Avropa Parlamentinin üzvləri Xocalı ilə bağlı

Avropa Parlamentində (AP) yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Metbuat.az-ın məlumatına görə, Bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı hadisəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Sənədi şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən Bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün atılan ilk addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR