“Milli Şura və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərginlik yaratmaq, ölkəni döyüş poliqonuna çevirməkdir. Bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır”.
Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisinin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, İran prezidentinin Azərbaycanda rəsmi səfərdə olduğu bir zamanda Milli Şura və bəzi radikal dindarların koordinasiya mərkəzinin yaratması onların xislətini ortaya qoyub: “Son illər Azərbaycanla İran arasında böyük iqtisadi və mədəni münasibətlərin daha da genişlənir. Bizim İranla böyük tarixi əlaqələrimiz var. Bildiyiniz kimi, son 4 ildə prezidentimiz cənab İlham Əliyevlə İran prezidenti arasında 10 görüş olub. Bu görüşlər hər iki prezidentin qeyd etdiyimi kimi, çox səmərəli olub. Böyük nəticələr əldə olunub. Lakin bu cür münasibətlərdən ən çox qıcıqlanan Ermənistandır. Artıq ermənilər, nə olur-olsun, Azərbaycan və İran arasında əlaqələrin genişlənməsini gözləri götürmür. Onlar suyu bulandırmaq üçün “Milli Şura”dan istifadə edirlər. Erməni diasporası və Azərbaycanı sevməyən qüvvələrin əlində oyuncağa çevrilən “Milli Şura” məhz İran prezidentinin Bakıda rəsmi səfərdə olmasından istifadə edərək, bu cür koordinasiya mərkəzi yaradıblar”.
Deputat qeyd edib ki, Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub: “Seçkiləri boykot edərək hakimiyyət uğrunda sivil mübarizə aparmaq istəmədiyini bir daha sübut edən “Milli Şura” adlanan qurumun radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürdüklərindən xəbər verir”.
Millət vəkili bildirib ki, Milli Şura və radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitlik və tərəqqi üçün, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxladığı üçün qisas almaq istəyir:
“Xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşa, vətəndaş itaətsizliyinə səsləyən Milli Şura və Azərbaycanda “cihad” arzusunda olan radikal dindarları birlikdə fəaliyyət göstərməyə təşviq edən başlıca səbəblərdən biri Azərbaycanda hakimiyyət-xalq vəhdətidir. Bu qüvvələrin Azərbaycan üçün nə qədər yad olduğu və ölkəmizə düşmən münasibəti bəslədiyi burada özünü göstərir”.
Aydın Hüseynov Milli Şura və digərlərinin martın 31-də keçirəcəyi mitinqə də toxunub: “Həmin gün azərbaycanlıların soyqırımı günüdür. Xalq həmin günü ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı yad edir. Milli Şuranın məqsədi bu hadisəni xalqın yadından çıxartmaq, fikir yayındırmaqdır. Burda başqa bir əlamət görmürəm”.
Millət vəkili bildirib ki, Əli Kərimli ilə Tale Bağırzadənin birgə fəaliyyətinin təməlini təşkil edən məqsəd və öhdəlik seçkiöncəsi və seçkidən sonra Azərbaycan hakimiyyətinin beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir: “Anti-Azərbaycan, anti-İslam fəaliyyəti ilə tanınan bəzi Qərb institutlarının müəyyən etdiyi istiqamət üzrə hərəkət edən Əli Kərimli martın 31-də keçirəcəyi mitinqdə radikal dindarların iştirakını təmin etmək məqsədilə bir-birinə zidd qütblər arasında manevr etməyə çalışır. Bundan əvvəlki mitinqin biabırçılıqla nəticələnməsi onu bu addımı atmağa sövq edir. Həmçinin bu məqsədlə qarşıya qoyulan vəzifələrdən biri müxtəlif təxribatlar törədərək mümkün qədər çox mitinq iştirakçısının həbs olunmasına nail olmaqdır”.
Aydın Hüseynov deyib ki, heç bir sosial bazaya və xalqın dəstəyinə sahib olmayan Milli Şura və radikal dindarlar formalaşdırdıqları trol dəstələri vasitəsilə sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti haqqında dezinformasiya tirajlayır, dövlət və dövlətçilik üçün zərərli ideyaların yayılması ilə məşğul olurlar: “Hətta bu qüvvələr Azərbaycan uğrunda öz sağlamlığını qurban vermiş Qarabağ veteranlarını belə təhqir etməkdən çəkinmirlər. Əminliklə demək olar ki, Milli Şura vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə doğru sürükləmək, radikal dindarlar isə ölkədə dünyəvi quruluşu ləğv etmək və şəriət qanunlarına əsaslanan rejim yaratmaq niyyəti güdürlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi Azərbaycan xalqı üçün yaxşı heç nə vəd etmir”.