“Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz” – Rufiz Qonaqov

Bir neçə gün öncə erməni ekspert Avetis Babacanyan iddia ilə çıxış edərək bildirib ki, Rusiya Ermənistanı qorumayacaq.

Metbuat.az xəbər verir ki, A.Babacanyan "1in.am" saytındakı məqaləsində deyib: “Ermənistanın Rusiya ilə imzalanan müttəfiqlik haqqında müqaviləsi var. Lakin Putinin son çıxışından belə çıxır ki, bizi yalnız nüvə hücumu zamanı qoruyacaqlar. Ermənistanın hazırda yalnız bir real düşməni var, o da Azərbaycandır. Azərbaycanın isə nüvə silahı yoxdur. Digər potensial düşmən isə Türkiyədir və o da nüvə gücü sayılmır. Yəni bu ölkələrin hücumu zamanı Rusiyanın hərəkətə keçməsini gözləməyə dəyməz. Ermənistana ABŞ və ya Çinin hücumu isə başqa məsələdir. Belə olan halda Rusiyanın cavabı ani olacaq. Bu da yalnız bir halda baş verəcək. Əgər ABŞ və Çin Ermənistana nüvə zərbəsi endirsə, Moskva cavab verəcək. Bəlkə də hücumdan sonra Rusiyanın bu müttəfiqlik sənədini itirdiyi ortaya çıxacaq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqovun sözlərinə görə, bu, ermənilərin Rusiya-Ermənistan münasibətləri ilə bağlı növbəti yozumudur: “Fakt ondan ibarətdir ki, bu gün həm Azərbaycan, həm də Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür. Düzdür, orada bəzi təhlükəsizlik müqavilələri var ki, Azərbaycanın onunla bağlı şərtləri olub. Ermənistan heç zaman müstəqil dövlət olmayıb və bundan sonra da olmayacaq. Ona görə də istənilən bir ölkəyə, xüsusilə də Rusiyaya sığınan, vassal bir ölkədir. Bu baxımdan, mən, Ermənistan tərəfindən hər hansı bir fikrə və ya bəyənata təəccüblənmirəm. Fakt odur ki, Ermənistan özü heç zaman Azərbaycanla müharibə apara bilməz, ümumiyyətlə müqayisə oluna da bilməz”.

Politoloq deyir ki, bildiyimiz kimi, Rusiyanın hərbi bazaları Ermənistana yerləşdirilib, hətta bizdə olan məlumatlara görə, Dağlıq Qarabağda da var: “Amma dörd günlük müharibədə, yəni aprel döyüşlərində Azərbaycan öz torpaqlarını azad edərkən Rusiyanın hər hansı hərbi müdaxiləsinin şahidi olmadıq. Eyni zamanda biz gördük ki, Ermənistanın başında duran cinayətkar rejimin başçısı Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinə müraciət etdi və döyüşlərin dayandırılmasını xahiş etdi. Bundan sonra Rusiya prezidenti cənab Putin Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdi və bununla bağlı Rusiyada görüş keçirildi. Bundan sonra Azərbaycan erməni təxribatlarına qarşı olan döyüşləri saxladı. Amma Azərbaycanın bəyənatları var ki, əgər Ermənistan status-kvonu bundan sonra da davam etdirəcəksə, ölkəmizin öz torpaqlarını işğaldan azad etmək üçün hərb yolundan başqa bir yolu qalmayacaq. Erməni ekspertin o cür bəyənat verməsi, fikirlər söylənməsi bir daha göstərir ki, ermənilər heç zaman müstəqil olmayıblar, heç zaman özlərinə, ordularına güvənməyiblər. Eyni zamanda da Ermənistan işğalçı dövlətdir, Azərbaycanın torpaqlarını işğal edib. Yəni, onlar hesab edirlərsə ki, Rusiya gələcək, onlara kömək edəcək, ya etməyəcək, deməli bunlar ancaq Rusiyaya ümid edirlər. Onların heç zaman nə müstəqil siyasətləri olub, nə orduları, nə də dövlət kimi dövlət olublar. Məhz bu baxımdan düşünürəm ki, Azərbaycan istənilən halda öz torpaqlarını azad edəcək, bu isə hərb yolu ilə olacaq, ya sülh yolu ilə, bunu zaman göstərəcək. Təbii ki, Azərbaycan istəyir ki, bu, sülh yolu ilə, dinc yolla olsun. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da Avropada keçirilən tədbirlərdə bir daha ölkəmizin mövqeyini bildirdi ki, Azərbaycan nəinki işğaldakı torpaqlarını azad edəcək, bir ay ərzində hətta tarixi torpaqlarımız olan İrəvanı, Zəngəzuru və digər əraziləri də azad edə bilər. Azərbaycanın səbri tükənib və çox gözləmək fikri yoxdur”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənilərin başqalarını Azərbaycana qarşı qoyması bizdə qorxu mühiti yaratmır” – Zahid Oruc


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı