"Mərmi yanımıza düşdü..Baxmadım...Amma hiss etdim ki, canım yanır. Sol qolumdan qan su yerinə axırdı. Laçın döyüşlərində mənimlə çiyin-çiyinə vuruşan əsgər yoldaşlarım mənə təsəlli verməkdən, mən onlara deyirdim ki, heç nə olmaz dayanmayın, atəş açın”.

Publika.az Tatyana Çaladzenin yas mərasiminə qatılan Qarabağ müharibəsində sol qolunu itirən, gözləri yanan və 11 güllə yarası alan kəşfiyyatçı Natiq Səmədovla kiçik müsahibəsini təqdim edir:

- Müharibə sizdə silinməz xatirələr qoyub, bu barədə danışardız...

- Mən Qarabağ döyüşlərində şəxsən iştirak eləmişəm. O dövrlər olduqca ağır və çətin idi. Hərbiçilər çox gözəl bilir ki, ermənilərin qarşısını almaq üçün canlı sədd qurulurdu. Özüm dəfələrlə ağır yaralar almışam. 1991-ci ildən könüllü şəkildə hərbi xidmətə getmişəm. 1992-ci ildə Laçın döyüşlərində ağır yaralandım. 11 güllə yarası aldım. Həmin vaxt ermənilər əla manevr ediblər. Topla başqa yeri vurub, ancaq əsas qüvvələri başqa istiqamətə hücuma göndəriblər. Açığı müharibə vaxtı ermənilər bu taktikadan çox istifadə edirdi. Həmişəki kimi əsgər yoldaşlarımla kəşfiyyata çıxdıq. Mənimlə bir nəfər də gəldi. Öz yerlərimizi aldıq ki, düşməni məhv edək. Birdən minamiyotlarla bir mərmi atdılar. Mərmi düz yanımıza düşdü . Baxmadım...Amma hiss etdim ki, canım yanır. Sol qolumdan qan su yerinə axdı. Laçın döyüşlərində mənimlə çiyin-çiyinə vuruşan əsgər yoldaşlarım mənə təsəlli verməkdən, mən onlara deyirdim ki, heç nə olmaz dayanmayın, atəş açın. Sonra üzüm, gözülərim yandı. Çox ağır vəziyyətə düşdüm. Amma yenə də mübarizə apardım. Mən sol qolumu itirdim. 2 il yarım tək əl ilə vuruşdum. Laçın, Kəlbəcər, Ağdam, Ağdərə, Füzuli döyüşlərində iştirak etmişəm".

- Dediniz ki, Tatyana Çaladze sizin həyatınızın dönüş nöqtəsidir. Bu barədə danışardız...

- Mənim onunla tanışlığım çox qəribə olub. O, müharibə vaxtı gəlib cəbhə xəttində baş verənləri çəkirdi. Cəbrayıl rayonunun Gecəgözlü kəndində müharibənin düz ortasında çəkiliş aparırdı. Ermənilər isə onu atəşə tutmuşdular. Onun üzərinə atılıb yerə yıxdım ki, güllə ona dəyməsin. Bu zaman hadisələri lentə aldığı fotoaparatı əlindən yerə düşdü. Canının deyil, həmin görüntülərin məhv olmasından narahat idi. Tatyana Çaladze ilə tanışlığım belə başladı və öldüyü günədək davam etdi. Onun həmin vaxt çəkdiyi şəkillər elə-belə şəkillər deyil. Sonra mən yaralandım. Tatyana eşitmişdi ki, cəbhədə tək əlli vuruşan hərbçi olub. Sonra Qarabağ döyüşləri ilə bağlı yazı işləyəndə araşdırıb məni tapmışdı. O, mənimlə danışanda çox kövrəlmişdi və söz verdi ki, mənə kömək edəcək. Öz hesabına mənim üzümü, gözlərimi əməliyyat etdirdi. Azərbaycanda protez qol məsələsi hələ o dərəcə inkişaf etməmişdi. Məni Latviyaya apardı və orada bütün xərcləri qarşıladı. Protez qol hazırlandı və artıq mənim həyatım ikinci dəfə dəyişdi”.

- Tatyana Çalaze ilə son görüşünüzü necə xatırlayırsız?

- Onunla son dəfə Şuşa icmasının yığıncağında görüşmüşdük. Mənə bərk-bərk tapşırdı ki, itmə. Həyatda özünü yox olmağa qoyma. Onun itkisi mənim üçün çox ağırdır. Onun ürəyi Azərbaycanla, azərbaycanlılarla döyünürdü. Allah ona rəhmət eləsin”.

Könül Cəfərli