UNİCEF-in təsis edilməsindən

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) təsis edilməsindən 71 il ötür.

Metbuat.az-ın məlumatına görə, UNİCEF (United Nations International Children’s Emergency Fund) 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulan təşkilatdır.

BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF - United Nations International Children’s Emergency Fund) adlandırılıb. BMT Baş Məclisi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan edib və adını müasir formaya salıb. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edilib.

Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir:

- uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi;

- bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi;

- inkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.

1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələnib. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan edib.

BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümumdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq edib. Bu məqsədlə 1990-cı ildə Ümumdünya görüşü çağırılıb. UNİCEF "Uşaq Hüquqları haqqında" Konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir, cari və perspektiv BMT proqramlarına uyğun olaraq fəaliyyət göstərir.

Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaşı çalışır. Bunların 84% bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir. UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR