Xəbər verdiyimiz kimi, “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə itkin düşüb.
Quba rayonu ərazisində yüksək dağlıq şəraitdə itkin düşən alpinistlərdən biri Babur Hüseynovun yazdığı şeir ötən gün feysbukda müzakirə mövzusuna çevirilib.
Metbuat.az sözügedən şeiri təqdim edir:
Qaçış
Ehtiyac əmr edir:”Kölə ol! Əyil!”
Yox,yox bacarmaram bu mümkün deyil!
Azğın cəmiyyətə baş əymərəm mən,
Bu alçaq istəklə,kor ehtirasçün.
Ondansa qacaram sonsuz çöllərə,
Dünyaya sığmayan azadlığımçün!
İçimdə mütilik zəncirlərini,
Didib parçalayır vəhşi bir heyvan!
Bu heyvan adlanır-azadlıq eşqi,
O eşq ki həsrətdir ona çox insan.
Tufanla,küləklə pəncələşərək,
Soyuq göy sularla,buz dalğalarla,
Qaya tək sevişib titrəyəcəyəm.
Şəhərin suni,boz işıqlarını,
Ən uzaq,sehrli,al ulduzlarla,
Ən parlaq səmayla əvəz edəcəm!
Tənha mağaraya çəkilərək mən,
Dalaram seyrinə kəhkəşanların.
Ruhumun soyumuş,boş otaqları,
Dolacaq sehriylə asimanların.
Bir tənha ağac tək bitib zirvədə,
Olaram təsəlli tənha qəlblərə.
Bir tənha ada tək itib dənizdə,
Köçərəm ən dilsiz sükunətlərə.
Ey Tanrının ərşi sayılan qəlbim!
Səni zahidliklə dolduracağam.
Bakirə ruhumun uca məbədi!
Sənin paklığının keşiyində mən,
Sadiq bir əsgər tək daim duracam!
Yağış yağacaq, duman olacaq - Sabahın hava proqnozu – Oxumaq üçün tıklayın!