Şəhərin müxtəlif istiqamətlərində quraşdırılan dayanacaqların içərisində avtobusların gəlmə intervalını göstərən monitorların işləməməsi vətəndaşları narahat edir. Vətəndaşlar bildirir ki, sərnişinlərin işini asanlaşdırmaq üçün, avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini sərnişinlərə bildirmək məqsədilə quraşdırılan monitorların işləməsi, təəssüf ki, çox qısa müddətli oldu. İndi monitorda avtobusun 2 dəqiqə sonra dayanacağa yaxınlşacağı göstərilsə də, sərnişinlər 15-20 dəqiqə avtobus gözlədiklərini bildirirlər.

Odur ki, bu gün, dayanacaqların içərisindəki monitorlar ya səhv məlumatlar göstərir, ya sadəcə musiqi səsləri ilə varlığını sübut edir, ya da ümumiyyətlə işləmir. Sərnişinlər isə işləməyən monitorlardan güzgü kimi istifadə edirlər. Hələ bu azmış kimi, şəhərin bəzi istiqamətlərində dayanacaqlarda quraşdırılan monitorların bəzilərinin ekranı sındırılaraq, yararsız hala salınıb.

Bəs bütün bunların səbəbi nədir? Külli miqdarda vəsait hesabına quraşdırılan cihazlara nəzarət niyə zəifdir? Yaranmış bu vəziyyətdən əziyyət çəkən sərnişinlər, hara müraciət etməlidirlər? Texniki problemlər həll olunana qədər, baxımsızlıqdan yararsız hala salınan monitorlar necə olacaq? Ümumiyyətlə, problemlərin həllindən sonra şəhərdə salamat monitor tapmaq olacaqmı?

Bütün bu suallara cavab tapmaq üçün aydiyyatı qurumlarla əlaqə saxladıq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirdi ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nə məxsus Avtobus İnformasiya Terminalları 2011-ci ildən quraşdırılmağa başlayıb:

“2015-ci ildə Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayanda ümumi nəqliyyat sistemindəki vəziyyətin təhlil edilməsi və problemlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başladı. Ortaya çıxan problemlərdən biri də, məhz bu Avtobus İnformasiya Terminallarının vəziyyəti ilə bağlı idi. Hazırda, bu problemin həlli istiqamətində BNA tərəfindən işlər görülməkdədir. Sərnişinlərimizə layiqli xidmət göstərilməsi üçün beynəlxalq standartlara uyğun yeni proqram təminatı hazırlanır. Bununla pararlel olaraq, avtobuslarda “GPS” qurğularının quraşdırılması işləri də aparılır. Demək olar ki, bu işlər artıq yekunlaşdırılıb. Düşünürük ki, mövcud bəzi texniki problemlərin həllindən sonra bu terminallar sərnişinlərimizə təyinatı üzrə xidmət göstərəcək. BNA qeyd etdiyiniz problemlərin həllinə çalışır. Biz özümüzdə yeri gəldiyində sərnişinik. Ona görə də, sərnişinlərimizin narahatlığını anlayırıq. Hər dəfə bu problemlərin mövcudluğunu ciddi şəkildə qeyd edirik. Lakin mövcud vəziyyətin dəyişməsi, problemlərin həlli üçün müəyyən zaman lazımdır. BNA bu istiqamətdə zəruri işlər görür. Planlaşdırılmış işlər başa çatdıqdan sonra yekun vəziyyət haqqında məlumat veriləcək”.

Gördüyünüz kimi bizə bir az da səbr eləmək qalır.

Könül Cəfərli