Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Müəllif Hüquqları Agentliyi (MHA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Publika.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
MHA İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda jurnalistika sahəsinin yüksək sürətlə inkişaf etdiyini deyib:
"Bu gün texnologiyaların sürətlə inkişafı ilə ayaqlaşan Azərbaycan jurnalistikası müxtəlif mövzularda kifayət qədər geniş informasiya mənbələrinə malikdir. KİV bu gün bütün qanun normaları ilə tənzimlənib.
Avropa bu gün böyük kütləvi etirazlara görə bəzi internet resursları haqqında islahatları yerinə yetirə bilmir. Lakin Azərbaycan internet, informasiya idarəetməsi sahəsində hər il uğurla irəli gedir. Bu sahədə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşmışıq. Bu onu göstərir ki, ölkəmiz düzgün idarəçilik, uğurlu islahatlar və cəmiyyətin dəstəyi sayəsində uğurlu internet resurslarına sahibdir".
K.İmanov müsabiqəyə marağın böyük olduğunu da vurğulayıb.
O bildirib ki, builki müsabiqə əqli mülkiyyət sahəsinin fəaliyyətinin, dayanaqlı inkişafının və şəffaflığının təmin olunması məqsədi daşıyır. Həmçinin müsabiqənin hədəfləri arasında Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması da var. O cümlədən, bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə KİV-lərin cəlb edilməsi nəzərdə tutulur.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bildirdi ki,bu gün Azərbaycanda söz azadlığının ən gözəl nümunəsi kimi əhalinin 80 faizinin internet resurslarından azad şəkildə istifadə etməsini göstərmək olar:
"Respublika prezidenti cənab İlham Əliyevin KİV-ə ayırdığı diqqət və qayğının nəticəsidir ki, hər il KİVDF müxtəlif qurumlarla birlikdə müsabiqələr təşkil edir. Bu müsabiqələrin nəticələri 3 komissiya yoxlayır. Budəfəki müsabiqəyə 22 media qurumundan 35 yazı təqdim olunub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Qiymətləndirmənin nəticələrinə əsasən, bir nəfər birinci yerə, iki nəfər ikinci yerə, üç nəfər üçüncü yerə, on nəfər isə həvəsləndirici mükafata layiq görülüb".
Milli Məclisin komitə sədri Siyavuş Novruzov Azərbaycanda mətbuata həmişə diqqət göstərildiyini, jurnalistlərin mənzil-məişət, qəzetlərin maddi texniki-durumun yaxşılaşdırılması istiqamətində addımlar atıldığını söyləyib. O da jurnalistləri müəllif hüquqlarının müdafiəsi sahəsində fəal olmağa çağırıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə qeyd edib ki, Azərbaycanın inkişafına bir sıra xarici təşkilatlar mane olmağa çalışır:
"Ancaq Azərbaycanda KİV-in hüquqlarının qorunması məsələsindəki xüsusi diqqət bu cəhdlərin qarşısını alır. Ölkədə bütün sahələrdə olduğu kimi KİV sahəsində də müəllif hüquqları yüksək şəkildə qorunur".
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, mükafatlandırılanlar arasında "Teleqraf" Media Qrupuna məxsus teleqraf.com saytının əməkdaşı İlhamə Əbülfət də var.
Könül Cəfərli