Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə “Caspian European Club” tərəfindən təşkil olunmuş biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, biznes-forumda çıxış edən “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev klubun “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını deyib. T.Əliyevin sözlərinə görə, “Caspian European Club” yaradıldığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5000-dən çox şirkəti və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.
Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov artıq transmilli şirkətə çevrilən SOCAR-ın həyata keçirdiyi qlobal və regional əhəmiyyətli enerji layihələri barədə forum iştirakçılarına ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm roldan danışıb.
Biznes-forum çərçivəsində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatların və şirkətlərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyalarım nümayəndələri iştirak ediblər.