlamaz Ağaoğluya ölkəmiz üçün taleyüklü bir sıra diplomatik tapşırıqların icrası həvalə edilir.

Ağaoğlu İngiltərə-Azərbaycan danışıqlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. 1919-cu ildə Paris sülh konfransına yollanan görkəmli dövlət xadimlərimizin arasında Ağaoğlu da vardı. Lakin həmin nümayəndə heyətinə hər cür əngəllər törədən ingilislər viza verilməsini də min bir bəhanə ilə uzadırlar. Üstəlik, heyətin aparıcı üzvlərindən olan Əhməd Ağaoğlu da həbs edilir. Heç bir səbəb göstərilmədən mühakimə olunan Ağaoğlu Maltaya sürgün edilir. Yalnız Türkiyədəki milli-azadlıq hərəkatının qəti qələbəsindən sonra 1921-ci ildə yenidən Türkiyəyə qayıdan Ağaoğlu Azərbaycanda kommunist rejiminin bərqərar olması səbəbindən öz vətəninə qayıtmaq imkanını həmişəlik itirir. Doğrudur, onun Nəriman Nərimanovla olan yazışmaları göstərir ki, ilk vaxtlar hər vəchlə Bakıya can atır və qalan ömrünü vətəninin tərəqqisinə həsr etmək istədiyini bildirirdi. Hətta Ağaoğlunun məktublarından birində o, Nərimanova müraciətlə artıq yaşlandığını və gücünün tükənmək üzrə olduğunu yazır, buna görə də vətəninə xeyir vermək üçün tələsdiyini xüsusi vurğulayırdı: “Mənim 51 yaşım var. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvəm qalmışdır. Mən istərdim ki, bu illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim, vətənimin torpağında dəfn olunum”.

Lakin son nəticədə o, seçimi Türkiyənin lehinə edərək, qardaş ölkədə qalmağa üstünlük verdi. Maltada sürgündə olan zaman Ağaoğlunun göstərdiyi şücaət və qorxmazlıq da təqdirəlayiqdir. Çünki özünün səbəbsiz yerə həbs edildiyini deyən Ağaoğlu Britaniyanın ədliyyə nazirinə yazdığı məktubda Londonu onun haqlarını pozmaqda günahlandırırdı: “Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək?”

Ömrünün sonuna qədər Türkiyədə fəaliyyət göstərən Ağaoğlu ölkənin siyasi və ictimai həyatında yaxından iştirak edir. Türkiyə parlamentinə üzv seçilən Ağaoğlu öz publisistikasının kəskinliyi ilə ölkənin ən çox oxunan qələm sahiblərindən birinə çevrilmişdi. Ağaoğlu inanırdı ki, Türkiyədə qurulmuş respublika sözün əsl mənasında demokratiyanın və azadlığın məbədinə çevriləcək, üstəlik, bütün müsəlman aləmi üçün mayak rolunu oynaya biləcək. Ancaq Ağaoğlu 1926-cı ildə qələmə aldığı məqalədə göstərirdi ki, “Əslində Türkiyədə heç bir demokratiya yoxdur, ölkədə sözün həqiqi mənasında diktatura rejimi hökm sürür və Atatürk şəxsiyyəti ətrafında görünməmiş surətlə bütləşdirmə başlayıb”. Ağaoğlu ölkənin ideoloji boşluğa, həmçinin istibdada yuvarlandığını yazır və Atatürkdən bunların qarşısını almağa xahiş edirdi. 1930-cu ildə o, əsl vətəndaş mövqeyi ortaya qoyaraq, yenicə təsis edilmiş Sərbəst Respublika Partiyasına qoşulur. Ölkədə demokratiyanın inkişafına xidmət edən bu partiya bir müddətdən sonra müxalif fikrin təbliğində ittiham edilərək, qadağan olunur. Üstəlik, hakimiyyətdəki nüfuzlu məmurlar onun azad düşüncə tərzində öz kürsüləri üçün təhlükə gördüklərindən, bütün mümkün vasitələrlə Ağaoğlunu siyasətdən kənarlaşdırmağa çalışırdılar. 1933-cü ildə Ağaoğlu daha bir psixoloji sarsıntı keçirməli oldu. Onun 30 illik ömür-gün yoldaşı Sitarə xanım dünyasını dəyişdi.

Bir müddət sonra isə Atatürk dünyasını dəyişir. Türk dünyasının böyük oğlunun ölümünü Ağaoğlu şəxsi dərdi kimi qəbul etdiyindən, uzun müddətdən hüzn içində olur. O, Atatürkü despotik quruluş yaratmaqda ittiham etsə də, bir insan kimi özünü ona borclu sayırdı. Çünki Ağaoğlunun Maltadakı sürgündən azad olunmasında Atatürkün müstəsna xidmətləri olmuşdu. Əhməd bəyi Türkiyəyə dəvət edən, ictimai-siyasi fəaliyyət üçün hər cür şərait yaradan Atatürkün vəfatı onun üçün həqiqətən də böyük itki idi. Bu itki özünü az keçmiş Ağaoğlunun həm ictimai, həm də siyasi fəaliyyətində də göstərəcəkdi. İqtidarı ələ keçirən İsmət İnönü əvvəlcə Əhməd bəyi siyasi işlərdən kənarlaşdırır, daha sonra isə universitet müəllimliyindən təqaüdə göndərir. Öz dostlarından birinə yazdığı məktubunda Ağaoğlu baş verən ədalətsizlikdən təəssüflənərək yazırdı: “Təqaüdə göndərildim və bundan sonra fəal həyat qapıları üzümə bağlandı”.

Siyasi fəaliyyətdən uzaqlaşmış, yorğun və səhhətində problemlər olan Ağaoğlu ömrünün son günlərində yalnız publisistika ilə məşğul olmaqla təsəlli tapırdı. 19 may 1939-cu il tarixində isə Əhməd İstanbulda gözlərini əbədi olaraq bu dünyaya yumdu. Bununla da türk dünyası öz tarixinin ən əzmkar və yorulmaq bilməyən maarifçilərindən daha birini itirmiş oldu.

İnönü iqtidarı ciddi bir siyasi rəqibdən yaxa qurtardığına sevinsə də, türk ziyalıları bu hadisəni kədərlə qarşıladılar. Onun ideyalarını Türkiyənin tərəqqisində mühüm vasitə hesab edən demokratlar Ağaoğlunun miras qoyduğu siyasi irsi layiqincə davam etdirərək, 1950-ci ildə keçirilən ümumxalq seçkilərində qələbə qazanmağa müvəffəq oldular. Qalib Demokrat Partiyanın qurucuları arasında Əhməd bəy Ağaoğlunun övladı Səməd Ağaoğlu da vardı. Bu qələbə oğulun ata qarşısında ödədiyi borc mənasını verməklə yanaşı, həm də Ağaoğlu ideallarının təntənəsi idi. Bəs həmin ideallar nədən ibarət idi? Ağaoğlunu həm Azərbaycan, həm də Türkiyə xalqının hafizəsində əbədiləşdirən nə idi?

Bu suallara qısa da olsa, cavab vermək üçün Ağaoğlunun əsərlərinə və məqalələrinə göz gəzdirmək gərəkdir. Bu gün Əhməd Ağaoğlundan söz düşərkən, nədənsə böyük əksəriyyət onu ancaq türkçü və turançı kimi təqdim etməyə üstünlük verir. Halbuki turançılıq Əhməd Ağaoğlu yaradıcılığının yalnız bir mərhələsi, bir istiqaməti olmuşdur. Zaman keçdikcə püxtələşən, cilalanan Ağaoğlu təfəkkürünün ortaya qoyduğu intellektual məhsullarda müəllifin tədricən ümumbəşəri məsələlərin tədqiqinə can atdığı açıq-aydın sezilməkdədir. Bir vaxtlar uğrunda canını belə verməyə hazır olduğu “Gənc türklər” hərəkatı ilə daha yaxından tanış olduqdan sonra qapıldığı eyforiyadan ayılaraq, siyasi proseslərin gerçək üzünü görən Ağaoğlu yaşadığı cəmiyyətin reallıqları ilə ayaqlaşmağın qaçılmazlığını anlayır.

“Tərəqqiçilər, yaxud gənc türklər” adlı məqaləsində Ağaoğlu türk xalqının hələ bu cür hərəkata nə intellektual, nə maddi, nə də siyasi cəhətdən hazır olmadığını bildirərək, milli şüurun kortəbii oyanışının mümkünsüzlüyü fikrini xüsusilə qabardır. Bu məqalə 1903-cü ildə qələmə alınmışdı və 5-6 il sonra Türkiyədə baş verən siyasi hadisələr müəllifin nə qədər haqlı olduğunu əyani şəkildə göstərdi. “Gənc türklər” hərəkatı hökumət tərəfindən asanlıqla yatırıldı, bəzi siyasətçilər isə hərəkatdan özlərini cəmiyyətə tanıtmaq naminə şou qismində bəhrələndilər.

Avropada mütərəqqi təhsil görmüş, elmin və mədəniyyətin inkişaf qanunauyğunluqlarını incəliklərinə qədər əxz etmiş Ağaoğlu ictimai fəaliyyətində ilk olaraq cəhaləti, siyasi passivliyi aradan qaldırmağa can ataraq, xalqın maariflənməsinə imkan verən vasitə və müəssisələrin təşəkkülünə çalışırdı. O, XX əsrin əvvəllərində ölkəmizdə milli mətbuatın inkişafında əvəzsiz xidmətlər göstərən ziyalı olaraq xalqın təkcə mədəni cəhətdən deyil, siyasi baxımdan savadlanmasını da vacib hesab edirdi. Onun təşəbbüsü və yaxından iştirakı ilə çapı mümkün olan “İrşad”, “Füyuzat”, həmçinin “Tərəqqi” nəşrlərinin əsas mövzularına nəzər saldıqda, siyasi maariflənmənin nə qədər aktual bir mövzu kimi təqdim edildiyinə şahid oluruq.

Müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin miqyasını başa düşən Ağaoğlu bütün problemlərin İslam ümmətinin milli, yaxud dini mənsubiyyətindən deyil, məhz müsəlman ölkələrində hökm sürən mütləqiyyət, istibdad və xurafatdan qaynaqlandığı təkidlə vurğulayırdı: “Daim savaşlarda olduqlarından onlar barıt tüstüsü, yaxud dəbilqə torunun arxasından Qərbdə elm və sənətin yüksəliş dövrünü, bütün köhnə dünyanı dəyişdirən, Böyük Fransa inqilabını, hətta türk-tatarların öz istiqbal və istiqlallarını borclu olduqları şeyi - şəxsi igidliyi heçə çıxaran elmi kəşf və ixtiraları da görə bilməmiş, nəzərdən qaçırmışdılar. Daxildə isə müsəlmanlar arasında dinin, əxlaqın, pozulması, dəyərlərin itirilməsi, hətta ən möhkəm cəmiyyətlərin dayaqlarını sarsıtmağa qadir olan bu proses artan bir surətlə gedirdi. Bir-birindən qəribə, bir-birindən daha eybəcər təriqətlər, tarixə və təbiətə zidd cərəyanlar İslamı parçalayıb didir, onu taqətdən salırdı... Dərvişlər və saxtakarlar bazarların və meydanların birinci şəxsinə çevrilir, küt fanatizm ideya və zövqlərə hakim kəsilir, riyakarlıq və ikiüzlülük hamının üz tutduğu ümumi dəyərə çevrilirdi. Bütün təhsil və elm mərkəzləri – məktəblər, mədrəsələr, darülfünunlar, kitabxanalar və elmi cəmiyyətlər dağılır, yoxa çıxır, onların yerində isə müxtəlif qəhvəxanalar, əyləncə yerləri, dərvişxanalar peyda olurdu... İslam artıq karton parçalarından tikilmiş böyük bir binaya bənzəyirdi: bu bina zahirdən parıldayırdısa da, içəridən boş və zibillik idi”.

Müsəlman ölkələrinin acınacaqlı vəziyyətini ayrı-ayrılıqda təhlil edən Ağaoğlu Türkiyə və İranın üzləşdiyi problemlərə xüsusi diqqət ayırır. Onun fikrincə, istər Türkiyənin, istərsə də İranın bulaşdığı tənəzzül girdabı hər şeydən əvvəl mütləqiyyətin, qanunsuzluğun və mənəvi əsarətin fəsadıdır. Osmanlı Türkiyəsində və İranda hökm sürən mütləqiyyət həm zülmün, həm də cəmiyyətin tərəqqisinə başlıca əngəllərdən olan rüşvətin artmasına rəvac verir. “İran inqilabı” adlı əsərində Ağaoğlu İran şahlarının timsalında diktaturanın nəinki sadə xalqı, həm də onu qoruyan iri feodalları, zəngin məmurları necə amansızlıqla taladığını təsirli bir şəkildə təsvir etmişdir: “Padşah zəngin təbəəsindən birisinin evini “şərəfləndirmək” istəyir. Təbəə qiymətli nəyi varsa, göstərməyə borcludur. Şah bunları seyr edərkən “Maşallah, xeyli xub əst”, yəni “Maşallah, çox yaxşıdır” - deyir, təbəə də “Qurbandır!” cavabını verməyə borcludur. Padşah “Bu möhtəşəm binanı və bu qədər gözəl şeyləri dalıma alıb aparmayacağam ki!” – deyir. Dərhal məiyyətindəki birisi söyləyir: “Qurban! Qiymət qoymaq qolaydır!”. Buradaca qiymət qoyulurdu və təbəə məbləği verməyə borclu idi”. Əhməd Ağaoğlunun yazdıqlarından belə aydın olur ki, kifayət qədər pul “tərləməli” olan bu məmur sonra həmin məbləği sadə xalqın kürəyindən çıxarırdı.

O ki, qaldı Ağaoğlunun türkçülük məfkurəsinə bağlılığı məsələsinə, bəli, bu danılmaz bir həqiqətdir. Lakin müasiri olduğu əksər ziyalılardan fərqli olaraq, Əhməd bəy praqmatik, mütərəqqi türkçülüyün tərəfdarı idi və radikal yanaşmaları əsla qəbul etmirdi. Ağaoğlu türklərin həqiqi tarixini, onların bəşəriyyət qarşısındakı xidmətlərini öyrənməyin əhəmiyyətini hansı canfəşanlıqla təbliğ edirdisə, ondan ikiqat artıq səylə digər mədəniyyətlərə hörmətlə yanaşmağın, onlardan öyrənməyin vacib olduğu fikrini aşılayırdı. O, türk millətinin müsbət və tərifəlayiq cəhətlərini sadalamaqla bahəm, onun tarixi səhvlərini, kobud xətalarını da eyni cəsarətlə dilə gətirməyi bacarırdı. “İran və inqilabı” adlı əsərində onun Azərbaycan türklərinin öz dillərinə göstərdikləri laqeyd münasibəti, fars dilinə və ədəbiyyatına düşkünlüklərini sərt şəkildə tənqid etməsi Əhməd bəyin sağlam millətçi təfəkkürünə bariz misaldır: “Burada sırası gəlmişkən bunu da qeyd etmək istəyirəm ki, İrana mədəniyyət tarixində mövqe verən fikri və ədəbi cərəyanların çoxu Türk hakimiyyətləri zamanlarında meydana çıxmışdır. Ondan əvvəlki dövrlərdə İranın vermiş olduğu yeganə əsər “Zend Avesta”sı ilə pəhləvi lisanındakı ikinci dərəcəli, dini mahiyyətli yazılardır. İranın hələ də yaddaşlarda yaşayan böyük şairləri, məsələn, Rudəki, Ünsiri, Üsəndi, Firdovsi və s. hamısı Qəznəvilər zamanında yetişmiş və Mahmudun sarayı ətrafında toplaşmışdılar. İranın məlum olan klassik ədəbiyyatı isə, məsələn, Sədilərin, Hafizlərin, Xocənti Kamalın və s. əsərləri ya doğrudan-doğruya Səlcuqilər zamanına və yaxud onları təqib edən Atabəylər zamanına təsadüf edir. İrandakı fəlsəfi və dini cərəyanlar da eyni dövrlərə aiddir. Şərqin bütün tarixi sübut edir ki, əgər türk sülalələrində milli şüur olsaydı, bütün bu cərəyanlar türkcə olacaqdı və bu surətdə Türk irqi milliləşərək bütün Şərqə hakim olacaqdı. Felən və maddətən hakim olduqları halda, mənəvi hakimiyyətlərini qurmaqla zəiflik etmişlərdir. Hökumət, ordu, ticarət, əkinçilik və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dillərini ümumi dil halına salmaq fürsətini əldən qaçırmışdılar. Əksinə, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlərdir və vəziyyətin sahibi olduqları halda “Türk” dedirtməyə başısoyuq yanaşmışlardır”. Güman edirəm ki, real tarixi əks etdirən bu mülahizələri və onun müəllifini radikal türkçülüyü yaymaqda günahlandırmaq düzgün olmazdı.

Ağaoğlunun fəaliyyəti və fikirləri müasir türk ictimai-siyasi təfəkkürünün təşəkkülündə nəzərəçarpacaq rol oynadığı kimi, onun özündən sonra yadigar qoyduğu övladları da Türkiyənin siyasi və mədəni həyatında öz dəst-xətlərini qoymağı bacardılar. Əhməd Ağaoğlunun böyük oğlu Səməd Ağaoğlu (1909-1982) Türkiyə Demokratik Partiyasının fəallarından biri olmuş və 1950-60-cı illər arasında qardaş ölkədə bir sıra mühüm dövlət vəzifələri tutmuşdur. Atası kimi, o da özündən sonra zəngin elmi-publisistik irs qoyub getmişdir. Səməd bəyin əsərlərindən “Atamdan xatirələr” (1939), “Dostum Menderes” (1967), “Sovet Rusiya imperiyası”(1967), “Demokrat Partiyasının meydana gəlmə və yüksəliş səbəbləri”(1972), “İki partiya arasında siyasi fərqlər” (1947), “Türkiyədə əmək hüququnun tarixi” (1939) adlı kitablar xüsusilə məşhurluq qazanmışdır. Bu gün də Səməd Ağaoğlunu Türkiyədə həm demokratik publisistikanın, həm də siyasi azadlıqların bərqərar olmasında göstərdiyi müstəsna xidmətlərinə görə siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs ehtiramla yad edir.

Səməd bəyin bacısı Sürəyya Ağaoğlu isə Türkiyənin beynəlxalq səviyyədə sayılacaq vəkillərindən biri olub. Ağaoğlu nəslinin digər iki məşhur nümayəndələrindən biri Təktaş Ağaoğlu Türkiyə Kommunist Partiyasının fəallarından olmuş və nə qədər qəribə də olsa, ömrünün sonunadək ata-babasının təbliğ etdiyi məfkurəyə tamam zidd olan bir ideologiyanın daşıyıcısı kimi yadda qalmışdır. Təktaş Ağoğlunun qızı Sitarə Ağaoğlu isə Türkiyədə şöhrət qazanmış rəssamlardan biridir.

Eldar Əmirov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

ADU-nun Rusiyaşünaslıq ETL-in baş elmi işçisi