“BMT öz nüfuzunu düşünməlidir” - Rövşən Rzayev

Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi - Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın baş katibi Antonio Quterreşin adına məktubu dərc olunub.

Metbuat.az-ın məlumatına görə, məktubda Ermənistan prezidenti Serj Sarkisyanın 2018-ci il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının tribunasından səsləndirdiyi saxta fikirlər əsaslı şəkildə ifşa olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib ki, BMT bu gün çox nüfuzlu təşkilatdır: “BMT Təhlükəsizlik Şurasının qərarları hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır və bu qətnamələrinin icrası da vacibdir. Təbii ki, bütün dövlətlər bu qərarları icra etməyi bacarmalıdılar. Təəssüflər olsun ki, onların verdiyi qətnamələrin həyata keçirilməsinin tələb mexanizmi yoxdur. Ölkələrarası münasibətlərin qurulması beynəlxalq hüquq prinsipləri üzərində olur. Bu prinsiplərə də bütün dövlətlər əməl etməlidilər. Əgər BMT Təhlükəsizlik Şurası qərar çıxarırsa, o qərar dərhal həllini tapmalıdır”.

Millət vəkili deyir ki, təəssüflər olsun ki, Azərbaycana qarşı ikili standartların mövcuddur: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri dərhal həllini tapsa da, Azərbaycana gəldikdə isə bu qətnamələr illər boyu həllini tapmır. Bu isə BMT-nin problemidir və bunun üzərində böyük dövlətlər düşünməlidir. Bir çox problemin qarşısını almaq üçün prinsiplərə hamı riayət etməlidir. Amma bu gün beynəlxalq hüquqsuzluq beynəlxalq hüququ üstələyir. Ona görə də biz bu kimi problemləri yaşayırıq. Məsələn, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam etdirilir. Baxmayaraq ki, BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qətnaməsi var, amma bunlar həllini tapmır. BMT öz nüfuzu haqqında düşünməlidir və dövlətlərarası problemi aradan qaldırmaqdan ötrü çalışmalıdır. Qəbul etdikləri qətnamələrin icrasında maraqlı olmalıdılar. Bütün bunlara görə də Azərbaycanın BMT-dəki nümayəndəsi Baş katibə müraciət edir və tələb edilir ki, BMT qəbul etdikləri qərarların icra olunması üçün hər hansı ciddi addımlar atsın. Böyük dövlətlər də bunu dəstəkləməlidir. Biz dünyada müxtəlif problemlərin baş verdiyini görürük. Məhz bu problemlərin həll olunmamasının səbəbi odur ki, BMT verdiyi qərarlara layiqincə diqqət yetirmir. Bu, çox böyük problemdir və BMT bu problemi həll etməyi bacarmalıdır”.

Qeyd edək ki, məktubda Azərbaycanın daimi nümayəndəsi qeyd edir ki, Ermənistan tarixi hadisələrin yalançı versiyaları və uydurma hüquqi dəlillərdən istifadə edərək, Azərbaycana və onun xalqına qarşı öz təcavüzkar siyasətini və törətdiyi cinayətləri ört-basdır etmək üçün bir daha beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Tarixi aspektlərə gəldikdə isə məktubda xatırladılır ki, ermənilərin Dağlıq Qarabağ regionuna və ümumilikdə Cənubi Qafqaza köçürülməsi XIX əsrdə - o zaman çarizmin mövcud demoqrafik vəziyyətin və ərazi strukturunun dəyişdirilməsinə yönəlmiş müstəmləkəçilik siyasəti çərçivəsində başlayıb. Qeyd olunur ki, 1978-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunda məskunlaşmanın 150-ci ildönümü münasibətilə ermənilər “Marağa-150” abidəsi ucaldıb. Lakin 1988-ci ildə, Ermənistanın Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməsindən dərhal sonra onlar bu abidəni məhv ediblər.

Vurğulanır ki, zorla qəbul etdirilmiş demoqrafik dəyişikliklər regionda kütləvi qətliamlar və azərbaycanlı əhalinin deportasiyası ilə müşayiət olunan uzunmüddətli qeyri-sabitlik, gərginlik və münaqişələr üçün zəmin yaradıb. Məlumat verilir ki, 1905-ci və 1918-ci illərin hərbi əməliyyatları minlərlə insanın həyatına son qoyub, 31 mart tarixi isə 1918-ci ildə ermənilərin qətlə yetirdiyi minlərlə dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məktubda Ermənistan prezidentinin sovet dövründə guya Bakının Dağlıq Qarabağda erməni əhalisinin azaldılması istiqamətində məqsədyönlü siyasəti ilə bağlı söylədiklərinə də diqqət yönəldilir. Qeyd olunur ki, Ermənistanın özündə əhalinin sayının labüd olaraq azalması faktı üzərindən sükutla keçilir. Belə ki, Ermənistan Milli Statistika Xidmətinin 2017-ci ilə dair hesabatına görə, Ermənistan əhalisinin sayı 1993-cü ildəki 3 514 900 nəfərdən 2017-ci ildə 2 986 100 nəfərədək azalıb.

Erməni tərəfinin Sumqayıt hadisələri haqqında növbəti iftirasına cavab olaraq qeyd edilir ki, Azərbaycanın müxtəlif yerlərində etnik zəmində baş vermiş iğtişaşlar Ermənistanın qeyri-qanuni qəsbkarlıq cəhdlərinin və bu cəhdlərin zorakı yollarla həyata keçirilməsinin ört-basdır edilməsi məqsədilə erməni ideoloqları və ekstremist təşkilatları tərəfindən planlaşdırılıb və həyata keçirilib. Xatırladılır ki, Sumqayıtda iğtişaşlar zamanı zorakılıq aktlarının əsas təşkilatçısı və iştirakçısı törətdiyi cinayətlərə görə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməni Eduard Qriqoryan olub.

Məktubda Serj Sarkisyanın əvvəllər verdiyi müsahibədə Xocalı soyqırımı haqqında sözləri də misal gətirilir. Bu sözlər öz-özlüyündə erməni tərəfinin bu şəhərdə və Azərbaycanın digər işğal olunmuş ərazilərində törətdiyi cinayətlərin məsuliyyətini hər hansı şəkildə inkar etməsi ehtimalını istisna edir. Həmçinin 2016-cı ilin aprelində cəbhə xəttində baş verənlər haqqında erməni versiyası tam təkzib olunur: “Əsl həqiqətdə, o zaman baş verənlər ermənilərin Azərbaycana qarşı güc vasitələrindən istifadə edilməsi və onun ərazilərinin işğalı siyasətinin birbaşa nəticəsi və davamıdır”, - deyə məktubda qeyd olunur.

Bundan başqa, erməni tərəfinin insan haqları və öz müqəddəratını təyinetmə mövzularında spekulyasiyaları da qətiyyətlə rədd edilir. Xatırladılır ki, beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistan rəhbərliyinin Azərbaycana və başqa qonşu dövlətlərə qarşı mənfur irqi üstünlük, etnik və dini ziddiyyət və nifrət ideyalarının açıq təbliğatı, Ermənistanda hökm sürən dözümsüzlük və aparılan diskriminasiya siyasəti və praktikası ilə bağlı hiddətini ifadə edib.

Həmçinin vurğulanır ki, Ermənistan xalqların öz müqəddəratını təyin etməsi hüququ prinsiplərini təhrif olunmuş və yanlış şəkildə yozur. Əslində Yerevanın siyasəti BMT-nin Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərdə təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququ ilə heç cür bir araya sığmır. Ermənistanın “öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi” adlandırdığı hərəkətlər BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq qanunsuz güc tətbiqi və digər ciddi cinayətlər törədilməsi kimi qiymətləndirilib.

Sonda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq aparılan hazırkı sülh prosesinin əsas məqsədi erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi və zorla köçürülmüş əhalinin öz torpaqlarına qaytarılması hüququnun təmin olunmasıdır.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Ermənistan torpaqlarına iddia deyil, biz, öz tariximizin bilinməsində iddialıyıq” – Millət vəkillərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı