“Bu, Ermənistan torpaqlarına iddia deyil, biz, öz tariximizin bilinməsində iddialıyıq” – Millət vəkillərindən açıqlama

“Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük”.

Metbuat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır: “Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Millət vəkili, tarixçi alim Musa Qasımlı Metbuat.az-a açıqlamasında bildirib ki, cənab prezidentimiz İlham Əliyevin söylədikləri tarixi gerçəklikləri əks etdirir: “İndiki Ermənistan adlanan ərazi bizim tarixi torpaqlarımızdır. Ermənilər bu ərazinin aborigen əhalisi deyil. Onlar çarizmin köçürmə siyasəti nəticəsində bu ərazidə xalqımıza mənsub olan yerlərə yerləşdirilib,1918-ci ildə bizim torpaqlarımızda dövlət qurublar.Azərbaycan İrəvanı paytaxt olaraq onlara güzəştə gedib. Bununla bağlı yüzlərlə mötəbər mənbə var, əsərlər yazılıb”.

Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, cənab prezident vaxtında və çox düzgün olaraq bu məsələlərə diqqət etdi: “Ermənistan tarixi Azərbaycan torpaqlarında qurulub və bu tarixi həm dünya ictimaiyyəti bilməlidir, həm də gənc nəsil bu məsələdən məlumatlı olmalıdır. Bu heç də Azərbaycanın Ermənistan torpaqlarına torpaq iddiası deyil. Biz, öz tariximizin bilinməsində iddialıyıq və bu xətti həmişə davam etdirəcəyik. Digər tərəfdən isə Azərbaycan xalqının nümayəndələrinin də həmin torpaqda yaşamaq hüququ olmalıdır.

1990-cı ilə qədər 300 minə qədər azərbaycanlı o torpaqlarda yaşayıb və öz dədə-baba torpaqlarının sahibi olublar. Ermənistanın ortaya atdığı Dağlıq Qarabağ konfliktindən sonra zorla onlar o torpaqlardan çıxarıldılar. Cənab prezident nəinki Dağlıq Qarabağ probleminin həll edilməsini, eyni zamanda bizim tarixi torpaqlarımız olan İrəvan, Zəngəgur, Göyçə və s. torpaqlarda azərbaycanlıların yaşamaq hüququnu dilə gətirir və gələcək fəaliyyətimizdə bu amil həmişə öz yerini tutacaq. Biz hesab edirik ki, Azərbaycan torpaqları Ermənistan işğalından azad edildikdən sonra bu istiqamətdə fəaliyyəti daha da güclənməlidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bunun nəticəsində idxal kəskin azaldı və ixracımızı artırmağa başladıq” – Vahid Əhmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI