Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa" Xeyriyyə Fondunun icraçı direktoru, ərəbşünas alim Seymur Nəsirov 2017-ci ilin sonlarında Azərbaycana səfəri əsnasında saytımıza verdiyi müsahibədə Qurani-Kərimdə "Azərbaycan" sözünün olduğunu və Bakı neftindən söz açıldığını bildirmişdi.

Bu açıqlama oxucular və KİV-lər tərəfindən böyük maraqla qarşılandı və qısa müddət ərzində sosial şəbəkələrdə yayıldı.

Həmin müsahibə ilə bağlı Publika.az-a və S.Nəsirovun özünə ünvanlanan çoxsaylı sualları nəzərə alıb, ondan daha geniş açıqlama almağa qərar verdik.

S.Nəsirovun sözlərinə görə, 20 ildən çoxdur ki, Misir kitabxanaları və ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır:

"Azərbaycan tarixi İslam - ərəb dünyası ilə bağlı olduğu üçün Qahirə və İslam mədəniyyətinin mərkəzi hesab olunan digər şəhərlərin kitabxanalarında, həmçinin əl-Əzhər Universiteti daxil olmaqla, İslam dininin tədrisi üzrə ixtisaslaşmış elm mərkəzlərinin arxivlərində də Azərbaycana aid çoxsaylı mənbələr var.

Araşdırmalarımda Azərbaycanla bağlı əldə etdiyim hər dəyərli məlumat məni çox sevindirir və tədqiqatları davam etdirməyə həvəsləndirir. Bu əməyin nəticəsi olaraq 250 dən çox azərbaycanlı alim və ədibin həyat və yaradıcılığından bəhs edən 2 kitab yazmağa müvəffəq olmuşam. Bunlardan bir neçəsini qeyd etmək istəyirəm.

Qurani-Kərimin “Ğaşiyə” surəsinin 16-cı ayəsini şərh edən tunisli böyük alim İbn Aşur öz mötəbər “əl-Təhrir və əl-Tənvir” əsərində buyurur ki, "zərabiy" əslində "zərbiyə"nin cəmidir. "Zərbiyə" də "əzribiyədir". "Əzribiyə" isə Azərbaycana mənsubdur. Ərəb dilində "azərbaycanlı" sözü üç cür yazılır əzribi, əzəri və əzərbaycani. Ərəb mənbələrində əl-Himyərinin “əl-Raud əl-Mitar fi xəbər əl-Əqtar” əsərində "Xəlifə Əbu-Bəkir əl-suf əl-zribiy" (Azərbaycan yunu) cümləsi var.

Əl-Səmanin “əl-Ənsəb” kitabında göstərilir ki, Xətib Təbrizinin müəllimi ondan hansı dildə danışdığını soruşduğu zaman o bildirib ki, Azərbaycan əhalisinin dili olan “Əzribiyyə” dilində danışır".

Misirli alimdən sensasiyalı araşdırma: "Quran"ın hansı surəsində Bakı neftindən bəhs edilir?

"Qurani-Kərim"də Azərbaycan xalçası və Bakı nefti - Misirli alimdən İNANILMAZ TARİXİ FAKTLAR