Mətbuat Şurasının 15 illik yubileyidir

Bu gün Mətbuat Şurasının 15 illik yubileyidir.

Metbuat.az xəbər verir ki, Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan olan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır. İdarə Heyətinin iclasları hər ay, Şikayətlər üzrə Komissiyanın iclaslar isə ayda 2 dəfə keçirilir. Digər komissiyalar vaxtaşırı olaraq toplanır.

Xatırladaq ki, 10 martda Mətbuat Şurasının VII qurultayı keçirilib. Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. Bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR