Həbsdə ola-ola quldur dəstəsi yaratmaqda təqsirləndirilən "Kritı Araz" ləqəbli kriminal aləm üzvü Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elxan Əkbərov dindirilib.
O, təqsirləndirilənlərdən heç birini tanımadığını deyib: "Mənə qarşı heç bir cinayət törədilməyib. Heç bilmirəm məni niyə zərərçəkən kimi tanıyıblar?! Kiminsə ürəyindən nəsə keçibsə, bu, cinayət deyil. Mənə heç bir zərər dəyməyib. Şikayət tələbim yoxdur. Bu uşaqları sonradan bilmişəm ki, kişi kimi uşaqlardır".
Hakim bildirib ki, zərərçəkmiş təqsirləndirilənlərdən Elməddin Şahbazovla tanışlığının olduğunu deyib.
Zərərçəkən bildirib ki, Elməddin Şahbazovun atası ilə dost olub.
Bu zaman hakimlə təqsirləndirilən Elməddin Şahbazov arasında mübahisə yaranıb. Hakim onu zaldan çıxararaq, işə onsuz baxmaqla bağlı qərar verib.
Daha sonra zərərçəkmiş Adil Rüstəmov təqsirləndirilən Renad Zahirovu tanıdığını deyib: "Ona yaxşılıq eləmişəm. Gəlmişdi yanıma, iş vermişəm, qalmağa yer vermişəm. Heç vaxt bundan belə şey gözləməzdim. Bir gün durdum ki, qızıllarım yoxdu. Onlar anktikvar qızıllar idi. Nənəmdən qalmışdı. İstintaq 7 min manat hesablayıb, lakin 20 mindən manatdan bahadır".
Zərərçəkmiş dəymiş ziyanın ödənilməsini və şikayətçi olduğunu deyib.
Prosesdə digır zərərçəkən və şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Məhkəmə martın 13-ə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisəndə cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.
Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.
2017-ci aprelin 14-də DTX-ın əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildirib.
İttihama görə, Araz Fərəcovdan başqa, Elməddin Şahbazov da həbsxanada ola-ola bu dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.
Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Krıti Araz" kimi tanınır.
Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.