“Neft-qaz strategiyamız dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edir” – Vahid Əhmədov

““Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir”.

Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısındakı çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik: “Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb.

Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra - 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq”.

Prezident bildirib ki, bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var: “20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb”.

Ölkə başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Biz milli təhlükəsizlikdən danışarkən əlbəttə ki, hazırda enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir, bizdə bu, marşrutların və mənbələrin şaxələndirilməsidir. Hazırda biz Avropa İttifaqı ilə danışıqlar aparırıq və yeni tərəfdaşlıq sazişi də Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq”.

Millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ilk müqavilə 1994-cü ildə bağlanıb – “Əsrin müqaviləsi” və bundan sonra öz neftini Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxarmağa başladı: “Keçən dövr ərzində artıq bir neçə müqavilə imzalanıb - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və s. Hazırda isə TANAP və TAP qaz kəmərinin çəkilməsi ilə əlaqədar işlər gedir, təxminən Türkiyəyə qədər olan kəmər 2018-ci ildə istifadəyə veriləcək, 2020-ci ilə qədər isə oradan Avropaya qaz çıxarılacaq.

Bu vaxta qədər Azərbaycanın ixracı əsasən neft üzərində qurulmuşdu. Oradan gələn gəlirlər də qeyri-neft sektorunun inkişafına, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə istifadə olunurdu. Amma artıq Azərbaycanda qazın ixracına da şərait yaradılıb. Bildiyiniz kimi, Avropada qaza böyük ehtiyac var, çünki qazı əsasən Rusiyadan alırdılar. Rusiya ilə də müəyyən problemlər yaşanır. Ona görə də Azərbaycan qazına diqqət böyükdür. Fikir verdinizsə, orada Amerika nümayəndə heyətinin rəhbəri, o cümlədən Avropa dövlətlərinin hamısı müdafiə edirdilər ki, bu qaz kəməri çəkilsin və Avropaya Azərbaycan qazı çatdırılsın”.

Millət vəkili deyir ki, neft və qaz sahəsində strateji layihələr çox böyükdür: “Əsrin müqaviləsi” böyük müqavilə idi, ondan sonra 30-dan çox müqavilə imzalanıb. Azərbaycanın neft-qaz strategiyası artıq dünya ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Faktiki olaraq Azərbaycan öz nefti və qazı ilə Avropa ölkələrini təmin edir. Cənab prezidentin dediyi kimi Azərbaycan bu ölkələri 40% qazla təmin etməyə malikdir. Yəni bu strategiya çox genişdir.

Bu layihələrin eyni zamanda siyasi əhəmiyyəti də böyükdür. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması üçün belə layihələr çox mühümdür. Çünki Avropa və Amerika kimi iri dövlətlər heç vaxt razı olmazlar ki, Azərbaycanda stabillik pozulsun, problem olsun, müstəqilliyinə xələl gətirən addımlar atılsın və s. Ona görə də bu layihələr çox önəmlidir. Düzdür, bu layihələrin həyata keçirilməsi üçün bizə çox böyük təzyiqlər, təhdidlər olub, istəməyiblər ki, bu layihələr həyata keçirilsin. Amma cənab prezidentin siyasi iradəsi sayəsində bu layihələrin həyata keçirilməsinə nail olub. Ötən gün keçirilən tədbirdə bir daha qeyd edilib ki, Azərbaycan nəinki bölgə üçün, ümumiyyətlə Avropa üçün neft-qaz ixracı ilə əlaqədar önəmli dövlətlərdən birinə çevrilib”.

Vahid Əhmədovun sözlərinə görə, ən ciddi məsələlərindən biri neft və qazın ixracından əldə edilən gəlirin iqtisadiyyatın şaxələndirilməsini həyata keçirmək üçün istifadə olunmasıdır: “Bu da neft sektorundan əlavə qeyri-neft sektorunun da inkişafını da nəzərdə tutur -Sənaye, kənd təsərrüfatı, turizm sektoru, insan kapitalı və s. Bu sahəyə də Azərbaycanda böyük diqqət var. Bildiyiniz kimi, 2016-cı ilin dekabrında cənab prezident Strateji Yol Xəritəsi adlı mühüm bir sənəd imzalayıb. Burada Azərbaycanın 15 il ərzində, 2020-2025-ci illərdən sonra inkişafını nəzərdə tutur. 2017-ci ildə biz artıq bunun bəhrəsini görməyə başladıq. Kənd təsərrüfatı sahəsində çox ciddi irəliləyiş oldu, bizim ixracımız artdı, idxalı üstələdi. Azərbaycan iqtisadiyyatında ticarət balansında müsbət saldo yarandı. Yəni bu sahədən gəlir gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir, bu sahədə çox işlər görülür.

Hesab edirəm ki, cənab prezidentin ötən qeyd etdiyi kimi Azərbaycan bölgədə əsas neft-qaz ixrac edən ölkə kimi həm də Avropa üçün əhəmiyyətli dövlətlərdən birinə çevrilib”.

Günay Elşadqızı / METBUAT.AZ

“Təəssüf ki, bu faciə hələ də Avropa Parlamenti tərəfindən qəbul edilməyib” – Azər Badamov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı