Bir çox adamın istifadə etdiyi arıqlama çayını 6 aydır istifadə edən braziliyalı Naominin həyatında bir anda gözlənilməz hadisə baş verib.
Metbuat.az xəbər verir ki, hamiləlikdən qorunma həbi atmağına baxmayaraq, hamilə olduğunu öyrənincə şok olan Naomi arıqlama çayının yan təsirlərini araşdıranda bu cür çayların hamiləliyin qarşısını alan dərmanların təsirini yox etdiyini öyrənib.
Özü kimi başqalarının da bu çaydan istifadə etdiyini bildirən qadın, bu qədər əhəmiyyətli bir məlumatın çay paketinin üzərində niyə yazılmadığını araşdırmağa başlayıb.
Maraqlıdır, belə bir şey həqiqətən ola bilərmi? Yoxsa bu hadisə Naominin hansısa yanlışlığı nəticəsində yaşanıb?
Mövzu ilə bağlı ginekoloq Səidə Hüseynovanın fikrini öyrəndik. O dedi ki, çəki azaldılması üçün istifadə edilən çayın tərkibində hansi maddələrin olmasını bilmədiyimiz üçün oral kontraseptivin təsirini zəiflədib-zəiflətmədiyini demək çətindir:
"Amma oral kontraseptivlər müəyyən dərman preparatları ilə eyni vaxta istifadə olunduqda effektivliyi azala bilir. Burda digər faktroları da nəzərə almaq lazımdır. Preparatın qəbulunda yanlışlıqlara yol verilərsə, tabletlərdən biri yaddan çıxıb vaxtında qəbul edilməzsə, hamilə qalmaq ehtimalı artar. Həmçinin, bu gün üçün 100% kontrasepsiya metodu yoxdur, ən yaxşı halda hamilə qalmama ehtimalı 98-99% təşkil edir. Bütün bunları nəzərə alsaq, nəticə etibarı ilə oral kontraseptiv qəbulu fonunda hamilə qalmaq mümkündür".