Play Store

“Məqsəd Qərbin öyrətdiyi ermənilərin Rusiya obyektlərinə hücumunun qarşısını almaqdır” - Mübariz Əhmədoğlu

Rusiya ilə Ermənistan birgə hərbi təlim keçirir.

Metbuat.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib. Məlumata görə, Ermənistanda yerləşən Rusiya hərbi bazasının mindən çox hərbçisi Alagöz dağlıq poliqonunda hərbi təlimlərdə iştirak edir: “İkitərəfli taktiki təlimlərdə mindən çox hərbçi iştirak edir və qırıcı, ordu və pilotsuz aviasiya da daxil olmaqla 300-ə yaxın hərbi texnika cəlb olunub”.

Həftə ərzində birləşmə komandiri, polkovnik Vladimir Yelkanovun rəhbərliyi ilə hərbçilər artilleriya, hava hücumundan müdafiə qoşunları və aviasiyanın dəstəyi ilə taktiki təlimlər keçirəcəklər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər və şərti düşmənə atəş zərbələri pilotsuz uçuş aparatları tərəfindən izləniləcək və bütün məlumatlar real vaxt rejimində kameralar vasitəsilə komanda-qərargah mərkəzinə ötürüləcək ki, bu da birləşmələrin təlim döyüşündə hərəkətlərini obyektiv şəkildə qiymətləndirməyə imkan verəcək.

Azərbaycanın ötən ay keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən sonra Rusiya ilə Ermənistanın birgə hərbi təlimləri diqqət çəkir. Ancaq məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, bunun Azərbaycanın keçirdiyi hərbi təlimlərə heç bir aiddiyəti yoxdur: “Rusiya birinci dəfə deyil ki, Ermənistanda hərbi əməliyyat keçirir. Hesab edin ki, Rusiya hərbçiləri Ermənistanda orta hesabla həftədə bir dəfə hərbi təlim keçirir. Nəzərə alsaq ki, Ermənistanda onlara məxsus olan qoşun qruplaşmalarının bəziləri elə Rusiya ilə olan qoşun qruplaşmasının üzvləridir. Rusiyanın 102-ci bazasının keçirdiyi bütün hərbi təlimlər hesab edin ki, elə Ermənistanla birgə olan hərbi təlimlərdi. Məsələn, bu yaxınlarda “Dostluq-2018” adı ilə hərbi təlimlər keçirdilər.

Rusiya-Ermənistan birgə qoşunlarının yeni komandiri general-mayor Tiqran-Pavranyan həmin vəzifəyə təyin olunandan sonra açıqlama verdi. Onun açıqlamasından belə müəyyən oldu ki, Dağlıq Qarabağda gərginlik olacağı təqdirdə Rusiya-Ermənistan birgə qoşunu həmin gərginliyə qarışmayacaq. Bunu ona görə xüsusi qeyd edirəm ki, Tiqran Pavranyandan əvvəl orada bir komandir var idi.ş elan etmişdi ki, Dağlıq Qarabağda müharibə olacağı təqdirdə Rusiya-Ermənistan birgə qoşunlarını bu bölgəyə yeridəcək. Onu bu sözündən sonra vəzifəsindən çıxardılar. Rusiya bu gün Ermənistanı hərbi baxımdan çox rahat idarə edir. Rusiyanın Ermənistanda keçirdiyi hərbi təlimlərin böyük əksəriyyəti Azərbaycana və Türkiyəyə qarşı yönəlməyib. Rusiya hərbçiləri ilk növbədə Ermənistanın daxilindən təhlükə gözləyirlər. Yəni Rusiyanın fikrincə, Ermənistan satqındır, nə zamansa, ermənilər Amerikanın, NATO-nun dəstəyi ilə Rusiyanın Ermənistanda olan hərbi bazasına hücum təşkil edəcəklər.

Rusiyanın keçirdiyi hərbi təlimlərin əsas məqsədi Ermənistanın daxilində olan obyektlərin Amerikanın, NATO-nun təsirində olan ermənilərdən qorumaqdır. Bunun bizim keçirdiyimiz hərbi təlimlərə heç bir aidiyyatı yoxdur. Bizim bundan sonra keçirəcəyimiz hərbi təlimlərlə bağlı da heç bir əlaqəsi yoxdur. Maraqlı bir misal da deyim. Bu yaxınlarda rusiyalı deputat Konstantin Zatulin Ermənistana gedərək onların başını aldatmaqdan ötrü bildirib ki, “ermənilər narahat olmasınlar, Rusiya Azərbaycana köhnə silah satır”. Bildiyiniz kimi, o, ermənipərəst deputatdır.

Sonra başqa bir ermənipərəst Rusiya hərbi eksperti, ehtiyatda olan polkovnik İqor Korotçenko bildirib ki, Rusiya heç kimə, o cümlədən də Azərbaycana xarab, köhnə silah satmayıb, Azərbaycana satılan silahlar əladır. Yəni, Rusiya başa düşür ki, Azərbaycan kimdi, Ermənistan kim. Rusiya Azərbaycanla ciddi münasibətdədir, bilir ki, Azərbaycan öz sözü, siyasəti, müstəqil davranışı olan dövlətdir. Amma bilir ki, Ermənistan müstəqil siyasət apara bilmir, külək kimi gah Amerikaya tərəf keçir, gah Avropa İttifaqına tərəf, gah Rusiyaya tərəf olur, gah da Rusiyadan uzaqlaşıb Qərbə tərəf olur. Yenə də deyirəm, Rusiyanın hərbi təlimlər keçirməkdə məqsədi Ermənistanın daxilindəki Rusiyanın obyektlərini qorumaqdır. Qərbin öyrətdiyi ermənilərin Rusiya obyektlərinə hücumunun qarşısını almağa yönəlib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR