“Avropa İttifaqının özü də bu layihəyə böyük önəm verir” – Millət vəkillərindən açıqlama

“Azərbaycanın Avropanın enerji ilə təmin edilməsində böyük rolu var. Bu, Azərbaycan-Avropa əlaqələrinin inkişafına töhfə verir”.

Metbuat.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O, Azərbaycanla imzalanacaq sazişlərin əlaqələrin inkişafına imkanlar yaradacağına ümidvar olduğunu bildirib: “Bu il Avropa İttifaqının Azərbaycanda fəaliyyətə başlamasından 10 il ötür. Öz fəaliyyətimizlə xalqlarımız arasında mükəmməl əlaqələr qurmağa çalışırıq. Aİ Şurasının sədri olan Bolqarıstanın müəyyənləşdirdiyi prioritetlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, Bolqarıstan bu altı ayda böyük işlər görəcək”.

Avropa İttifaqının fikirləri ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Azər Badamovun sözlərinə görə, təbii ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu çox böyükdür və böyük də olacaq: “Çünki Azərbaycanın imza atdığı enerji layihələri Avropanın gələcək enerji təhlükəsizliyinin təminatçısı olacaq. Cənub-Qaz dəhlizi, TANAP və TAP layihələri Avropanın enerji ilə təminatında yeganə alternativi olacaq.

TANAP və TAP layihələri başa çatandan sonra isə artıq qazın asılılığı aradan götürüləcək. Yəni, hər hansı siyasi məsələyə görə, qış vaxtı qazın kəsilməyi və ya təminatının azaldılması ilə bağlı problem yarananda, bu istiqamətdə TANAP-dan, TAP-dan qaz gedəcək. Bu, böyük bir layihədir. Avropa İttifaqının özü də bu layihəyə böyük önəm verir. Çünki Avropa İttifaqının özünün hər bir situasiyada təminatında Azərbaycan həlledici rol oynayacaq. Ona görə düşünürəm ki, bundan sonra da Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr, əməkdaşlıq daha da möhkəmlənəcək və inkişaf edəcək”.

Millət vəkili Rüfət Quliyev isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan başqa ölkələrlə müqayisədə ən dayanıqlı, verdiyi sözü yerinə yetirən tərəfdaş kimi heç vaxt beynəlxalq iqtisadi məsələləri siyasi məsələlərlə qarışdırmırıq:

“Biz, hansısa siyasi məsələlərdən istifadə edib təzyiq göstərmək istəmirik. Ən vacib mənə elə gəlir ki, budur. Bir ölkə ki, dediyi vədləri, qol çəkilən sənədlərin hamısını vaxtında yerinə yetirirsə, o ölkəyə təbiidir ki, Avropa ölkələri də, digər ölkələr də rəğbət bəsləyirlər. Burada TANAP-dan, TAP-dan, Cənub-Qaz dəhlizindən də danışmaq olar, amma ən əsası odur ki, bizim üçün beynəlxalq iqtisadi münasibətlərin öz yeri var, siyasətin isə öz yeri”.

Günay Elşadqızı / METBUAT.AZ

“Gürcüstanda hansı siyasi qüvvə iqtidarda olsa, Azərbaycanın əvəzolunmazlığını qəbul etməlidir” – Zahid Oruc


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı