Vətəndaş müharibəsinin məhv etdiyi yoxsul ölkə - YƏMƏN GERÇƏKLİKLƏRİ

Yaxın Şərqin ən alovlu ocaqlarından biri də Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı müharibədir. Bölgənin ən böyük iki rəqib ölkəsi olan Səudiyyə Ərəbistanı ilə İran Yəməndə də qarşı-qarşıya gələn dövlətlər olub.

İran, ölkənin böyük bir hissəsini ələ keçirən Husiləri dəstəkləyir. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri isə Husilərin irəliləyişini istəmir. İranın Suriya və İraqdan sonra Yəməndə də varlığını gücləndirməsinə icazə verməyəciyini açıqlayan Səudiyyə Ərəbistanı, bölgədəki müttəfiqləri ilə birgə Yəmənə qarşı əməliyyatlar keçirir.

Bəs niyə hamı Yəməni istəyir, məsələnin kökündə duran əsl səbəb nədir? Əvvəlcə başlayaq Yəmənin özündən.

Ərəb yarımadasının ən kasıb ölkəsi

Ərəb ölkələri haqqında düşündükdə varlı, cah-cəlallı həyat ağlımıza gəlir. Ancaq bu, Yəmənə aid deyil. Ərəb yarımadasının ən kasıb ölkəsi olan Yəməndə insanlar aclıqdan, səfalətdən, tibbi ehtiyacların ödənilməməsindən əziyyət çəkir. Ümumilikdə dünyanın da ən yoxsul ölkələrindən biri olan Yəməndə əhalinin adambaşına düşən gəliri təxminən 9 dollardır. Yarımadanın ikinci ən böyük dövləti olan Yəmənin şimalında Səudiyyə Ərəbistanı, şərqində Oman, cənubunda Ədən körfəzi və Ərəb dənizi, qərbində isə Qırmızı dəniz yerləşir. Ölkənin ən böyük çətinliyi həm də su qıtlığıdır. Ölkədə təhlükəsizliklə bağlı vəziyyət də çox gərgindir. Bir çox ölkə bu ölkədəki səfirliyini bağlayıb. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Ölkədə bir-birilə rəqabətdə olan Husi qiyamçıları, sünni tayfaları, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri, İran və s. arasındakı qarşıdurmalar nəticəsində daha da pis vəziyyətə düşüb.

Yəməndə vətəndaş müharibəsi

Yəməndə 2004-cü ildən vətəndaş müharibəsi alovlanıb. İmam Əbdül Malek əl-Husinin başçılıq etdiyi şiə üsyançıları rəsmi Sənanın siyasətinə qarşı üsyan ediblər. Daha sonra şimaldakı Saad əyalətində döyüşlər başlayıb. İran və “Hizbullah” üsyançıları dəstəkləyib. “Ərəb baharı”ndan sonra ölkədə vəziyyət daha da gərginləşib. 2011-ci il 18 yanvarda ölkədə etirazlar başlayıb. Ümumi şəkildə başlayan etirazlar qısa müddət ərzində genişlənib və şiddətli qarşıdurmalarla əvəz olunub. Həmin il 23 mayda prezident Əli Abdullah Saleh toxunulmazlıq veriləcəyi təqdirdə istefa etməyə hazır olduğunu bəyan edib. 2012-ci il fevral ayının 27-də isə Sənada Yəmənin yeni prezidenti Əbdürrəbi Mansur Hadinin inaqurasiya mərasimi keçirilib. Ancaq vəziyyət yenə də düzəlməyib.


“Ərəb baharı”ndan sonra devrilən prezident Əli Abdullah Salehi “Ansarullah” hərəkatına (Husilər) dəstək verməyə başlayıb. Bundan sonra Husilər paytaxt Sənanı və bir sıra şəhərləri ələ keçiriblər. Husilər ikinci böyük şəhər olan Ədəni mühasirəyə aldıqdan sonra Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya formalaşdırılıb. Koalisiya qüvvələrinin bombardmanı Husilərin irəli getməyinin qarşısını alıb. Ancaq bu, Husilərin geriləməsinə də səbəb olmayıb. Digər tərəfdən, Ərəb yarımadasının “Əl-Qaidə”si və digər radikal qruplar ölkənin şərq bölgələrini ələ keçirməyə başlayıblar. Prezident Əbdürrəbi Mansur Hadi və Baş nazir Halit Bahhahın Husilərin ölkəni silah basqısı ilə ələ keçirməsinə etiraz olaraq istefa verdiklərini açıqlayıblar. Ancaq parlament toplana bilmədiyi üçün istefalar heç vaxt rəsmiləşməyib. 2014-cü ildə Husilər ölkəni tamamilə ələ keçirib.

Hamı Yəməndə boğaz dərdindədir

Yəməndə yerləşən “Bab-ül Məndab” boğazı Yaxın Şərqin can damarı sayılır. Yaxın Şərqin neft transferi baxımında strateji nöqtədə yerləşən Yəməni bu səbəbdən heç kim başqa biri ilə paylaşmaq istəmir. İldə 40 minə yaxın gəminin keçdiyi “Bab-ül Məndab” boğazının illik 2 trilyon dollara yaxın ticarət həcmi var. Afrika ilə Asiya qitələrini bir-birindən ayıran boğaz dünya neft ticarətinin göz bəbəyi sayılır. 32 km uzunluğundakı boğaz, Qırmızı dənizi Hind okeanına bağlayır və boğazdan istifadə edən on minlərlə gəmi Asiyadan Afrikaya keçə bilir.

“Bab-ül Məndab”ın kritik əhəmiyyəti

“Bab-ül Məndab” boğazından istifadə etməyən gəmilər Ümid Burnunu dolaşıb 4 qat daha artıq məsafə getmək məcburiyyətində qalır. Dünya neft ixracatının təxminən 30%-i boğaz yolundan keçməklə yerinə yetirilir. Beynəlxalq su yollarının ən vacibləri arasında olan boğaz, Qırmızı dənizi Süveyş kanalına bağladığı üçün Misir və İsrail üçün də əhəmiyyətli sayılır. İran Husilər vasitəsilə bu boğaza nəzarəti ələ keçirmək istəyir. Bu isə Yaxın Şərq ölkələrinin narahatçılığına səbəb olur.

Bu səbəbdən də ölkədə uzun müddətdir qarşıdurmalar davam edir. Son zamanlar Yəməndən Səudiyyə Ərəbistanına raket atılması, bunun qarşılığında isə Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməni bombardıman etməsi onsuz da çətin vəziyyətdə olan əhalini daha da yoxsul vəziyyətə salıb, çoxlu sayda dinc əhali həlak olur, tibbi yoxlanışların olmaması səbəbindən ölkədə epidemiyalar sürətlə yayılır. Vəziyyətin bundan sonra hansı məcrada davam edəcəyini isə yalnız zaman göstərəcək.

Günay Elşadqızı / METBUAT.AZ

Şimali Koreya ilə dəhşətli MÜHARİBƏ... - 3 milyon insanın ölümü...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı