“Bako Saakyanın ABŞ səfəri göstərdi ki, Ermənistan dilənçi ölkə imicindən çıxa bilmir” – Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfər edib.

Metbuat.az xəbər verir ki, saxta prezident ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir də keçirib. Ermənistanın düşmən olduğu, düşmənin də hansı məkrli planlar qurduğu Azərbaycan cəmiyyəti üçün tam aydındır. Aydın olmayan bir şey var: ABŞ niyə Azərbaycanla bağlı ikili standartlardan çıxış edir?

ABŞ-ın bu addımı normaldırsa, niyə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?

Bako Saakyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakinidir. Özü haqqında saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ-a səfər edib. ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edib. Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi ilə tədbirlər keçirib. Təbii ki, bütün bu qanunsuzluqlar B.Saakyanın kefi belə istəyir deyə, ola bilməzi. Bunu ABŞ da istəyib ki, bütün bunları etməsi üçün terrorçuya icazə verib.

ATƏT Minsk Qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. ABŞ bununla da birmənalı olaraq beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərin şərtlərini pozub.

Bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib. Halbuki ABŞ beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəlikləri vicdanla yerinə yetirməli, öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı idi. Bütün bunlardan sonra ABŞ özünü necə ədalət təmsilçisi kimi təqdim edə bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?!

Hətta Saakyan Konqresdə icarəyə götürülmüş otaqda məhz Konqresdəki erməni kokusunun nümayəndələri ilə görüşüb, ermənipərəst mərkəzlərdə görüşlər keçirib. Ona belə bir şəraitin yaradılması isə ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Daha bir sual: Dağlıq Qarabağın “başçısı” Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib?

Bütün bunlara görə də Azərbaycan ictimaiyyəti haqlı olaraq düşünür ki, bu addım ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsindən xəbər verir və qərəzlidir.

Post-sovet məkanında olan digər separatçı rejimlərə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür.

ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir, davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində bütün səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub.

Digər tərəfdən, Amerikanın erməni milli komitəsi məlumat yayıb ki, ABŞ Nümayəndələr Palatasının 37 üzvü Konqresin erməni məsələləri üzrə komissiya qrupunun həmsədri Frenk Palonun 2019-cu maliyyə ilində Qarabağ və Ermənistan üçün 70 milyon dollar ayrılmasına dair çağırışına qoşulub.

Komitə minadan təmizləmə və əlillərə yardım üçün 6 milyon dollar, sülhə dəstək üçün 4 milyon dollar, Ermənistana isə 30 milyon dollar məbləğində yardım xahiş edib. Ermənistana ayrılacaq yardımın 10 milyonu hərbi yardım kimi, 20 milyon dolları Yaxın Şərqdən gələn qaçqınların qəbul edilməsi üçün nəzərdə tutulub. Komitə, həmçinin Azərbaycana hərbi yardım göstərməməyi xahiş edib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanın işğal edilmiş zonasından Ermənistanın nümayəndəsi Bako Saakyanın ABŞ-a səfəri Ermənistanın Dağlıq Qarabağ siyasətinin ifşa edilməsində böyük rol oynayıb: “Əgər onlar bu nəticələri görsəydilər, hesab edirəm ki, bu səfəri təşkil etməzdilər. Birincisi, Bako Saakyanın Ermənistan pasportu və vizası ilə ABŞ-a səfəri onu göstərir ki, onun Dağlıq Qarabağa hər hansı aidiyyəti yoxdur. İşğal edilmiş zonada hansısa bir postda əyləşdirilən şəxslərin hamısı Ermənistan vətəndaşlarıdır və xaricə Ermənistanın diplomatik pasportu ilə səfər edirlər. Bir daha sübut olundu ki, Ermənistan işğalçıdır və orada əyləşdirilən adamlar onların marağındadır, Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur.

İkinci vacib bir məsələ odur ki, Ermənistan ifşa olundu. Bütün cəhdlərə və oradakı erməni diasporunun fəaliyyətinə baxmayaraq, Bako Saakyanın dövlət səviyyəsində qəbuluna nail ola bilmədilər. Onunla görüşə gələn bir neçə ermənipərəst senator və yaxud ictimai xadim isə Amerika dövlətini və onun rəsmi hakimiyyətini təmsil etmir. Bu, Ermənistana növbəti dəfə çox ciddi bir zərbə oldu.

Üçüncü vacib məsələ isə odur ki, bir qrup ermənipərəst Konqresmenin müraciətinə baxmayaraq, onların müraciətinin qəbul ediləcəyi inandırıcı görünmür. 2016-cı ildə Donald Tramp prezident seçiləndə Ermənistanda təəccübləndilər və açıq elan elədilər ki, onların Trampa çıxışı və prezident ətrafında nümayəndələri yoxdur. Bu müddət ərzində bütün cəhdlərinə baxmayaraq, Donald Tramp beynəlxalq məsələlər və bütövlükdə Amerikanın maraqlarına uyğun gələn problemlərlə məşğul olur. Heç bir halda onu siyasi provokasiyaya çəkmək və Dağlıq Qarabağ məsələsinə dair çoxdan gözlədikləri bəyənatı verməsinə nail ola bilmədilər. Erməni diasporasının bütün cəhdlərinə baxmayaraq, onların Konqresdə elə güclü dayaqları yoxdur. 450 nəfərlik Konqresdə cəmi bir neçə nəfər dəstəkləyən var.

Son nəticədə isə, Bako Saakyanın ABŞ-a səfəri göstərdi ki, Ermənistan hələ də dilənçi ölkə imicindən çıxa bilmir. Vaxtaşırı onların nümayəndələrinin xaricə səfəri zamanı onlar Ermənistana maliyyə yardımı göstərilməsi üçün yalvarışlar edirlər. Müstəqilliklərini əldə etdikləri dövrdə büdcələrini xaricdən gələn yardım və ianələrlə doldurması Ermənistan üçün heç də siyasi reytinq sayıla bilməz. Hesab edirəm ki, Ermənistan nə qədər ki, qonşu dövlətlərə qarşı torpaq iddiasındadır, nə qədər ki, özünün problemlərini digər dövlətlərin hesabına həll etməyə çalışır, o, həmişə xaricdə bu cür siyasi faskolara uğrayacaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycana qarşı məkrli niyyəti reallaşdırmaq cəhdləri daima mövcuddur” – Fəzail İbrahimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI