Xəbər verdiyimiz kimi, bir neçə gün öncə ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ATƏT PA sədri ilə görüşüb.
Metbuat.az-ın məlumatına görə, hər iki görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmalı və bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
XİN rəhbəri Elmar Məmmədyarov isə qeyd edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirib ki, son zamanlar ATƏT Parlament Assambleyası tərəfindən münaqişənin həllinə yönəlik bəyanatların şahidiyik: “Münaqişənin həllinə birbaşa məsul olan ATƏT-in Minsk qrupunun bəzən hansısa digər təşkilatlar tərəfindən əvəzlənməsi barəsində də söhbətlər gəzir. Lakin aydın məsələdir ki, münaqişənin həlli heç bir təşkilatdan asılı deyil. Beynəlxalq münasibətlərdə bütün məsələləri realizm nəzəriyyəsinə əsasən dövlətlərin özləri edir. Son illərdin siyasi prosesləri onu təsdir edir ki, idealist yanaşmanın tərəfdarlarının konsepsiyaları artıq iflasa uğrayıbr. Beynəlxalq təşkilatlarla bağlı yeni nəzəriyyəyə ehtiyac var”.
Politoloq bildirib ki, Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çox təhlükəli münaqişədir: “Düzdür, bu gün münaqişəyə diqqət beynəlxalq arenada baş verən digər problemlərlə əlaqəli olaraq minimumdadır. Lakin birazdan növbə Cənubi Qafqaza çatacaq. ABŞ-Rusiya münaqişəsi fonunda Qarabağda ermənilərin provokativ hərəkətlərinin şahidi ola bilərik. Bu ssenari məncə çox realdır.
XİN rəhbərimizin bəyanatı növbəti dəfə beynəlxalq ictimaiyyətə çağırışdır. Azərbaycanın pozulmuş ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Bu gün dünyada ikili standartları, Azərbaycana qarşı haqsızlığa göz yumanlar sabah özləri bizdən daha çox bu münaqişənin fəsadlarından əziyyət çəkəcəklər. SSRI-nin necə dağılmasını yaddan çıxarmayaq”.
Günay Elşadqızı / METBUAT.AZ
“Avropa İttifaqının özü də bu layihəyə böyük önəm verir” – Millət vəkillərindən açıqlama